10 min manata adam öldürən dəstə - FOTOLAR

10 min manata adam öldürən dəstə - FOTOLAR
  11 Mart 2014    Oxunub:2281
Xəbər verildiyi kimi, 2014-cü il martın 4-də Salyan rayonunun Qaraçala kəndindən keçən avtomobil yolunun kənarında kənd sakini Aydın Xəlilovun üzərində çoxsaylı xəsarətləri olan meyiti aşkar edilmişdi.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə qətlin sifarişçisinin rayon sakini Şahin Niftiyev olması müəyyən olunub.

İstintaq araşdırmaları göstərib ki, o, qardaşı Azər Niftiyevin 2007-ci ildə Rusiya Federasiyasının Ufa şəhərində əvvəllər dəfələrlə məhkum olunmuş həmyerlisi Aydın Xəlilov tərəfindən qətlə yetirilməsi barədə məlumat əldə etdikdən sonra qisas almaq qərarına gəlmişdir. Bu məqsədlə Şahin Niftiyev cari ilin fevral ayında qohumu Rauf Rəhimova 10.000 manat müqabilində Aydın Xəlilovun öldürülməsini təklif edib və əvvəlcədən 5.100 manat ödəyib. Rauf Rəhimov bu sifarişi icra etmək üçün tanışları Oktay Zəkiyev, Təvəkkül Seyidov və Tacəddin Qafarovdan ibarət mütəşəkkil dəstə yaradaraq, Yasamal rayonu ərazisindəki mağazalardan birindən 3 ədəd bıçaq alıb, nəqliyyat vasitələrinin icarəsilə məşğul olan firmadan isə “Mitsubishi-Pajero” markalı avtomobil kirayələyib.

Daha sonra Rauf Rəhimov Tacəddin Qafarov və Təvəkkül Seyidov həmin avtomobillə Salyan rayonunun Qaraçala kəndinə gələrək özlərini Aydın Xəlilova polis əməkdaşları kimi təqdim edib və onu avtomobilə əyləşdirib, aparıblar. Təqribən 600-700 metr aralandıqdan sonra üzərlərində olan bıçaqlarla Aydın Xəlilova 34 zərbə vuraraq onu xüsusi amansızlıqla qətlə yetirib, meyitini isə yolun kənarına atıblar.

Onlar bu barədə Şahin Niftiyevi məlumatlandıraraq pulun qalan hissəsini alıb bölüşdürüb və cinayətin izini itirmək məqsədilə avtomobilin salonunda olan qan izlərini yuduzduraraq təmizlətdiriblər.

İstintaq hərəkətləri çərçivəsində avtomobilə keçirilmiş baxış zamanı onun salonunda çoxsaylı qan ləkələri, arxa saxlanc yerində iki ədəd maska formasında düzəldilmiş idman papağı, habelə hadisə yerinin yaxınlığında üzərində qan ləkələri olan 3 ədəd bıçaq aşkar edilərək maddi sübut kimi götürülüb.

Cinayətkar dəstənin üzvləri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, adları çəkilən şəxslərin ayrı-ayrı vaxtlarda mülkiyyət, həyat və sağlamlıq əleyhinə çoxsaylı ağır cinayətlər törətməsi də müəyyən edilib. Məlum olub ki, Bakı şəhəri Ramana qəsəbəsinin sakini Çingiz Məmmədovun evində 20.000 manat pul olması barədə məlumat alan Rauf Rəhimov, tanışları Tural Əsgərov, Kənan Alıyev, Təvəkkül Seyidov, Tacəddin Qafarov və Rauf Mahmudov ilə birgə həmin evə basqın etməyi planlaşdırıb. Mart ayının 4-də onlar, eləcə də adları hələlik istintaqa məlum olmayan digər şəxslər “Mitsubishi Pajero” markalı avtomobillə Çingiz Məmmədovun evinə gəlib üzlərinə qara maska keçirərək mənzilə basqın edib, ev sahibinin həyat yoldaşı Elmira Məmmədovaya və qızı Xədicəyə həyat və sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə onlara məxsus 16 min manat pulu ələ keçiriblər.

Hazırda hər iki cinayətin digər iştirakçılarının müəyyən edilərək tutulması və məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Şəkillərdə gördüyünüz bu şəxslərin cinayət əməllərindən zərər çəkmiş və ya hər hansı məlumatı olan vətəndaşların Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi"nə və ya yaxınlıqdakı polis orqanına dərhal məlumat verilməsi xahiş olunur. Anonimlik təmin ediləcək.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti