“Bundesver Azərbaycanla döyüşsəydi, çətin ki, şansı olardı” - Almaniyalı ekspert

 “Bundesver Azərbaycanla döyüşsəydi, çətin ki, şansı olardı” -  Almaniyalı ekspert
  14 İyun 2021    Oxunub:2086
Almaniya ordusu hər keçən gün daha da inkişaf edən pilotsuz döyüş təyyarələrinin potensial hücumlarına qarşı özünü müdafiə etmək üçün lazımi səviyyədə təchiz edilməyib.
Azvision.az xəbər verir ki, bu barədə Alman Müdafiə və Strateji Araşdırmalar İnstitutunun müasir müharibə və yeni texnologiyalar üzrə mütəxəssisi, polkovnik-leytenant Maykl Karlın Türkiyə və İsrail dronlarının Qarabağ müharibəsindəki rolu barədə məqaləsində bildirilib.

"Qəti şəkildə desək, Bundesver (Almaniya Silahlı Qüvvələri-red) bu konkret münaqişədə Azərbaycanla döyüşməli olsaydı, çətin ki, şansı olardı", - Karl əlavə edib.

O deyib ki, Almaniya döyüş dronları və kamikadze pilotsuz təyyarələri kimi istifadə olunan silah sistemlərinə qarşı özünü yetərincə müdafiə edə bilməzdi.

"Təkcə hava hücumundan müdafiə qüvvələrinin olmaması bizim sonumuz olardı. Keçən il Azərbaycan Türkiyə və İsrailin istehsal etdiyi pilotsuz təyyarələr sayəsində Dağlıq Qarabağ ərazilərini geri aldı".

Ekspert Azərbaycanın Ermənistanla müharibədə Türkiyənin "Bayraktar TB-2" və İsrailin "Hermes 900" dronlarından istifadə etdiyini, bunun da Bakıya hava üstünlüyü qazandırdığını deyib.

Mütəxəssisin fikrincə, bugünkü qarşıdurmada sağ qalmaq üçün Bundesverin əsasən Almaniyanın sahib olduğu, lakin silahlı qüvvələrdə istifadə olunmayan (səs sistemləri kimi) texnologiyalara ehtiyacı var.

Qeyd edək ki, 2014-cü ildə Türkiyə Silahlı Qüvvələrinin (TSK) istifadəsinə verilən “Bayraktar TB-2” pilotsuz uçuş aparatları daha sonra döyüş sursatı ilə təchiz edilərək PUA halına gətirilib. Hissələrinin 93 faizi Türkiyədə istehsal olunan PUA hazırda Türkiyə, Ukrayna, Azərbaycan və Qətərin istifadəsindədir.

Ekspertlərin fikrincə, səhra şəraitində istismara verilən “Bayraktar TB2” zamanla regionda oyun qaydalarını dəyişib. Türkiyənin terrorla mübarizə əməliyyatlarında gözləniləndən daha qısa müddətdə və daha az itki ilə uğur qazanmasının bu tip pilotsuz təyyarələrlə əlaqəli olduğuna diqqət çəkilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BayraktarTB-2  





Xəbər lenti