Ermənistan seçim qarşısında- "Faşist bloku" kapitulyatora qarşı

   Ermənistan seçim qarşısında- "Faşist bloku" kapitulyatora qarşı
  19 İyun 2021    Oxunub:1075
Dünən Ermənistanda növbədənkənar parlament seçkiləri ilə bağlı təşviqat kampaniyası sona çatdı. Bu gün artıq ölkədə "sükut günü"dür. İrəvanda seçki öncəsi siyasi mənzərə heç də ürək açan olmadı.
Siyasi şərhçilər qaynar qazanı xatırladan Ermənistanda sabahkı seçki proseslərində və seçkidən sonrakı günlərdə də gərginliyin qalacağını proqnozlaşdırırlar. Buna səbəb isə, seçki marafonuna qoşulan namizədlərin arasında radikal yönümlü siyasi qüvvələrin çoxluğudur. Qeyd edək ki, iyunun 20-də keçiriləcək erkən parlament seçkilərində iştirak etmək üçün rekord sayda - 23 partiya və 4 blok qeydiyyatdan keçib. Budəfəki seçkilərin fərqliliyi və "unikallığı" həm də ondadır ki, Ermənistanın bütün keçmiş prezidentləri və hazırkı baş nazir əvəzi seçkidə iştirak edir.

Ermənistandakı seçkiləri Azvision.az –a şərh edən siyasi şərhçi Tofiq Abbasov deyib ki, əslində namizədlərə nəzər saldıqda iki mühüm məqama daha çox diqqət yetirmək lazım gəlir. Bunlar loyal çıxışları ilə fərqlənən məğlub baş nazir kimi tarixə düşmüş Nikol Paşinyan və kriminal rejim yaratmış hərbi cinayətkar Robert Koçaryan amilləridir:

“Hər iki namizəd diqqəti özünə cəlb etməyi bacardı. Əlbəttə marafona Sarkisyan və Levon Ter-Petrosyan da qoşulmağı bacardı və kifayət qədər diqqət çəkə bildilər. Amma hazırda əsas rəqabət bu iki siyasi güc arasında gedir. Zənnimcə, Ermənistandakı növbədənkənar parlament seçkilərində yekdil qalib olmayacaq. Koalisiya hökumətinin yaranmasına ehtiyac duyulacaq. Bu baxımdan, hazırda erməni xalqı üçün real görünən belə bir gələcək sistemdə ən arzuolunmaz namizəd Robert Koçaryanın “Ermənistan” adlı blokudur. Çünki Koçaryan özünün şəxsi keyfiyyətlərinə və konseptual yanaşmasına görə, çox təhlükəli siyasətçidir. Yəni bu adam Azərbaycan üçün deyil, sırf Ermənistanın gələcəyi üçün ciddi təhlükələr vəd edir”.



Politoloq xatırladıb ki, indi siyasi fəallıq göstərən keçmiş prezident vaxtilə hakimiyyətə gəlməkdən ötrü müxtəlif güc vasitələrindən istifadə etmişdi. Diktatura rejimi yaradıb, hərbi xuntanın imkanlarından yararlanaraq özünün mütləq hakimiyyətliliyini təmin etmişdi:

“Əgər Ter-Petrosyanı devirdikdə bu saray çevrilişi olaraq qansız baş tutmuşdusa, əsl qanlar sonradan tökülməyə başladı. İndi Paşinyanın əsas rəqibi olan bu şəxsin özünün müəllifliyi nəticəsində ölkədə olmazın faciələri yaşandı. Parlamentdəki güllə-baran, aksiyadakı insanların qırğını, opponentlərin sıradan çıxarılması, zindana atılmalar və s. hadisələr bir şeyi sübut etdi ki, Koçaryan zorakılığı normala çevirdi. İlk növbədə erməni xalqı 20 iyun seçkilərinə gedərkən lazımi qənaətlərə gəlməlidir ki, belə bir tirana növbəti dəfə veriləcək şans ölkəni hansı dövrə qaytaracaq. Çünki biz təşviqat ərzində yenə də Koçaryanın ağzından qan iyi gəldiyini gördük. İrəvandakı seçki kampaniyalarında verilən vədlərdən biri kimi Şuşa, Hadrut və digər azad olunmuş torpaqlarımızın yenidən zəbt edilməsindən söz açılırdı. Koçaryan bir yandan deyir ki, ermənilər dizi üstə qala, yaşaya bilməzlər, xalq alçaldılıb və onu ayağa qaldıracağam, digər tərəfdən isə, bəyan edir ki, guya hansısa torpaqlarımızı yenidən işğal edə biləcək. Bəs necə olur ki, sən yeni müharibə anonsunu verə-verə öz xalqına çiçəklənmə vəd edirsən? Yəni bu qeyri-real görünən məsələlərdir. Düzdür, Rusiyada və digər ölkələrdə Koçaryanın tərfdaşları çoxdur. Ancaq nəinki bəyanatları, seçkiyə getdiyi blokun özü də onun əleyhinə işləyir. Koçaryan kimlərlə əməkdaşlığa getdi? O qaniçən daşnaklar və Dirçələn Ermənistan partiyası ilə saziş bağladı. Hamısı da qatı millətçilər və radikallardır. Faktiki olaraq faşist bloku yaradıldı və düşünürəm ki, erməni xalqı ilk növbədə gələcəyini düşünərək bu siyasi qüvvəyə rədd cavabı verməlidir”.

Tofiq Abbasovun sözlərinə görə, hazırda rəy sorğularında Paşinyan ciddi namizəd kimi göstərilən Koçaryan və komandası hakimiyyətə yiyələnsə, yenə də əziyyət çəkən sadə vətəndaşlar olacaq, məhz xalq radikalların “şıltaqlılarını” öz cibindən maliyyələşdirəcək:

“Özü vaxtilə varlanmağı bacardı və Qarabağ klanı üçün geniş imkanlar yaratdı. Pullarını ailəsinin, dostlarının, prezident Armen Sarkisyanın vasitəsilə Kanadaya çıxara bildi. İndi isə, yenidən “köhnə hamam, köhnə tas” misalı, hər şeyi əvvəlki duruma qaytarmağa çalışırlar. Yeni anonslar, hakimiyyət iddiaları çox təhlükəli oyunlardır. Bu baxımdan, belə qənaətə gəlmək olar ki, hazırda Ermənistan üçün yararlı ola biləcək siyasətçi Nikol Paşinyan sayılır. Düzdür, onun vəziyyəti bir qədər yaxşı deyil. Nüfuzu aşağı düşüb. Hər halda müharibənin bütün çatışmazlıqları, itkiləri, faciələri bu siyasətçinin ayağına yazılsa da, əslində Sarkisyanla Koçaryan indiki məğlub durumun cavabdehləri sayılırlar. Əgər həqiqətən də iki gün sonra saxtakarlıqlar olmasa, Nikol Paşinyan seçkini qazanmalıdır. O böyük göstəricilərlə də olmasa, rəqiblərini üstələyə biləcək. Paşinyan gərək parlamentdə 5 faizlik həddi keçən seçki iştirakçıları ilə bərabər koalisiya hökuməti yaratsın. İstisna etmirəm ki, Ter-Petrosyanla da əməkdaşlıq şansları ola. Birinci prezident Paşinyanı sərt şəkildə tənqid etsə də, loyallığı ilə özünü ona yaxın sayır və tənqidinin də əsası var idi. Petrosyanın gözəl bir sitatı artıq erməni cəmiyyətində müzakirə mövzusuna çevrilib. Bu sitat erməni xalqı üçün gərək göstərici olsun. “Dünyada Qarabağ məsələsində Azərbaycanla münaqişəli vəziyyətdə bizim müttəfiqimiz yoxdur”. Əgər xalq bu məntiqi anlayıb, bunu rəhbər tutub hərəkətə başlasa, görəcək ki, həqiqətən də yeni dövr yaranıb, gərək Azərbaycan və Türkiyə ilə barışıq siyasətinə çoxdan gedərdilər. Nifrət siyasəti onları yalnız geri atıb. Bir sözlə, qarşıdurma vəd edən namizədlər ancaq və ancaq Ermənistanı daha böyük təhlükələrlə üz-üzə qoyur”.

Tural Tağıyev

Azvision.az



Teqlər: Seçki   Paşinyan   Koçaryan  





Xəbər lenti