`Kartı neynirəm, pulumu verib düşərəm...` - PROBLEM

`Kartı neynirəm, pulumu verib düşərəm...` - PROBLEM
  13 Mart 2014    Oxunub:1283
Bu ilin yanvar ayından başlayaraq Bakıda 40 marşurut xətti üzrə hərəkət edən avtobuslarda kart sisteminin tətbiqinə başlanıb. Yeni sistem Azərbaycanda ilk olduğundan sürücülər və sərnişinlər tərəfindən hələ də birmənalı qarşılanmır. Paytaxt sakinləri “Pulumu verib düşərəm” prinsipinə üstünlük verərək əksər hallarda bu xidmətdən imtina edir, ümumiyyətlə belə bir sistemin varlığından xəbərsiz olduqlarını deyirlər.

Bütün bunlara baxmayaraq, bəzi avtobuslarda kart sistemi quraşdırılsa da sərnişinlər əvvəlki qaydada pul ödəyərək ictimai nəqliyyatdan istifadə edirlər.

Apardığımız müşahidələr zamanı 88, 14, 25, 50, 38 nömrəli avtobuslarda kart sisteminin işlədiyinin şahidi olduq. Sərnişlərdən bəzilərində kart olsa da, çoxları kart almadıqlarını bildirdilər. Onlar buna səbəb ki, kart satış məntəqlərinin əlverişsiz yerlərdə quraşdırılması iddia edirlər. Bəziləri də hesab edir ki, kartdansa 20 qəpik verib düşmək daha sərfəlidir.

Bu isə bütövlükdə yeni sistemin tam oturuşmamasından xəbər verir.
Söhbətimiz əsnasında kartı olan sərnişinlərə də rast gəldik. Onlar da heç də bu sistemdən məmnun görünmürdülər. Kartları olan sərnişinləri narahat edən məqam kart ödəniş məntəqələrinin dayanacağalarda olmamasıdır.

“Dedilər kart alın aldıq, amma ödəniş etmək üçün yer tapa bilmirik. Məcburuq gedək pos-terminallarda ödəniş edək. Bu da əlavə vaxt itkisidir”-deyə sərnişinlər şikayətləndilər.



Kartdan istifadə edə bilməyən daha çox orta yaşlı və yaşlı sərnişinlər idi.
Müşahidələrimiz zamanı əksər dayanacağlarda kart ödəniş terminallarının olmadığını gördük. Bu üzdən sərnişinlər məcbur qalaraq kartlarına pul yükləmək üçün “Bank of Azerbaijan”-ın post terminallarına üz tutmalı olurlar.



Nəqliyyat Nazirliyi də sərnişinlərin problemindən halidir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun sözlərinə görə, bu sistemə tam keçidin 2015-ci ilin yayınadək, birinci Avropa Oyunlarına qədər başa çatdırılması planlaşdırılır.

N.Həsənov qeyd edib ki, sistem tam oturuşmadığından avtobuslarda ödəniş tamamilə kart sisteminə keçənədək sərnişinlər gediş haqqını paralel olaraq nağd da ödəyə biləcəklər.

“Bu ilin sonunadək paytaxtdakı sərnişin avtobuslarının hər birində validatorların quraşdırılması başa çatacaq. Paytaxtda indiyə qədər 1000-dək avtobusda validator quraşdırılıb və bu proses davam edir.

N.Həsənovun sözlərinə görə, avtobuslarda ödəniş tamamilə kart sisteminə keçənədək sərnişinlər gediş haqqını paralel olaraq nağd da ödəyə biləcəklər. Ümumiyyətlə bu sistemə tam keçidin 2015-ci ilin yayınadək, birinci Avropa Oyunlarına qədər başa çatdırılması planlaşdırılır”.

N.Həsənov həmçinin sürücülərdən də şikayətlənib. Onun sözlərinə görə, təkcə sərnişinlər deyil, sürücülər də bu sistemə biganə yanaşırlar.
Nazirlik rəsmisi bu cür halların yolverilməz olduğunu bildirərək qeyd edib ki, bununla bağlı sahibkarların üzərinə ciddi məsuliyyət düşdüyünü deyib:

“Sürücünü işə nazirlik deyil, sahibkar götürür. Sahibkarlar da, sürücülər də bilməlidirlər ki, kart sisteminə keçid mütləq prosesdir.”

Qeyd edək ki, bu ildən etibarən Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda gediş haqlarının kartla ödənişi sisteminin tətbiqinə başlayıb. Yeni sistem hələlik bu nömrəli martşut avtobuslarında istifadəyə verilib: 1, 5, 6, 9, 10, 11, 13, 14, 15, 17, 18, 20, 24, 25, 26, 32, 37, 38, 40, 46, 49, 50, 51, 52, 53, 59, 61, 65, 67, 69, 79, 81, 82, 83, 85, 86, 88, 90, 95, 96.

Kartın qiyməti 3 manatdır, ondan 2 manatı sığorta depozitidir, 1 manat isə balansa yüklənilir. Rəsmi məlumata görə, artıq 1 milyona yaxın kart sifariş verilib. Kartlar Bakıda fəaliyyət göstərən 80 köşkdə satılır. Bu prepaid-kartlar MasterCard bazasında Bank of Azerbaijan tərəfindən buraxılıb.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti