“Bizə torpaq yedizdirir, uşaqların yanında döyürdülər” - Əsirlikdə olmuş şəxs

 “Bizə torpaq yedizdirir, uşaqların yanında döyürdülər” -   Əsirlikdə olmuş şəxs
  16 İyun 2021    Oxunub:3630
"Bizə Şuşa həbsxanasında otu təmizlətdirir, sonra deyirdilər ki, siz ota əziyyət verdiniz, onun yerini dilnizlə yalayın".

Azvision.az xəbər verir ki, bunu Yasamal rayon Məhkəməsində azərbaycanlı əsirlərə işgəncə verən erməni cinayətkarlar Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyanın işi üzrə keçirilən məhkəmə prosesində zərərçəkmiş Həbib Kazımov deyib.
O bildirib ki, 1992-ci ildə hərbi xidmətə çağırılıb və Qubadlı rayonunda Milli Qəhrəman Əlyar Əliyevin batalyonunda xidmətə başlayıb:

"1993-cü ildə Kəlbəcərdə kəllə-beyin travması alıb əsir düşmüşəm. Məni Şuşa həbsxanasına aparıblar. Orada bildilər ki, Sumqayıtdanam, "Sumqayıt hadisələrinə" görə mənə xüsusi işgəncə verirdilər. Məni o qədər döydülər ki, halım dəyişdi. Məni Xankəndi xəstəxanasına aparıb yenidən qaytardılar Şuşa həbsxanasına. Mkrtçyan və Xosrovyan məni dəmirlə, armaturla döyürdülər. 1994-cü ildə Sərdar adlı azərbaycanlı əsiri döyə-döyə öldürdülər. Bizə odun doğratdırırıdılar. Məni Sumqayıt uşağı deyə çağırıb odunla döyürdülər. Məni orda öldürmək istəyirdilər".

Prokurorun suallarını cavablandıran zərərçəkmiş deyib ki, 1 il 9 ay əsirlikdə qalıb. Bir il 2 ay işgəncələrə məruz qalıb: "Ancaq Şuşa həbsxanasında işgəncə veriblər mənə. Mkrtçyan və Xosrovyan terrorçu olduqları üçün onlar hörmətli döyüşçü adlanırdılar. Lüdvik Sumqayıtlı olduğum üçün mənə dəhşətli işgəncə verirdi. Məni ac-susuz saxlayırdılar. Şuşa şəhərində, Şuşa şəhər İcra Hakimiyyətinin qarşısında hansısa erməni hərbçisinin abidəsinin açılışı idi. Abidənin açılışında bizi döyməyə başladılar. Uşaq bağçasından azyaşlı uşaqları, məktəblərdən yeniyetmə uşaqları gətiridilər, bizi onların gözü qarşısında döyürdülər, 13-14 yaşlı oğlan uşaqlarını gətirirdilər deyirdilər ki, bunlara işgəncə verin. Həmin uşaqlar bizi döyürdü, vururdu. O vaxt aldığım işgəncələrdən topuğumda ağrılar var, bədənimə, ayaqlarıma vururdular, böyrəyimə vururdular. Şuşada Lüdvik bizi gətirirdi, torpaq yedirirdi, deyirdi ki, Şuşa bizim torpağımızdır, yeyin torpağı. Lüdvik deyirdi ki, bura bizim yerimizdi, biz bura istədiyimiz vaxt gəlib gedirik".

Azvision.az


Teqlər: Erməni   Məhkəmə  





Xəbər lenti