Ramiz Əzizbəyli vəfat etdi

   Ramiz Əzizbəyli vəfat etdi
  09 İyun 2021    Oxunub:1510
Azərbaycanın Xalq artisti Ramiz Əzizbəyli vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Qeyd edək ki, tanınmış kinorejissor bir müddət öncə koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. O, daha sonra infarkt keçirmişdi. Xalq artisti Zığ qəsəbəsində yerləşən modul tipli hospitalın reanimasiya şöbəsində müalicə olunurdu.

Xatırladaq ki, Ramiz Əzizbəyli 1948-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. O, M.A.Əliyev adına ADİİ-nun Mədəni-maarif fakültəsini bitirib. 1987-ci ildə "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə Beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda isə rejissor debütünə görə mükafata layiq görülüb. 1991-ci ildə isə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissoru olduğu "Yalan" bədii filmi isə Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Azərbaycanın “Əməkdar artisti”, 2008-ci ildə isə Azərbaycanın “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2018-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin!

Azvision.az


Teqlər: Ramiz-Əzizbəyli   Xalq-artisti  





Xəbər lenti