Futbol klublarımızı kimlər maliyyələşdirir? – DOSYE

Futbol klublarımızı kimlər maliyyələşdirir? – DOSYE
  11 Mart 2014    Oxunub:4394
Azərbaycan futboluna maliyyə axınının başladığı dövrdən bizi təxminən 10 illik zaman kəsiyi ayırır. 2004-cü ildə ölkəmizin futbol arenasında müşahidə olunan canlanma hələ də yaddaşlardadır.

Həmin dövr həm də elita klublarının müxtəlif məmurlara tapşırılması ilə əlamətdar oldu. Bəs indi hansı elita klubu kimin himayəsindədir?

“Neftçi”

Flaqmanı birbaşa ARDNŞ-in maliyyələşdirdiyini bilməyən yoxdur. Bu üzdən “Neftçi”nin maddi sıxıntı çəkmək ehtimalı yox deyiləcək qədər azdır. Hazırda AFFA prezidenti olan ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayevin məhz “Neftçi”nin prezidenti postundan AFFA-nın başçısı vəzifəsinə yüksəlməsi futbol funksionerlərimizin “ağ-qaralar”a daha yaxın olmasını düşünməyə əsas verir.
Bundan başqa, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin “ağ-qaralar”ın sabiq vitse-prezidenti olması da sıradan fakt deyil.“Neftçi”nin hazırıkı prezidenti Sadıq Sadıqovun, eləcə də ondan əvvəl bu vəzifəni tutan Əkbər Hacıyevin Rövnəq Abdullayevin qohumu olması “xalq komandası”nın birbaşa AFFA rəhbərinin nəzarətində olmasından xəbər verir.

“Qarabağ”

Ağdam təmsilçi maliyyə problemlərindən “Azərsun Holdinq” şirkətinin himayəsinə keçdikdən sonra qurtuldu. Baxmayaraq ki, “Azərsun”un rəhbərliyi bir neçə il əvvəl “Qarabağ”a pul ayırmağı dayandırmaq istəyirdi. Hətta bir dönəm klubdan tamamilə imtina etmək istəyən türkiyəli iş adamları “Qarabağ”ın birinci divizionda oynamasında maraqlı idilər. Həmin vaxt dövlət başçısının işə qarışmasının vəziyyəti dəyişdiyi haqqında xəbərlər dolaşmaqda idi. Məhz bundan sonra Abdulbari Gözəlin “köhlən atlar”ı maliyyələşdirməkdə davam etdiyi bildirilir.
Amma bununla belə, son bir neçə gündə “Azərsun Holdinq” rəhbərliyinin “Qarabağ”dan imtina edəcəyi yönündə xəbərlərin yayılması, belə demək mümkündürsə, suların hələ dədurulmadığını deməyə əsas verir.

“İnter”

Paytaxtın “İnter” komandasına Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev nəzarət edir. Amma Hacıyevin də “bankirlər”ə böyük pullar yatırdığını demək olmaz. Ötən yaydan büdcəsinə məhdudiyyət qoyulan “bank təmsilçisi”nin bütün bunlara rəğmən, iddialılar sırasında olması alqışlanmalıdır.

Bundan başqa, Cahangir Hacıyevin “Simurq”u da maliyyələşdirdiyi bəllidir. Amma Beynəlxalq Bankının İdarə Heyətinin sədrinin Zaqatala təmsilçisini də yağ içində böyrək kimi saxladığını iddia etmək mübaliğəli yanaşma olardı.

“Xəzər-Lənkəran”

Bəlkə də elita klubları arasında komandaya ən çox pul yatıran klub “Xəzər Lənkəran”dır. Amma bu qədər dəstəyin qarşılığında nəticələri ən bərbad olan kollektiv də “ağ-yaşıllar”dır.
“Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun 10 il əvvəl yaratdığı və sonradan qardaşı Mais Mənsimovun öhdəsinə buraxdığı “Xəzər Lənkəran”da işlər qaydasında getmir. Məhz bu səbəbdən bir neçə dəfə komandanı maliyyələşdirməyi dayandırmaq istəyini dilə gətirən Mənsimov Lənkəran stadionunu fermaya çevirmək iddiasını da ortaya qoymuşdu.

“Qəbələ”

Bir neçə il əvvəl ölkənin futbol səhnəsində iddialı klublardan olan “Karvan” və “MKT Araz”ı Fövqəladə hallar naziri Kəmaləddin Heydərov maliyyələşdirirdi. İndi isə “Qəbələ” Heydərovun himayəsindədir. Qəbələnin eyniadlı komandasının prezidenti postunu Kəmaləddin Heydərovun oğlu, “United Enterprises İnternational” şirkətlər qrupunun İdarə Heyətinin sədri Tale Heydərovun tutması da hər şeyi deyir.

“Bakı”

`Baghlan Group FZCO`-nun prezidenti Hafiz Məmmədovun AFFA prezidenti Rövnəq Abdullayevlə problem yaşaması üzündən “Bakı”nın prezidenti postunda çox qalmayacağı proqnozlaşdırılsa da, “Hafka” ləqəbli iş adamının Gənclər və idman naziri Azad Rəhimov və Nəqliyat naziri Ziya Məmmədovla yaxınlığı səbəbindən “Bakı”dakı vəzifəsində qaldığı bildirilir.
Hətta Məmmədovun “Lans” və “Atletiko” (Madrid) klublarındakı layihələrini də məhz sözügedən nazirlərin dəstəyi ilə həyata keçirdiyi bildirilir. Böyük məbləğdə maddi vəsaitin yatırıldığı “Bakı”nın, dolayısıyla da Hafiz Məmmədovun uğursuzluğuna məhz həmin əlaqələr üzündən göz yumulduğu bildirilir.
Xatırladaq ki, “Bakı”nın fəxri prezidenti postunu “ZQAN Holdinq”in Müşahidə Şurasının sədri, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov tutur.

AZAL

Bakının AZAL komandasını Azərbaycan Hava Yollarının prezidenti Cahangir Əsgərov maliyyələşdirsə də, “təyyarəçilər”in uçuş zolağından rahat qalxdığını demək olmaz. Çempionatda məhdud büdcə ilə mübarizə aparan AZAL-dan mövcud şərtlər daxilində ciddi uğur gözləyənlər o qədər də çox deyil.
Xatırladaq ki, son illərdə uğur qazanmaqda çətinlik çəkən paytaxt klubu haqqında mətbuatda çeşidli informasiyalar dolaşmaqda idi. Hətta ötən mövsümün sonunda Cahangir Əsgərovun “mənə belə komanda lazım deyil” deməsindən sonra komandanın startegiyasını dəyişdiyi bildirilir.

“Rəvan”

“Nurgün Motors”un prezidenti Nuru Əliyevin himayəsində olan “Rəvan”ın iş adamına ciddi fayda verdiyini düşünməyə əsas yoxdur. Nuru Əliyev “Bakı”nın prezidenti Hafiz Məmmədovla quda olması üzündən “Rəvan”la “Bakı” arasında yaxınlığın olması da istisna olunmur.
Xatırladaq ki, bir müddət əvvəl “Rəvan”a sponsorluq etməkdən imtina etməyi düşünən “Nurgün Motors”un rəhbərini bu fikirindən “Bakı”ya yaxınlığı ilə tanınan şəxslərin daşındırdığı deyilir.

“Sumqayıt”

Əslində, 2010/2011-ci illər mövsümündə birinci divizionda 7-ci pilləni tutmasına baxmayaraq, AFFA-nın premyer-liqada oynamaq hüququ verdiyi “Sumqayıt”ın federasiyanın himayəsində olacağı o vaxtdan məlum idi. Komandanın prezidenti Kamran Quliyev olsa da, “gənclik şəhəri” təmsilçisinin dolayısıyla AFFA-nın baş katibi Elxan Məmmədovun və ARDNŞ-in və AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun nəzarətində olması yönündə məlumatlar dolaşır.
“Sumqayıt”ın prezidenti Kamran Quliyevin bu posta AFFA-nın texniki direktoru vəzifəsindən gəlməsi və ən əsası da, bu klubun rəsmi sponsoru olan “Azərkimya”nın SOCAR-ın balansında olması komandanın dolayısıyla AFFA-nın himayəsində olduğunu düşünməyə əsas verir.

Aşağı divizionda vəziyyət necədir?

Bu gün ölkə futbolunda sponsor probleminin olmas heç kimə sirr deyil. Azərbaycanın birinci divizionunda isə vəziyyət bir qədər də çətindir. İndi aşağı dəstədə mübarizə aparan “Karvan” klubunun vaxtilə Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən maliyyələşdirildiyi haqqında yuxarıda bəhs etdik. Bundan başqa, bir vaxtlar “Şəmkir”i iş adamı Şahbaz Süleymanov, “Şuşa”nı Türkiyənin "Football Sportive Consult" şirkəti himayə edirdi. İndi isə aşağı dəstə təmsilçilərinə sponsorluq edən tapılmır.

Hazırda həmin klublar yerləşdikləri bölgənin icra hakimiyyətlərinin himayəsi altındadır. Bəzi klubları isə AFFA maliyyələşdirməkdədir. Məsələn, I Divizionda çıxış edən “Neftçala” və “Qaradağ Lökbatan”ın rəsmi sponsoru SOCAR-dır. Bundan başqa, rəsmən açıqlanmasa da, “Ağsu”, “Şəmkir”, “Şuşa”, “Mil Muğan”, “Kəpəz”, “Bakılı” və “Turan –T”nin büdcəsi də SOCAR-dan ayrılan pulun hesabına formalaşır.

Hər halda, PFL-in prezidentinin “Şuşa”nı saxlamasını, eləcə də “Şəmkir” rəhbərliyinin maliyyə məsələlərinin PFL tərəfindən həll olunmasını etiraf etməsi də hər şeyi ortaya qoyur.

Tural Məmmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti