"Petrosyan Qarabağdan əlimizi çəkməliyik deyir"- Karapetyan

   "Petrosyan Qarabağdan əlimizi çəkməliyik deyir"-   Karapetyan
  17 İyun 2021    Oxunub:1028
Ermənistanın ilk prezidenti, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyanın yerli mediaya verdiyi son müsahibəsi cəmiyyətdə narazılıq yaradıb.
Azvision.az xəbər verir ki, onun Dağlıq Qarabağın beynəlxalq aləmdə Azərbaycan ərazisi kimi tanınması ilə bağlı açıq fikirlər səsləndirməsi birmənalı qarşılanmayıb. İctimai-siyasi xadimlər belə fikirləri seçkiöncəsi Nikol Paşinyana dəstək kimi qiymətləndirirlər. Erməni siyasi şərhçi, "İnsight" Analitik Mərkəzin direktoru Anna Karapetyan məsələni şərh edərək deyib ki, eks-prezident son müsahibəsində cəmiyyətə iki aydın mesaj çatdırıb və o bununla da Nikola dəstəyini ifadə edib.

"Levonun bir mesajı belə idi ki, Qarabağı Azərbaycana təhvil verməliyik, başqa çıxış yolu yoxdur. Nikolu daşlamaq lazım deyil. Digər mesaj isə, ağıllı şəkildə istifadə olunan inzibati mənbələrin səsverməni idarə edə biləcəkləridir".



Qeyd edək ki, eks-prezident açıqlamasında “Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir və bu məsələdə müttəfiqlərimiz yoxdur”deyib. O, Ermənistanın həlledici səsə sahib olmadığını və ikinci prezident Robert Koçaryanın Şuşa və Hadrutun geri qaytarılmasının mümkünlüyü ilə bağlı açıqlamasını təhlükəli hesab etdiyini də söyləyib.

“Bu, problemlərə gətirib çıxara bilər. Robert Koçaryan yeni müharibə vəd edir. Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir. Azərbaycan ərazilərini bərpa etdi və heç kim onu qınamadı. Dünyanın qanunu belədir", - Ter-Petrosyan əlavə edib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Paşinyan   Seçki   Qarabağ  





Xəbər lenti