Şuşa Bəyannaməsi: İqtisadi sahədə böyük imkanlar açılır

 Şuşa Bəyannaməsi: İqtisadi sahədə böyük imkanlar açılır
  16 İyun 2021    Oxunub:1562
Azərbaycan və Türkiyə Prezidentləri hər iki ölkə üçün tarixi əhəmiyyət daşıyacaq Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzladılar. Sənəd iki ölkə arasında strateji əməkdaşlığı dərinləşdirməklə yanaşı iqtisadi münasibətlərin də genişlənməsinə imkan yaradacaq.
Bunu Azvision.az -a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

İqtisadçı deputat bildirib ki, Bəyannamənin ən spesifik cəhətlərindən biri milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılmasıdır.

"Bu ölkələrin iqtisadi və ticarət diversifikasiyası ilə bağlı bir-birilərinə qarşılıqlı dəstək olacağı anlamına gəlir. Ticari şaxələnmənin hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıdığını nəzərə alsaq, bu sahədə əməkdaşlıq iqtisadi inkişafın dayanıqlığı baxımından da vacib hesab olunur.

Digər mühüm məqam malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsidir. Bu il martın 1-dən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minıb. Saziş 15 mal qrupunu əhatə edir. Bu saziş nəticəsində iki qardaş ölkə arasında ticarət dövriyyəsinin artacağı gözlənilir. Bu, o deməkdir ki, artıq bu sahədə real addımlar atılmaqdadır. Qardaş ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər. Şuşa Bəyannaməsində nəzərdə tutulan tədbirlər bu hədəfə nail olmaq yeni imkanlar yaradacaq.

Qeyd edək ki, 4.5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar idi. Bütövlükdə, son illər Azərbaycan ilə Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub. Belə ki, 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 33 faiz 2017-ci il ilə müqayisədə isə 73 faiz artıb. Ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyar 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb".



V.Bayramov, həmçinin onu da bildirib ki, sənəddə Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edirilməsinə yönəldilmiş səylərin əlaqələndilmiş şəkildə davam etdirilməsi nəzərdə tutulur.

"Ötən il Türkiyə Azərbaycandan 9,58 mlrd. kubmetrdən artıq qaz idxal edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 27,2% çoxdur. Bu isə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın artıq güclənməsindən xəbər verir. Vacib istiqamətlərdən biri də məhz intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqidir. Zəngəzur dəhlizi 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı ölkəmizin starteji əhəmiyyətini də artıracaq. Dəhliz kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək. Bu Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də, Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək. Bütövlükdə, Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı strateji tərəfdaşılığı gücləndirməklə iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaradacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Şuşa   Azərbaycan   Türkiyə   Bəyannamə  





Xəbər lenti