Ermənistanda seçki təqibləri başladı: Vanetsyanın qərargahına basqın olub

      Ermənistanda seçki təqibləri başladı:   Vanetsyanın qərargahına basqın olub
  19 İyun 2021    Oxunub:1172
Ermənistanda növbədənkənar parlament seçkilərinə bir gün qalmış siyasi qalmaqal yaşanıb.
Azvision.az xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru, "Şərəfim var" seçki blokunun lideri Artur Vanetsyanın yaydığı məlumata görə, hüquq-mühafizə orqanları onun komandasını təqib etməyə başlayıb.

"Səhər tezdən təhlükəsizlik qüvvələri, "Şərəfim var" blokunun qərargahını və tərəfdarlarını sözün həqiqi mənasında terrora məruz qoydular. Onlarla insan əsassız olaraq MTX-yə, Kəşfiyyat Xidmətinə, polisə məlumatlar verməyə məcbur edilir və heç bir səbəb olmadan həbs olunurlar. Ofislərimizdə, tərəfdarlarımızın mənzillərində qanunsuz olaraq axtarışlar aparıldı. Heç bir şey tapmadılar və blok tərəfdarlarını bu gün və ya sabah təcrid etmək əmrlərinin olduğunu etiraf etdilər",-deyə Vanetsyan bildirib.

Qeyd edək ki, sabah Ermənistanda erkən parlament seçkiləridir. Seçkilərdə rekord sayda - 25 siyasi qüvvə (4 blok və 21 partiya) iştirak edir. 2008 seçki məntəqəsindən 479-u İrəvan, 1529-u isə bölgələrdə yerləşir. 2 583 milyon vətəndaşın seçkilərdə iştirak etmək hüququ var, onlardan 855 mindən çoxu paytaxtdadır. 363 nəfər elektron səs verə bilər - onlar diplomatik nümayəndəliklərin işçiləri və onların ailə üzvləridir.

Tural Tağıyev

Azvision.az



Teqlər: Seçki   Ermənistan   Təqib  





Xəbər lenti