Azərbaycanla Britaniya arasında nəqliyyat müzakirəsi

Azərbaycanla Britaniya arasında nəqliyyat müzakirəsi
  21 May 2021    Oxunub:1776
Mayın 21-də Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevlə Böyük Britaniyanın Dövlət Katibinin Parlament nümayəndəsi, ixracat naziri Qraham Styuart arasında görüş keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Azvision.az -a bildirilib ki, görüş zamanı R.Nəbiyev ölkələrimiz arasında əməkdaşlığın inkişafında birbaşa hava əlaqəsinin böyük rola malik olduğunu bildirib. “COVID-19 pandemiyasına qədər “Azərbaycan Hava Yolları” tərəfindən Bakı və London şəhərləri arasında həftədə 3 müntəzəm sərnişindaşıma reysi yerinə yetirilib və ümidvaram ki, bu reyslər tezliklə bərpa ediləcək”, – deyə nazir vurğulayıb.

Yüklərin və xidmətlərin sərbəst axınının təşkili və ixrac-idxal əməliyyatlarının asanlaşdırılmasında avtomobil nəqliyyatı ilə daşımaların əhəmiyyətinə toxunan R.Nəbiyev qeyd edib ki, “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Krallıq Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş” layihəsi, demək olar ki, tam razılaşdırılıb və onun növbəti yüksək səviyyəli səfərlər çərçivəsində imzalanması nəzərdə tutulur.

Nazir Azərbaycan hökumətinin ölkədə ekoloji təmiz nəqliyyatın təşviqinə xüsusi önəm verdiyini söyləyib: “2020-ci ilin avqust ayında Birləşmiş Krallıq istehsalı olan 100 ədəd “LEVC TX” markalı elektromobil alınaraq ölkəyə gətirilib və hazırda nazirliyin tabeliyindəki “Bakı Taksi Xidməti” MMC tərəfindən istismar olunur.

R.Nəbiyev, həmçinin bildirib ki, Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərdə və respublikanın digər bölgələrində “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin icrası zamanı Böyük Britaniya təcrübəsinin öyrənilməsində maraqlıdır.

Sonda nazir Bakıda təşkil olunmuş Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Krallıq Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasının və britaniyalı nazir Qraham Styuartın keçirdiyi görüşlərin iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinə və qarşıya qoyulmuş məqsədlərə çatılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Azvision.az


Teqlər: Britaniya   Nazirlik  





Xəbər lenti