AVRO-2020: İspaniya yarımfinalda
Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda keçirilmiş qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə bitib.
3 qat Avropa çempionu 8-ci dəqiqədə Denis Zakarianın öz qapısına vurduğu qolla hesabı açıb. İlk hissə ispanların minimal hesablı qələbəsi ilə bitib. 68-ci dəqiqədə Cerdan Şakiri bərabərlik qolunu vurub. 77-ci dəqiqədə İsveçrə yığmasından Remo Froyler Jerar Morenoya qarşı kobudluq edib və qırmızı vərəqə alaraq meydandan qovulub.
Əlavə vaxtın hər iki hissəsində qapılara qol vurulmayıb. İspaniya penaltilər seriyasında daha dəqiq oynayıb - 3:1. Yarımfinalda İspaniya millisi Belçika-İtaliya cütünün qalibi ilə qarşılaşacaq.
İsveçrə yığması səkkizdəbir finalda sonuncu dünya çempionu Fransanı mübarizədən kənarlaşdırıb. Həmin görüşdə əsas vaxt 3:3 hesabı ilə başa çatdığından 11 metrlik cərimə zərbələri seriyasında İsveçrə komandası 5:4 hesabı ilə qalib gəlib. İspaniya isə sonuncu dünya çempionatının gümüş mükafatçısı Xorvatiyanı 5:3 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib.
Azvision.az
Teqlər: AVRO-2020