Moskvadan Qarabağda minalanmış ərazilərlə bağlı çağırış

   Moskvadan Qarabağda minalanmış ərazilərlə bağlı çağırış
  10 İyun 2021    Oxunub:1842
Rusiya ümid edir ki, Azərbaycanla Ermənistan arasında minalanmış ərazilər barədə informasiya mübadiləsi prosesi sürətləndiriləcək.
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

XİN rəsmisi iyunun 4-də Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlərin həlak olmasından sonra Ermənistan tərəfinin minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməsi məsələsini şərh edərək deyib:

“Qeyd etmək istərdim ki, Rusiya tərəfi bu faciəyə ilk reaksiya verən dövlətlərdən biri olub. Azərbaycanın Kəlbəcər rayonunda minaya düşərək həlak olmuş jurnalistlərin doğmalarına və yaxınlarına Rusiyanın Bakıdakı səfirliyi tərəfindən dərin hüznlə başsağlığı verilib. Biz yaralananların hamısının tezliklə sağalmasını arzu edirik”

Onun sözlərinə görə, ərazilərin minalardan təmizlənməsi problemi istənilən silahlı münaqişənin ən təhlükəli və çətin həll edilə bilən nəticələrindən biridir:

“Rusiya Dağlıq Qarabağda və ona bitişik rayonlarda münaqişədən sonra minaların təmizlənməsi prosesinə mühüm töhfə verir. Ötən il noyabrın 23-dən etibarən Rusiyanın sülhməramlı kontingentinin səyləri ilə 26 minə yaxın partlayıcı maddə aşkar edilib və 2 min hektardan çox ərazi təmizlənib. Faktiki olaraq 2 min bina və 650 kilometrlik yol yoxlanılıb. Analoji tədbirlər Rusiya FHN-in xətti ilə həyata keçirilir. Bu il yanvarın 4-dən etibarən rusiyalı mütəxəssislər Azərbaycan tərəfi ilə razılaşdırılaraq, yarım min hektardan artıq ərazini yoxlayıblar və Ağdam rayonu ərazisində 18 minə yaxın partlayıcı əşyanı zərərsizləşdirib, həmçinin Azərbaycan FHN-in istehkamçılarının hazırlığını həyata keçiriblər”.

Zaxarova vurğulayıb ki, Bakı və Yerevanla müntəzəm təmaslar zamanı Moskva minalanmış ərazilər haqqında məlumat mübadiləsi də daxil olmaqla, minalardan təmizlənmə məsələlərinin qurulmasına çağırıb.

“Biz ümid edirik ki, bu proses sürətləndiriləcək”, - deyə Zaxarova əlavə edib.

XİN nümayəndəsi qeyd edib ki, Moskva humanitar ölçüyə malik olan bütün məsələlərin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin ötən il noyabrın 10-da və 2021-ci il yanvarın 11-də verilən bəyanatlarına ciddi şəkildə uyğun həll olunması, bunun maksimum operativ və heç bir ilkin şərt irəli sürülmədən həyata keçirilməsi üçün ardıcıl çıxış edir.

Azvision.az


Teqlər: Zaxarova   Rusiya  





Xəbər lenti