“Azərbaycan Ağdamda milyonlarla dollara qənaət edə bildi” - Erməni polkovnik

 “Azərbaycan Ağdamda milyonlarla dollara qənaət edə bildi”  -   Erməni polkovnik
  14 İyun 2021    Oxunub:2818
Qarabağdakı keçmiş qondarma rejimdə "vəzifə" tutmuş polkovnik Boris Avaqyan Azərbaycanın Ermənistandan mina xəritələrini almasına münasibət bildirib.
Azvision.az xəbər verir ki, Avaqyan Ermənistan Müdafiə Nazirliyindən ona daha əvvəl mina xəritələri bağlı yalan məlumat verildiyini söyləyib.

"Bir dəfə Müdafiə Nazirliyinin nümayəndələri ilə söhbət edirdim və mənə deyirdilər ki, onlarda minalanmış ərazilərin xəritəsi yoxdur. Çünki rayonlar kütləvi şəkildə 90-cı illərdə minalanıb deyə əldə dəqiq xəritə qalmayıb".

Polkovnik, həmçinin bildirib ki, yeddi aydır Azərbaycanla danışıqlar aparsalar da, ortaya mina xəritəsi tapıb çıxara bilmirdilər. İndi necə oldu ki, Müdafiə Nazirliyindən dəqiq xəritə tapıb verə bildilər.

Avaqyana görə, əgər bütün xəritələri təqdim etsəydilər, yalnız 15 nəfər deyil, digər "hərbi əsirlər" də İrəvana qayıtmış olardı. "Danışıqlar çox çətin keçirdi. Çünki biz Azərbaycana heç nə təklif etmirdik. Əvvəlki əsirləri geri qaytaranda biz bunun əvəzində Azərbaycana heç nə vermirdik",- deyə o qeyd edib.

Erməni polkovnik hesab edir ki, Azərbaycanın Ağdamı tam bərpa etməsi üçün 15 il lazım gələcəkdi:

"Paşinyanın sayəsində nəinki bu vaxt azaldı, hətta İlham Əliyev burada milyonlarla dollara qənaət edə bildi. Əgər sizin əlinizdə dəqiq xəritə yoxdursa, təyin edilmiş müəyyən bir kiçik ərazini təmizləmək üçün azı 1000 dollar xərcləməlisiniz. Ağdamda 100 min belə xüsusi ərazi var. Buna görə 100 milyon dollarlıq qənaət qazandılar. Paşinyan bu dəyəri bütün əsirlərlə deyil, 15 nəfərlə dəyişdi”.

Nikol Paşinyanın prosesin ABŞ və Gürcüstan hakimiyyətinin vasitəçiliyi ilə baş tutmasına gəlincə, Avaqyan geridə qalan yeddi ay ərzində ABŞ-ın harada olduğunu sual edib.

"Seçkilərə bir həftə qalmış niyə meydana çıxdılar?",- deyə polkovnik sual edib.

Xatırladaq ki, iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Mina   Ağdam  





Xəbər lenti