Ailə dağıdanların əsas “arqumentləri”

   Ailə dağıdanların əsas “arqumentləri”
  27 May 2021    Oxunub:5259
Ramin Lev

Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı və xalqımızın tarix boyu müxtəlif adlar altında qurduğu dövlətlər sadəcə bir sütunun üzərində qərarlaşıb. Bu sütunun adı AİLƏdir. Ailə - cəmiyyətin əsas özəyidir və bu səbəbdən də, dövlət, yəni əhali və hökumət birlikdə ailəni qoruyur (AR Konstitusiyası / 17.I).
Ailə geniş anlayışdır, ancaq onun da əsasını nikah - kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaq təşkil edir (AR Ailə Məcəlləsı/2.3). Təəssüflə də olsa, vurğulamaq lazımdır ki, sözügedən "könüllü ittifaq" son dövrlər çox ciddi təhdidlərlə üz-üzədir. Boşanmaların sayı, məişət zorakılığı halları getdikcə artır. Bu neqativ tendensiya isə, öz növbəsində, intiharlar, cinayətkarlıq və s. kimi başqa problemləri də meydana gətirir.

Nikahların pozulmasına gətirib çıxaran səbəblər hansılardır? Bu səbəblərin bəzilərini məhkəmə işlərindən götürdüyüm iddiaçı və ya cavabdehlərin ifadələrindən sitat gətirməklə, diqqətinizə çatdırıram:

- "Gəldiyi gündən əlini ağdan-qaraya vurmayıb!" - qayınana.
- "Mən əvvəldən razı deyildim. Şirin dilinə saldı, yazıq oğlumu necə yoldan çıxardısa, indi də balamı mənim üstümə kükrədir!" - qayınana.
- "Balamı aparıb özlərinə qulluqçu ediblər, yazıq uşağa göz verib, işıq vermirlər!"- qız anası.
- "Ay balam, mən əvvəldən bilsəydim ki, oğlan dəlidir, qızımı verməzdim!" - qız anası.
- "Mən nə edim, oğlum məni eşitmir!" - qayınata.
- "Qızı istəməyə gələndə belə danışmırdılar, mənimlə nə düşmənçilikləri vardı, qoy izahat versinlər!" - qız atası.
- "Ay arvad, məni qulluqçu almışdınız, yoxsa qul? Az qala deyirdin ki, mən icazə verməsəm, nəfəs alma!" - gəlin.
- "Evə bir qəpik gətirmir!" - gəlin.
- "İçir gəlir evə, körpə uşağın gözünün qabağında, dişinin dibindən çıxanı deyir mənə, ana-atası da baxır, bir kəlimə demirlər!" - gəlin.
- "Mənə deyir çölə çıxma, pəncərədən baxma, İnternetə girmə! Ancaq özü evə səhər saat 5-də gəlir, bütün günü telefonda kimlərləsə yazışır!" - gəlin.
- "Ona neçə dəfə demişəm ki, anamın bir sözünü iki eləmə!" - ər.
- "Gör, həyasızlığa bax, götürüb instaqramda paylaşım edib, daha bundan böyük pozğunluq ola bilər? Hələ Allah bilir, kimlərlə yazışıb" - ər.

(Mən ailə mübahisələrinin tərəflərinin dilindən səsləndirdiyim bu "arqumentləri" xeyli bədiiləşdirmişəm, yumşaltmışam, təhqir və kin dolu elementlərdən təmizləmişəm.)

"Səbəbləri" görürsünüzmü?
Bir mütəxəssis kimi, uzun illərdir ən müxtəlif mübahisələrə dair ölkəmizin məhkəmə instansiyaları tərəfindən qəbul edilmiş qərarları araşdırır və təhlil edirəm. Qayınananın gəlinini qəsdən acılayıb, özünə söydürüb, səsini diktafona yazdırması, ərin və ya arvadın guya sınamaq məqsədilə həyat yoldaşına son dərəcədə təhrikedici mesajlar yazdırması, qayınatanın gəlinini döyməsi və s. kimi dəhşətli faktlar var.

Digər bir acınacaqlı durum ailə mübahisələrinin həllilə əlaqədardır. Təcrübəyə nəzər salanda açıq görülür ki, adi bir ailə münaqişəsi valideyinlərin, yaxın və ya uzaq qohumların, dost-tanışın və s. müdaxiləsi nəticəsində elə bir vəziyyətə gəlib çatıb ki, artıq tərəflərin boşanmaqdan özgə əlacı qalmır.
Ailə mübahisələri o qədər həssas məsələlərdir ki, onların həllinə mütləq peşəkar insanlar, sırf bu sahədə ixtisaslaşmış psixoloqlar, vəkillər, hüquqşünaslar, mediatorlar və s. cəlb olunmalıdır. Yeri gəlmişkən, hökumətin bu istiqamətdə gerçəkləşdirməkdə olduğu alqışlanmalı bir addım da var. Yaxın zamanlarda ailə, ticarət və s. münaqişələrin həlli üçün insanlar ilk mərhələdə məhkəmələrə deyil, mediatorlara, yəni vasitəçilərə müraciət etməli olacaqlar.

Dəyərli ailə mənsubları! Ailə kişi və qadının könüllü ittifaqıdır! Bu ittifaqın iki tərəfi var - ər və arvad! Bu iki tərəf ilk bir illik müddət ərzində adaptasiya və ya uyğunlaşma dövrünü uğurla keçərlərsə, o zaman nikahın uzunömürlü olması şansları artar. Bu iki tərəf problemlərini ancaq özləri, öz aralarında müzakirə etməyi bacarmalıdırlar! Bəzən bu, mümkün olmur, çünki ailə münaqişələrini həll etmək elmi və peşəkar yanaşma tələb edir! Əgər ər və arvad hər hansı problemləri həll etməkdə çətinlik çəkirsə, ailənin dağılmağını istəmirlərsə, birlikdə qərar verib, valideyinlərə, yaxınlara, dost-tanışa deyil, mütləq peşəkarlara müraciət etməlidirlər.



Teqlər: Boşanma  





Xəbər lenti