Serbiya səfiri: “İlham Əliyev Azərbaycanı lider dövlətə çevirir” - MÜSAHİBƏ

  15 İyun 2021    Oxunub :2850
  Serbiya səfiri:  “İlham Əliyev Azərbaycanı lider dövlətə çevirir” -  MÜSAHİBƏ
“Ecazkar və dostcanlı Azərbaycanda xidmət etmək mənim üçün şərəfdir”
Serbiya Respublikasının Azərbaycandakı yeni səfiri Draqan Vladisavlyeviç yerli mediaya ilk müsahibəsini Azvision.az-a verib.

Bir çox mövzuları əhatə edən müsahibəni təqdim edirik:

- Cənab səfir, siz Azərbaycanda yeni diplomatik fəaliyyətə başlamısınız. Odur ki, ilk növbədə sizinlə tanış olmaq istərdik. Özünüz barədə nələri deyə bilərsiniz?

- Özünü təqdim etmək heç vaxt asan olmayıb, amma mən xalqım və gözəl ölkəm üçün nə istədiklərimdən və nələri etdiklərimdən danışacağam. Özümü ilk növbədə bütün peşəkar və şəxsi həyatını ölkəsinə və onun vətəndaşlarına, eləcə də Serbiya xalqına xidmətə həsr etmiş insan hesab edirəm. 1985-ci ildə Hərbi Hava Qüvvələri Akademiyasını birinci dərəcədə bitirdikdən sonra karyeramın çox hissəsini Serbiya Hərbi Hava Qüvvələri və Hava Müdafiə Xidmətinin tərkibində supersonik (səsdən sürətli) döyüş aviasiya pilotu olaraq keçirmişəm. Bu vəzifədə 1999-cu ildə haqsız yerə cəlb olunduğumuz müharibədə ölkəmizin müstəqilliyini, ərazi bütövlüyünü qorumaq üçün vətənimə olan borcumu ödəmək şərəfinə sahib oldum.

2002-ci ildə Serbiya Respublikası Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat İdarəsinə üzv oldum, 2005-ci ilə qədər Analiz və Qiymətləndirmə Bölməsinin rəisi vəzifəsini icra etdim. Serbiyanın Türkiyədəki hərbi attaşesi olaraq vətənimə xidmətimi davam etdirdim. Bundan sonra 2009-cu ildə Hərbi Kəşfiyyat Agentliyinin direktor müavini kimi məsul vəzifəni tutdum. Növbəti il briqada generalı rütbəsinə yüksəldim və Hərbi Kəşfiyyat Agentliyinin direktoru təyin olundum, qanunun tələbinə əsasən təqaüdə çıxdığım 2014-cü ilə qədər burda xidmət etdim.

Dövlətimin və millətimin rifahına sədaqətimi nəzərə alaraq, 2015-ci ildə Priştinada Müvəqqəti Özünüidarə Qurumları ilə danışıqlar prosesinin hazırlanması, izlənməsi, koordinasiyası və fəaliyyətlərinə birbaşa cəlb edilən İşlərin Koordinasiya Ofisini idarə etmək təklifini həvəslə qəbul etdim. Mənim üçün bu vəzifə, xüsusi çağırışlar və məsuliyyət daşıyırdı, çünki bu, BMT Baş Assambleyasının qətnaməsi əsasında Avropa İttifaqının vasitəçiliyi ilə aparılan dialoq çərçivəsində həll olunan ən vacib dövlət və milli məsələmiz idi. Yəqin bilirsiniz ki, bu vəzifədən sonra Serbiya Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olundum və bunu özüm üçün böyük şərəf sayır, karyeramın kulminasiyası hesab edirəm.



- Maraqlıdır, səfir təyin edilməmişdən öncə Azərbaycanda olmuşdunuz?

- Təəssüf ki, səfir təyin olunana qədər heç vaxt bu gözəl ölkənizi ziyarət etmək fürsətim olmayıb. Serbiya Respublikasının Türkiyədə hərbi attaşesi olaraq xidmət etdiyim dövrdə “Qafqazın Paris” i olan Azərbaycana və Bakıya səfər etmək planlarım olsa da, vəzifəmdən irəli gələn çoxsaylı gözlənilməz və təcili peşəkar öhdəliklərim bunu etməyimə mane oldu. Buna baxmayaraq, deyərdim ki, xalqınızın bənzərsiz və son dərəcə zəngin mədəniyyətinə, tarixinə və qədim zamanlardan bəri mövcud olan təsiredici sivilizasiya irsinə sahiblik ənənəsinə çox yaxşı bələdəm.

- Qısa müddətdir bizim ölkəmizdəsiniz. Bununla belə, sizin ilk təəssüratlarınızı bilmək maraqlı olardı...

-Mənə elə gəlir ki, xarici ölkələrə gələn hər bir ziyarətçinin ilk təəssüratları təbii olaraq hava limanında, bir mağazada, küçədə və s. yerlərdə insanlarla təmasdan yaranır. Bu baxımdan, azərbaycanlıların son dərəcə qonaqpərvər, nəzakətli, dostcanlı və ölkələrində olan istənilən əcnəbiyə kömək etməyə hazır olmaları xaricində səsləndirilən hər hansı digər təəssüratı ən kiçik ehtimalla belə qəbul etmirəm. Baxmayaraq ki, mən eyni dəyərlərə hörmət bəsləyən xalqın nümayəndəsi olsam da, xalqınızın bu nəcib xarakterik xüsusiyyətlərini qiymətləndirməyə, vurğulamaya bilməzdim.

Bundan əlavə, ölkəniz ictimai binaların və ərazilərin müstəsna səliqəsi, estetik incəliyi ilə fəxr edə bilər ki, bu da diqqətli bir müşahidəçiyə yalnız vətəndaş məsuliyyətinin yüksək dərəcəsini deyil, həm də bütün səlahiyyətli orqanların xalqın tələblərinə göstərdiyi xüsusi diqqətini aydın təcəssüm etdirir.
Bir müddətdən sonra dövlət qurumlarının nizam-intizamı, sosial sistemin yaxşı təşkili və işləməsi, dövlət rəhbərliyinin xalqının rifahı və tərəqqisi üçün müstəsna qayğısı və Prezidentiniz cənab İlham Əliyevin müstəsna bacarıq və sədaqəti Azərbaycanı dünya tərəfindən tanınan bölgədə lider dövlətə çevirir.

- Azərbaycan Prezidentinə etimadnamənizi təqdim edərkən çıxışınızda bir məqam diqqətimi çəkdi. - Mənim təyinatım Serbiya Respublikasının Prezidenti cənab Aleksandr Vuçiçin şəxsi istəyi olub. Niyə Serbiya lideri məhz sizi Azərbaycanda səfir olaraq görmək istəyib?

-Prezident Vuçiçin şəxsən mənim Serbiya Respublikasını Azərbaycanda təmsil etməyim şərəfini yerinə yetirmək qərarına gəlməsinin əsas səbəbi, onun, həmçinin bütün Serbiya hökumətinin dost ölkənizlə əməkdaşlığın inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə böyük önəm verməsidir. Bu baxımdan, ehtimal ki, Prezident Vuçiç karyeram ərzində mənə həvalə olunan bütün məsuliyyətli vəzifələri uğurla yerinə yetirdiyimi qiymətləndirir və bu vəzifədə də eyni dərəcədə uğurlu olacağımdan əmindir.

Bundan əlavə, Prezident, şübhəsiz ki, ötən illərdə Serbiya Respublikasının ən vacib dövlət məsələlərindən biri olan Belqrad - Priştina dialoqu məsələsində onun ən yaxın tərəfdarlarından biri olduğumu nəzərə aldı. Düşünürəm ki, Serbiya Prezidenti ölkələrimizin ərazi bütövlüyü və suverenliyini qorumaq uğrunda apardıqları mübarizədə bənzər bir problemlə qarşılaşdığını nəzərə alaraq, bu vəzifədə etibar etdiyi bir adamın olmasını arzu edib. Yəni qarşılıqlı əməkdaşlığı, dostluğu gücləndirmək və münasibətləri inkişaf etdirmək məqsədilə ölkənizin baxışlarını bu problem nöqteyi-nəzərindən tam başa düşə bilən bir insan.

- Hazırda Azərbaycan və Serbiya arasında əməkdaşlıq sahələri hansı istiqamətləri əhatə edir?

- Bu mövzuya gəldikdə, öncə qeyd etmək istərdim ki, ölkələrimiz arasındakı münasibətlər 2013-cü ildən bəri ən yüksək strateji tərəfdaşlıq çərçivəsində inkişaf etmişdir. İki ölkə arasında maraqların tam uyğunluğu var və bu baxımdan biz bu günə qədər 37 ikitərəfli müqavilə imzalamışıq. Bunların arasında 2013-cü ildə imzalanmış Dostluq Əlaqələri və Strateji Tərəfdaşlıq Bəyannaməsi və 2018-ci ildə iki dövlət başçısının imzaladığı Strateji Tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır. Beləliklə, ikitərəfli əməkdaşlıq bu baxımdan qeyd edilən normativ çərçivədə həyata keçirilir, münasibətlərimiz çox yaxın və dostcasına olduğu siyasi səviyyədə ən intensivdir.

İqtisadiyyata gəlincə, ən intensiv əməkdaşlıq yol infrastrukturu sahəsindədir və ən vacib layihə Liq və Preljina arasındakı magistral yolun Serbiya Respublikasındakı 11-ci Dəhlizdə (ümumilikdə 40,4 km) inşasıdır. Burda əsas podratçı Azərbaycanın “AzVirt” şirkəti idi. Bu layihə uğurla başa çatdı və yol hissəsi 7 noyabr 2016-cı il tarixində rəsmi olaraq açıldı. “AzVirt” ilə əməkdaşlıq “Ruma və Sabac” (22 km) və “Sabac – Loznica” (55 km) arasındakı avtomobil yolunun inşası ilə davam etdi. Bu uğurlu şirkət həmçinin, Belqrad ətrafındakı yan keçid hissələrində də işləyir və Dunay çayı üzərindəki Smederevo limanındakı işlərlə məşğul olması gözlənilir.

Ticarət, turizm, enerji, eyni zamanda əksər fəaliyyətin ədəbiyyat və tərcümə sahəsini əhatə etdiyi mədəniyyət sektorunda da əhəmiyyətli əməkdaşlıq mövcuddur. Mədəni əlaqələr sahəsində Azərbaycan Mədəniyyət Mərkəzi və Belqraddakı Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, həmçinin Prezident Vuçiçin 2018-ci ildə Bakıda rəsmi olaraq açdığı Serb Dili, Ədəbiyyatı və Mədəniyyəti Mərkəzi xüsusi yer tutur.

- Azərbaycanla Serbiya arasında münasibətləri inkişaf etdirmək üçün hansı yeni hədəfləriniz var?

- Əvvəlki cavabımdan məlum oldu ki, iqtisadi sahədə mövcud əməkdaşlığın məzmunu və əhatəsi ölkələrimiz arasındakı mükəmməl siyasi və mədəni əlaqələrə tam uyğun gəlmir. Buna görə də, Serbiya Respublikası Səfirliyinin əsas prioritetlərindən biri ticarət və iqtisadi əməkdaşlığın səviyyəsini əhəmiyyətli dərəcədə artırmaq olacaqdır ki, bu planı çox yaxın, strateji cəhətdən vacib siyasi münasibətlərimizi daha da yaxşılaşdırmaq və möhkəmləndirmək hədəfimizlə paralel olaraq həyata keçirəcəyik. Bu baxımdan, Serbiya Respublikası payızda ölkənizlə birlikdə Belqradda Qoşulmama Hərəkatının ildönümü kimi vacib tədbiri keçirmək fürsətindən çox məmnundur.

- Bilirsiniz ki, ötən il Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində öz torpaqlarını işğaldan azad etdi. Artıq həmin ərazilərdə bərpa-tikinti işləri başlayıb. Serbiya şirkətləri bu prosesdə iştirak edəcəkmi? Əgər edəcəklərsə, hansı sahələrdə öz töhfələrini verə bilərlər?

- Serbiya şirkətləri Azərbaycan bazarında varlıqlarını əhəmiyyətli dərəcədə artırmağa hazırdır və belə bir istəkləri var. Buna görə önümüzdəki dövrdə səfirliyimiz ölkələrimizin şirkətləri arasında işgüzar əlaqələrin qurulması, onların potensiallarının müəyyən edilməsi istiqamətində iş aparacaq, sonra bu, praktikada tam həyata keçiriləcək. Bu kontekstdə vurğulamalıyam ki, Serbiya Respublikası, demək olar ki, bütün sahələrdə - dünya səviyyəli xidmətlər göstərən şirkətləri ilə həqiqətən fəxr edə bilər və bu xidmətləri çox uyğun qiymətlərlə təklif edə bilərlər.

Ölkənizdəki spesifik böyük infrastruktur və digər layihələrə gəldikdə, hansı ki, bunların icrasının ilk növbədə dost ölkələrin şirkətlərinə verildiyi deyilir - bu fürsətdən istifadə edərək, Serbiya Respublikasının şübhəsiz ki, həmin dövlətlərdən biri olduğunu təsdiqlədiyinə görə Prezident İlham Əliyevə təşəkkür etmək istəyirəm. Bu baxımdan Serbiya tərəfi göstərilən etimadı tam doğrultmağa və şirkətlərinə veriləcək bütün işləri ən yaxşı şəkildə həyata keçirməyə çalışacaqdır.

- Cənab səfir, Serbiyanın xarici işlər naziri Nikola Selakoviçin Azərbaycana səfəri gözlənilir. Eyni zamanda səfər zamanı Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək. Bu, nə vaxta planlaşdırılır və hansı məsələlər müzakirə ediləcək?

-Nazir Selakoviç, ehtimal ki, iyulun sonunda Azərbaycana səfər edəcək. Səfərin gündəliyində çox sayda tədbirlər olmalıdır ki, bu da iki dost ölkə və iki mühüm strateji tərəfdaş arasında belə səfərlərə xasdır. Bu çərçivədə nazirin səfəri zamanı ölkələrimizin prezidentlərinin birgə təşkil edəcəyi Belqradda keçiriləcək Qoşulmama Hərəkatının Birinci Zirvə toplantısının 60-cı ildönümü ilə əlaqədar hazırlıq tədbirləri yekunlaşacaq. Bundan əlavə, nazir Selakoviç və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın (HK) həmsədrləri olaraq, onun altıncı iclasını keçirəcəklər. İclas Prezident Əliyev və Prezident Vuçiçin müəyyən etdiyi təlimatlar çərçivəsində, iki ölkə arasında iqtisadi əməkdaşlığı və ticarəti intensivləşdirmək məqsədi ilə konkret danışıqlara və razılaşmalara imkan yaradacaq.

Serbiya xarici işlər naziri ikitərəfli danışıqlar üçün Bakıya səfəri zamanı rəhbərlik etdiyi nümayəndə heyəti ilə HK-nın altıncı iclasında iştirakla yanaşı, Azərbaycan biznes nümayəndələri ilə koordinasiyalı şəkildə Biznes Forum keçiriləcək. Mən bu tədbirdən konkret razılaşmalar və nəticələr gözləyirəm.

- Yuxarıda bu mövzuda müəyyən fikirlər səsələndirdiniz. Ümumilikdə ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlağı barədə nə deyə bilərsiniz?

- Düşünürəm ki, artıq bu suala cavab vermişik. Bütün ilkin şərtlərimiz var, potensialımız var, bu cür əməkdaşlıqda xüsusilə vacib olan dövlət başçılarımızın birmənalı dəstəyidir. Bunu həyata keçirmək vəzifəsi isə bizim üzərimizə düşür, çünki iqtisadi-ticarət sahəsindəki əməkdaşlıq mükəmməl siyasi münasibətlərimizə uyğun olmalıdır.

- Serbiya Balkan ölkəsi olaraq həm də turizm məkanı kimi tanınır. Pandemiya təbii ki, ən böyük zərbəni məhz turizmə vurdu. Serbiya turistlər üçün nə zaman açılacaq və Azərbaycanla bu istiqamətdə əməkdaşlığın inkişafı, qarşılıqlı turist səfərlərinin artırılması üçün nə kimi planlar var?

- Doğru qeyd etdiniz, çünki Serbiya Respublikası həqiqətən turizm baxımından əhəmiyyətli bir ölkədir. Təəssüf ki, mövcud pandemiyanın nəticələrindən ən çox iqtisadiyyatın bu sahəsi təsirləndi və son bir ildə bu sektorda çalışan bir çox işçinin və bir çox ailənin dolanışığı zəiflədi. Xoşbəxtlikdən, Prezident Vuçiçin güclü şəxsi təşəbbüsü ilə ölkəmiz əhalinin kütləvi peyvəndlənməsi üçün kifayət qədər vaksin təmin edən dövlətlər sırasında oldu. Nəticədə, Serbiya Respublikasında yoluxmuş insanların sayı sürətlə azalır və COVID-19-un yayılmasının qarşısını almaq üçün tətbiq olunan tədbirlər yumşaldılıb. Bu, ölkəmizdə nisbətən əlverişli bir epidemioloji vəziyyətə və daha da yaxşılaşma tendensiyasına səbəb olur. Qeyd etdiyim tədbirlər pandemiya öncəsi səviyyəyə çatacağını gözlədiyimiz turizm sektorundakı fəaliyyətlərin tədricən yenidən bərpa edilməsinə səbəb oldu. Turizm baxımından Azərbaycanla əməkdaşlığa gəldikdə, bu sahədə əməkdaşlığı yaxşılaşdırmaq üçün vəziyyətin normallaşmasını gözləməyəcəyik və buna görə də artıq konkret tədbirlərlə bağlı fəaliyyət planı hazırlamışıq, sizin onunla önümüzdəki dövrdə tanış olmaq imkanınız olacaq.

Bilməlisiniz ki, ölkələrimiz arasında turizm mübadiləsi potensialı həddən artıqdır və bu, qeyd edilən istiqamətdə əldə edilmiş səviyyədən daha yüksəkdir. Serbiya bir tərəfdən Azərbaycanı turistləri üçün cəlbedici məkan kimi tanıdı, digər tərəfdən də azərbaycanlı turistləri ölkəmizdə görmək istəyir. Bu məqsədlə bütün Azərbaycan vətəndaşları üçün vizaları ləğv etdik, razılaşdırılmış birbaşa aviareysin fəaliyyətə başlamasını gözləyirik. Turizm təbliğatını gücləndirəcəyik və dediyim kimi yaxın gələcəkdə konkret nəticələrin görüləcəyinə inanıram.

- Cənab səfir, maraqlı müsahibə üçün təşəkkür edirəm

-Bir daha təkrar etmək istəyirəm ki, ecazkar və dostcanlı ölkənizdə xidmət etmək imkanını özüm üçün şərəf hesab edirəm. Diplomatik səlahiyyətimin başlanğıcında təəssüratlarımı və düşüncələrimi bölüşmək imkanı yaratdığınız üçün sizə çox minnətdaram.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: DraqanVladisavlyeviç   Serbiya   Səfir  






Xəbər lenti