Daha iki qəzet `reket` siyahısına salındı

Daha iki qəzet `reket` siyahısına salındı
  12 Mart 2014    Oxunub:907
Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) "Reket jurnalistika"ya qarşı mübarizə komissiyasının iclası keçirilib. Komissiyanın sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iclasın gündəliyi barədə məlumat verib.
O bildirib ki, gündəliyə ümumilikdə 15 məsələnin müzakirəsi daxil edilib. Onlardan biri Şikayətlər üzrə komissiyanın təqdimatına əsaslanıb.

Müzakirələrdən sonra "Kölgəli iqtisadiyyat və korrupsiya", "İqtisadiyyat və kölgə" qəzetlərinin MŞ-nin "qara siyahı"sına salınmasına dair rəy çıxarılıb.

Bununla bağlı Şuranın İdarə Heyətinə müvafiq təqdimat verilməsi razılaşdırılıb. Məsələ ətrafındakı diskussiyalarda hər iki nəşrin eyni adama - Səfərov Həsən Səfər oğluna məxsus olduğu, kütləvi informasiya vasitələrində peşə davranışı qaydalarına tam etinasız yanaşıldığı vurğulanıb. Bildirilib ki, qəzetlərin yarıtmaz fəaliyyəti ilə əlaqədar Azərbaycan Baş Prokurorluğunun Korrupsiyaya qarşı mübarizə İdarəsindən də müvafiq təqdimat daxil olub.

Eyni zamanda, MŞ-nin Şikayətlər üzrə komissiyasının sonuncu iclasında "İqtisadiyyat və kölgə" qəzetindən şikayətlərin nəzərdən keçirildiyi, mövcud xüsusda rəyin də çıxarıldığı diqqətə çatdırılıb.

İclasda, həmçinin MŞ-nin "qara siyahı"sında yer almış bəzi KİV-lərin siyahıdan çıxarılması ilə bağlı müzakirələr də aparılıb. Bununla əlaqədar 20-dən artıq müraciətə baxılıb, MŞ-nin müvafiq təlimatına əsaslanılaraq prosedur fəaliyyət həyata keçirilib, müraciət müəllifləri dinlənilib.


Teqlər:  





Xəbər lenti