Dollar möhkəmlənməkdə davam edəcək – Ekspert

   Dollar möhkəmlənməkdə davam edəcək –    Ekspert
  24 İyun 2021    Oxunub:1447
Son günlərdə ABŞ dolları bütün dünyada möhkəmlənməyə başlayıb. Bunun səbəbləri nədir, proses nə qədər davam edəcək və bizə hansı təsirləri göstərə bilər?
İqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadənin sözlərinə görə, əsas səbəb Federal Ehtiyatlar Sisteminin (FES) rəhbərliyinin, o cümlədən, sədri Cerom Pauellin verdiyi bəyanatlardır:
- Ştatlarda işsizlik göstəricisi azalmağa balşayıb, inflyasiya zəifləyir, Pauellin sözlərilə desək, “iqtisadiyyat dayanıqlı artıma başlayıb”. FES-in böhran zamanı qəbul etdiyi kredit proqramları iqtisadiyyata 2 trilyon dolların yönəldilməsini təmin etmişdi, indi həmin pullar nəticəsini göstərir. Daha vacibi odur ki, FES iqtisdiyyatın bərpasına dəstək proqramını davam etdirəcək və hər ay 120 milyard dollar həcmində aktivləri alacaq.

Ekspertin sözlərinə görə, bu bəyanatlardan sonra dolların qarısını daha heç kim kəsə bilməzdi. O, praktik olaraq, bütün əsas valyutalara, o cümlədən, kriptovalyutalara və qızıla nisbətdə bahalaşmağa başlayıb. Bitkoinin yenidən aşağıya yuvarlanmasının səbəbri də budur. Dolların 6 valyutaya (Avro, İsveçrə frankı, yena, Kanada dolları, funt sterlinq, İsveç kronu) nisbətdə hesablanan ICE indeksi dərhal 0,1%, daha geniş əhatəyə malik WSJ Dollar Index isə 0,2% qalxıb. Onun möhkəmlənməsi nefti ucuzlaşdırdığından (axı neftin qiyməti dollarla hesablanır), rubl ikiqat təzyiq altına düşüb.

- Dolların bu artımı, güman ki, uzunmüddətli olacaq: FES rəhbərliyi açıq şəkildə bildirdi ki, pul-kredit siyasətini 2023-cü ildən tez sərtləşdirməyi düşünmürlər. Həmin müddət ərzində isə faiz dərəcələri biri gələn il olmaqla, hələ üç dəfə qaldırılacaq. FES rəhbərliyi adətən nadir hallarda bu cür dəqiq bəyanatlar səsləndirir. Demək, ən azı iki il davam edəcək artım trendi gözləyə bilərik. Ona görə də, dollar almaq fikrində olanlar varsa, bəli, deyə bilərəm ki, əsl vaxtdır. İki il ərzində dollar dünyada böyük ehtimalla, möhkəmlənməkdə davam edəcək. Dollara inamın artması isə güman ki, qızılı da ucuzlaşdıracaq,- deyə Əlibala Məhərrəmzadə vurğulayıb.

Azərbaycana gəlincə, onun sözlərinə görə, manat sərbəst dönərli valyuta olmadığından, biz dolayı təsirləri hiss edəcəyik. Amma məsələ ondadır ki, son aylarda manat da möhkəmlənməyə meyillidir. Bu fonda ölkəyə xaricdən idxal süətlə genişlənir. İdxal etdiyimiz əsas ölkələr isə Türkiyə və Rusiyadır. Onların hər ikisinin milli valyutası dolların qarşısında zəifləyir. Bu zaman nə alınır?

- Tutaq ki, A ölkəsinin valyutası dollarla müqayisədə zəif, B ölkəsinin valyutası isə güclüdür. Bu zaman əgər A ölkəsindən B ölkəsinə idxal genişlənəcəksə, onda B ölkəsində istehlak bazarında qiymətlər qalxacaq. Məhz bu səbəbdən bəzən ölkələr ixracı stimullaşırmaq üçün öz milli valyutalarını qəsdən zəfilətməklə, süni inflyasiya yaradırlar. Təəssüf ki, hazırda Azərbaycanın istehlak bazarında bu effektin təsirini müşahidə edirik. Manat yerində möhkəm durub, ölkəmizə idxallarını artıran Rusiya və Türkiyənin (bura Gürcüstanı da əlavə eləmək olar) valyutaları isə dolların qarşısında zəifləyir. Bu halda biz ölkəmizdə idxal olunan malların qiymətinin artımını və infliyasiyanın yüksəlməsini müşahidə edirik. Dolların dünyada möhkəmlənməsi bizə öz təsirni bu yolla göstərir - deyə ekspert bildirib.


Teqlər: Dollar  





Xəbər lenti