“Ermənistan mina xəritəsini verməyə məcbur edildi” - Asim Mollazadə

 “Ermənistan mina xəritəsini verməyə məcbur edildi” -   Asim Mollazadə
  14 İyun 2021    Oxunub:1536
“Ermənistan xəritəni masa üzərinə qoymağa məcbur edildi”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.

Demokratik İslahatlar Partiyasının sədri qeyd edib ki, beynəlxalq ictimaiyyət mina xəritələrinin təhvil verilməsi mövzusunda daha çox aktivlik göstərməlidir:

“Nəhayət, Ermənistan real və normal davranışlar sərgiləməyə məcbur edildi. İrəvanı sülhə məcbur etmək lazımdır. Əslində hazırda bu ölkənin qarşısında bir məsələ durur-normal dövlətə çevrilmək, qonşulara qarşı ərazi iddialarına son qoymaq. Minalanmış ərazilərin təhlükəsiz hala gəlməsində maraqlı olmamaq nə deməkdir? Yəni onlar yenə də hansısa müharibəyə hazırlaşmaq istəyirlər, gizlədilən xəritələrdən azərbaycanlıların öz dədə-baba yurdlarına, Qarabağa qayıdışının qarşısını almaq üçün istifadə etməyi düşünürdülər”.

Deputat vurğulayıb ki, Ermənistan bundan sonra bütün mina xəritələrini verməlidir. Qarşı tərəf kommunikasiyaların açılması üçün Zəngəzur dəhlizinin inşasına da şərait yaratmalıdır:

“Bir sözlə, Ermənistan artıq sözün həqiqi mənasında normal bir dövlətə çevrilməlidir. Beynəlxalq ictimaiyyət də buna çalışmalıdır. Azərbaycan sülh istəyir və biz neçə aydır ki, aşkar şəkildə sülhə hazır olduğumuzu bəyan edirik. Rəsmi Bakı hazırda üçtərəfli sazişin bütün bəndlərinin yerinə yetirilməsini istəyir, sərhədlərin demarkasiyasına çalışır və biz Qarabağı yaxın zamanlarda cənnətə çevirəcəyik. Başlatdığımız prosesin qarşısını alacaq qüvvə də yoxdur. Ermənistan bilməlidir ki, ölkəmizə qarşı hansısa arzuolunmaz planları varsa, bunun qarşılığında böyük faciə ilə üzləşəcəklər. Təbii ki, mən Ağdamla bağlı mina xəritələrinin İrəvandan alınmasını çox müsbət hal kimi qiymətləndirirəm. Düşünürəm ki, Ermənistan xəritəni masa üzərinə qoymağa məcbur edildi. Bu isə davamlı bir prosesə çevrilməlidir. Hər bir işğaldan azad edilmiş rayon və qəsəbəmiz üzrə konkret xəritə Bakıya təqdim edilməlidir. Təsəvvür edin ki, yüz min mina təkcə Ağdam rayonunda basdırılıb. Bu qədər mina digər rayonlarda da səpələnib. Hələlik bir milyon minanın basdırıldığı deyilir. Ona görə də, beynəlxalq təşkilatlar və sülh prosesində iştirak etmək istəyən müəyyən qurumların qarşısında əsas hədəf kimi bu məsələ dayanmalıdır”.

Asim Mollazadə İrəvanın məcbur olub təhvil verdiyi xəritələri real vəziyyətlə yoxlamağı vacib hesab edir. Yalnız uyğunluq olduqdan sonra xəritə üzrə təmizləmə işlərinə başlana bilər:

“Çünki bu adi bir proses deyil, ciddi, təhlükəli işdir. Məlum olduğu kimi, artıq Azərbaycan azad olunan bölgələrin bərpası üçün bir neçə istiqamətdə böyük layihələrə, genişmiqyaslı bərpa işlərinə başlayıb. Avtomobil, dəmir yolları salınır, eyni zamanda, əvvəlki yer üzündən silinmiş rayon və şəhərlər sıfırdan qurulur. Minalı ərazilərin təmizlənməsi fonunda yeni yaşayış məntəqələrinin qurulması üçün həqiqətən də çox böyük işlər görülür. Bütün bu işlərin hər biri tam təhlükəsiz şəraitdə aparılmır. Məhz bu quruculuq tədbirləri ilə paralel olaraq minaların axtarışı aparılır ki, bütün bu təmizləmə işləri indi əldə olan xəritələrsiz görülürdü. Ermənilər Qarabağda o qədər mina basdırıblar ki, torpaqların tam təhlükəsiz hala gətirilməsi xəritələrsiz çətindir. Bizim üçün isə, hər bir vətəndaşımızın həyatı öndə gedən amildir”.

Xatırladaq ki, iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Mina   Xəritə   Deputat   Qarabağ  





Xəbər lenti