Benzinin bahalaşması maşın bazarına necə təsir edəcək?

 Benzinin bahalaşması maşın bazarına necə təsir edəcək?
  02 İyun 2021    Oxunub:1454
Xəbər verdiyimiz kimi, Azərbaycanda Aİ-95 ("Premium") və Aİ-98 ("Super") markalı benzin bahalaşıb. Ölkəyə 2014-cü ilin aprelin 1-dən idxal olunan Aİ-95 benzininin qiyməti 1,25 manatdan 1,40 manata, Aİ-98 benzininin qiyməti isə 1,40 manatdan 1,55 manata yüksəlib.
Aİ-95 ("Premium") və Aİ-98 ("Super") markalı benzin bahalaşması avtomobil bazarında qiymətlərə təsir edəcəkmi?

Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov Azvision.az -a bildirib ki, Azərbaycanda Aİ-92 və dizel yanacağının qiyməti Tariff Şurası tərəfindən tənzimlənsə də, Aİ-95 markalı benzinin qiyməti sözügedən qurum tərəfindən tənzimlənmir:

“Bu baxımdan Aİ-95 və Aİ-98 markalı benzinin qiyməti bazarda xüsusilə idxal xərclərindən asılı olaraq müəyyənləşir. Dünya bazarında neftinin qiymətində artımlar var. Son həftələrdə müşahidə edilən artımlar neftin 1 barelin qiymətinin 70 dollardan daha üstün olmasına və psixoloji həddi keçməsinə səbəb olub. Neftin qiymətindəki artımlar idxal olunan benzinin xərcini də təsir göstərməkdədir”.



V.Bayramov bildirib ki, Aİ-95 və Aİ-98 benzinin qiyməti sahibkarlar tərəfindən müəyyənləşdirilir. Onun sözlərinə görə, digər tərəfdən qiymət artımı avtomobil bazarına ciddi təsir etməyəcək:

“Aİ-95 markalı benzin tənzimlənən enerji məhsullarının qiymətləri ilə bağlı olmadığına görə, onun bazara təsir imkanları məhduddur. Azərbaycanda əsasən Aİ-92 markalı benzin istifadə olunur. Bizim qiymətləndirmələr göstərir ki, sürücülərin 90 faizdən çoxu bu markalı benzindən istifadə edir. Aİ-95 markalı benzinin qiymətindəki artımlar bazara xüsusi təsir göstərməməlidir. Çünki Aİ-95 markalı benzindən istifadə edən sürücülərin sayı xeyli azdır. Bu, avtomobil bazarında da ciddi dəyişikliklərə səbəb olmayacaq. Mütəmadi olaraq biz Aİ-95 markalı benzinin qiymətindəki dəyişiklikləri müşahidə edirik. Bir sıra hallarda xərcə uyğun olaraq qiymətin azalması, bir sıra hallarda artması müşahidə olunur".

Aytən Zəhra
Azvision.az


Teqlər: Benzin   Qiymət  





Xəbər lenti