Esmira Çərkəzqızı: `Arxaya dönüb baxanda boşluq görürəm` - MÜSAHİBƏ

 Esmira Çərkəzqızı: `Arxaya dönüb baxanda boşluq görürəm` - MÜSAHİBƏ
  11 Mart 2014    Oxunub:22701
AZTV-nın yaddaşlara köçən simalarındandır. Uzun illərdir televiziyadan ayrılıb dövlət işində çalışsa belə adı çəkiləndə ekrandan baxan gülərüzlü aparıcı gözlərin önünə gəlir. Özü ilə danışanda da dedim ki, televiziyanın qoxusu sanki üzərinə çöküb, səni başqa işlə, fərqli sahədə yada salmaq olmur.
Esmira Çərkəzqızı...Uzun illər TV məkanından uzaqlaşdıgı kimi vətəndən də uzaqdadı. O, 2012-ci ilin fevral ayında Türkiyə vətəndaşı Tayyar Sayqılı ilə ailə həyatı qurub. Hazırda üç övlad, üçüzlərin anasıdr. Biz iki televiziya insanı və qərib ölkənin yeni sakinləri ilə söhbətləşdik. Uzun zaman mətbuatda görsənmədiyini, tamaşaçıların və oxuçuların marağını nəzərə alaraq Esmira Çərkəzqızı ilə olan söhbətin şəxsi olmayan məqamlarını AzVision.az oxucuları ilə bölüşürəm.

-Əvvəlcə onu soruşum ki, niyə yoxsan? Ailə qurduqdan sonra demək olar ki, səndən xəbər ala bilmədik. Mətbuatda yoxsan, sosial şəbəkələrdə aradım tapa bilmədim. Düzü eyni şəhərdə yaşadıgımız üçün səni məndən xəbər alan çoxdu.

-(Gülür) Yoxa çıxmamışam. Mən mətbuatdan 2007-ci ildə ayrılmışam. AZTV-də Səhər Proqram; direktorunun müavini idim. Öz ərizəmlə işdən ayrıldım və hər kəsin bildiyi kimi dövlət işinə keçdim. Dövlət işində olanda jurnalist dostlarımla hər zaman əlaqəm vardı. Ailə qurandan sonra əlaqələr bir az azaldı. Sosial şəbəkələrdə də olmadığım üçün elə fikir yarandı ki, yoxa çıxmışam.

- Ailə qurmaq demişkən, səni hansı rüzgar atdı İstanbula. Həyat yoldaşınla necə tanış oldun?

- Mən hər il, Türkiyəyə həkimə gəlirdim. Bir xəstəliyim yox idi. Sadəcə hər kəsində etməli olduğu kimi ildə bir dəfə təməlli (ckp) müayinə olunurdum. Müayinəyə gələndə həkimimlə rəfiqə olduq. O həkim həyat yoldaşımın qardaşının xanımıdır. Mənim barəmdə Tayyara o danışıb. Sonra bizi tanış etdilər. Onlar Azərbaycana gəldi. Oturduq söhbət etdik, ətraflı tanış olduq. Baxdım ki, mədəni, savadlı, yerini bilən insandır. İncələdim, araşdırdım və hər xüsusiyyəti ilə mənə layiq olduğunu gördüm. Ona görə də mənə evlilik təklif edəndə qəbul etdim, ailə qurduq.

- Ağılla qərar vermisən?

- Əlbəttə. Mən artıq elə mövqedə və yaşda idim ki, ağılla qərar verməliydim. Ona görə də qərarımdan peşman deyiləm. Çox şükür. Hazırda anayam və dünyanın ən xoşbəxt hissini yaşayıram.

- Qəhrəman ana...Üçüzlərini dünyaya gətirdin. Səni çox yaşı anlayıram. Qərib ölkədə üç uşaga baxmaq...

-Təbii ki, çətindi. Yanında kimsə yoxdu. Eyni anda dünyaya gəlmiş üç uşağa baxmalısan. Amma analıq duyğusu o qədər yüksəkdir ki, hər şeyin öhdəsindən gəlirsən.



- Uzun illər iş qadını olmusan, iş, səyahətlər, tədbirlər, geniş çevrə və s. Birdən evdə oturmaq və uşağa baxmaq. Bu durumdan sıxılmırsan ki?

- Əvvəllər çox ağır gəlirdi. Dediyin kimi, iş qadını və birdən ev həyatı. Amma indi üçüzlərimi qucağıma alanda, onların bir gülüşünü görəndə dünyalar mənim olur. Bəzən düşünürəm ki, bu gözəl hissdən niyə özümü məhrum etmişdim? Arxaya dönüb baxanda bir boşluq görürəm. İtirilmiş illərimə baxıram üzülürəm. Övlad sevgisi elə bir ülvü hisdir ki... İndi deyirəm ki, illər boyu işləmişəm, karyera, ad san qazanmışam. Sən demə boş yerə işləmişəm, zamanımı boşa xərcləmişəm. Karyera, şan şöhrət övlad sevgisi imiş. İndi düşünürəm bunları, o zaman düşünə bilmirdim.

- Gec qaldığın üçün peşmansan?

- Əlbəttə. Belə gözəl duyğunu daha tez yaşamaq istərdim. Amma mənim seçimim belə olmuşdu. İşləmək, karyera qazanmaq istəmişdim. Özgür qadın olmaq istəyirdim. Yoxsa daha tez ailə qura bilərdim. Yaxınlarım, çevrəmdə bilirdi ki, çox evlilik təklifi alırdım. Amma demək ki, qismət belə imiş. Xeyirlisi belə olub.

-İndi bir az üçüzlərdən danış. Sürpriz oldu üçüzlər.

-(Gülür) Elə bizə də. Biz əkiz bilirdik. Uzun zaman həkimə də gedib gələndə əkiz demişdilər. Amma bir müayinəmizdə həkim dedi ki, biri daha var. Sən demə, o özünü gizlədirmiş. Amma buna çox sevindik. Əslində mənim ana tərəfimdə əkizlər çoxdu. Bacılarım əkizdi, anamın özü əkizdir. Amma üçüz məndə oldu.



-Üçüzlər deyəsən şöhrətdə səni keçəcəklər. Türkiyənin ən reytinqli tarixi filmində “Möhtəşəm yüzyıl” da rol aldılar. Onlar artıq Şahzadə Səlimin övladlarıdır. Necə gəldi bu təklif?

-Övladlarım Acıbadəm xəstəxanasında dünyaya gəlib. “Möhtəşəm yüzyıl”ın yönətməni də filmə üçüz lazımdı deyə elan verib. Dizinin bağlı oldugu şirkət bu barədə xəstəxanaya da sorğu göndərib. Xeyli uşaq şəkili göndərilib amma yönətmən qəbul etməyib. Xəstəxanadan uşaqların həkimi mənə zəng etdi. Dedi ki, icazə versəniz sizin uşaqların şəkilin verərdik. Bizdə sevə-sevə icazə verdik. Bir gün dizinin bağlı olduğu şirkət zəng edib bizdən yeni şəkillər istədi və eləcə də görüş vaxtı təyin edildi. Beləcə üçüzlərimiz dizidə rol aldı.

- Rəqəm soruşmaq etik olmaz, amma yəqin ki, maddi tərəfi olub.

- Təbii, orda peşəkarlar çalışır. Uşaqların dizidə çəkilməsi üçün qonararları ödəndi. Müqavilə bağladıgımız şirkət ilk sığorta kartını açdı. Bu o deməkdir ki, uşaqlar iş həyatına başladı.

- Çəkilişlər neçə gün çəkdi? Dizi setində oldunuz yəqin, ordakı şərait, abu hava necə idi?

- İnanılmaz peşəkarlıq var. Yalnız orda olmaq və bunu görmək lazımdır. Qapalı məkandır. Giriş çıxış xüsusi icazə ilədir. Uşaqlar sadəcə epizodik rolda çəkilib. Amma bir gün səhərdən gecəyədək orda olduq. Bizə uşaqların rahatlığı üçün ayrı otaq ayırmışdılar. Orda dincələk, uşaqlar üzərlərin dəyişsin, yemək yesin deyə yüksək səviyyədə şərait yaranmışdı. Baxmayaraq ki, uşaqlar epizodik rolda oynayırdı. Amma elə peşəkar yanaşırdılar ki. Çəkilişdən əvvəl Şahzadə Mustafa (Mehmet Günsür), Şahzadə Səlim ( Engin Öztürk) Nurbanu Sultan ( Merve Bologur) gəldi uşaqlarla zaman keçirdi. Onları ortama, çəkilişə psixolojik olaraq hazırladılar. Çəkiliş yanvarda oldu. Onda uşaqlar hələ 5 aylıq idi. Buna baxmayaraq onlara böyük oyunçular kimi yanaşırdılar. Söz düşmüşkən bir məqamada aydınlıq gətirim. Üçüzlərin diziylə bağlı xəbər çıxanda bəzi insanlar şərh yazmışdı. Guya biz özümüz uşaqları təqdim etmişik və bu kimi gərəksiz ifadələr... Amma onlar başa düşmür ki, bura Türkiyədir və burdakı dizi sektoru çox fərqlidir. Təbii olaraq hər kəs istərdi ki, övladı belə bir tarixi filmdə epizodik olsa belə rol alsın. Amma bu bizim istəyimizə bağlı bir şey deyil. Burda her şeyə peşəkarlıqla yanaşılır. Parametrlər uygun gəlməsə həyatda o dizinln qapısından içəri girmək omazdı. Sadəcə qaydaları bilməyərək belə zəkasız danışanları qınayıram. Fikir söyləyəndə bir az məntiqli danışmaq lazımdır.

- Uşaqlara başqa dizilərdən təklif gəlirmi?

- Hazırda biz Möhtəşəm yüzyıl dizisinin bağlı oldugu şirkətdə qeydiyyatdayıq. Gələcəkdə onlara başqa seriallarda lazım olarsa təklif edəcəklər. Bundan başqa bir reklam şirkəti ilə müqavilə bagladıq. Bir uşaq yeməyi qidasının reklamına çəkiləcəklər. Müqaviləmiz olduğuna görə hələki şirkətin adın çəkə bilmirəm. İndi uşaqların bir az kilo almasın gözləyirik. Hardasa yay aylarına reklam çəkiləcək.

- Gələcəkdə böyüyəndə bu sahədə davam etmələrin istəyərsənmi?

- Mən istəyərəm. Çünki bilirsən ki, Türkiyədə bu sahəyə diqqət hörmət fərqlidir. İşə peşəkar yanaşırlar. Amma uşaqlar böyüyəndə istəyəcəklərmi? Onu deyə bilmərəm. Birdə fiziki göstəricilər və istedad olacaqmı? Bunu gələcək göstərəcək. Təbii ki, olarsa mən bundan sevinərəm.

- Bayaqdan danışırıq. Elə üçüz deyib keçirik, adlarını soruşmamışam.

- Oğlanların ki, Taylan və Kaan, qızın adı Eylül. Taylan və Eylül adı atalarının, Kaan isə mənim seçimimdir.



- Doğurdan da deyəsən uşaqlar səni kölgədə qoyacaq. Səni axtarırdıq, indi uşaqlardan danışırıq. Hazırda işləmirsən. Planların nədir?

- Əslində mən işləyirəm. Sadəcə analıq məzuniyyətindəyəm. Bundan öncə Bakıda olurdum və işə gedirdim. Risqli hamiləlik keçirdiyim üçün həkimin verdiyi arayışla erkən iznə ayrıldım. Çünki xeyli müddət xəstəxanada həkim nəzarətində oldum. İndi isə uşaqlara baxmaq işi ilə məşğulam.

- Televiziya üçün darıxmırsan? Hansısa layihə həyata keçirməyi düşünmürsən?

- Mən televiziyada sevə-sevə işləmişəm. Televiziyadakı, intiriqalara, çirkablara, çətinliklərə baxmayaraq mən o işi sevmişəm. Yaqin ki, bir gün yeni layihə ilə televiziyada olacam. Buna gücüm və əzmim var. Özümü formadan düşmüş hesab etmirəm. Nə qədər evdə olsam da işləmə gücüm və qabiliyyətim itməyib.

- Azərbaycan mətbuatını, prosesləri izləyirsən?

-Mütləq, həm Türkiyə, həm Azərbaycan mətbuatın izləyirəm, xəbərlərə baxıram. 1 ildən çoxdu Azərbaycana getmirəm. Amma düzü məni siyasətdən, iqtisadiyyatdan çox Azərbaycan maraqlandırır. Çox darıxıram. Burnumun ucu göynəyir Bakı üçün.

- Qəribçilikdə çətindir...

- Çox ... İnsan hər an hiss edir. Çevrəndə tanıdıqların, qohumların, dostların yoxdu. Xüsusi ilə, xəstəxanada olanda bunu hiss etdim. Düzdü ailəmdən gələn olmuşdu. Amma anam üçün çox darıxdım. Onun yerini hiss etdim. Çox istəyirəm ki, o mənim yanımda olsun. Gözümü açanda onu görüm. Uşaqlarımın sevincini mənimlə bərabər yaşasın. Amma nə etmək olar ki, məsafələr bizi ayırır. Türkiyədə həyat yoldaşımın ailəsi, dostlarım var. Amma içimdə bir vətən nisgili hər zaman olur. Ailə həyatı, qısmətimiz bizi bura gətirdi. İnanın ki, çox səmimiyəm. Vətənin həsrəti hər zaman içimdə bir acıdır...İnsan qürbətdə bunu daha yaxından hiss edir.

Məhsəti Şərif
İstanbuldan AzVision.az üçün



Teqlər:  





Xəbər lenti