Avropa çempionatı: İki güləşçimiz finala yüksəlib
Millimizin üzvü Orxan Abasov (86 kq) əvvəlcə İsrail, daha sonra isə Ukrayna güləşçisinə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Almaniya təmsilçisindən də güclü olan O.Abasov adını finala yazdırıb. Güləşçimizin rəqibi Amanula Rasulov (Rusiya) olacaq.
Çempionatda 92 kiloqram çəki dərəcəsində mübarizə aparan Osman Nurməhəmmədov qitə birinciliyinə inamlı qələbə ilə start verib. Yerli idmançını vaxtından əvvəl xalçadan məyus yola salan O.Nurməhəmmədov Rusiya təmsilçisini də minimal hesabla üstələyib və yarımfinala vəsiqə qazanıb. Yığmamızın üzvü Belarus güləşçisini də məğlub edərək finala adlayıb. Həlledici mərhələdə güləşçimiz Erhan Yaylacı (Türkiyə) ilə üz-üzə gələcək.
Vahid Qalayev səkkizdəbir finalda Gürcüstan, dörddəbir finalda isə Ermənistan güləşçisinə gücünü göstərərək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında türk rəqibinə minimal fərqlə uduzub. İdmançımız bürünc medal uğrunda görüşdə Paris Karepi (Almaniya) / Georgi İvanov (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Bu çəkilərdə təsəlliverici və medal görüşləri mayın 19-da keçiriləcək. Bakı vaxtı ilə saat 13:30-da təsəlliverici qarşılaşmalar başlayacaq. Saat 20:00-da isə medallar uğrunda həlledici mübarizəyə start veriləcək.
Azvision.az
Teqlər: Güləş Avropa-Çempionatı