Muğanlı-İsmayıllı-Qəbələ yolunun tikintisinə başlanılıb

Muğanlı-İsmayıllı-Qəbələ yolunun tikintisinə başlanılıb
  18 May 2021    Oxunub:2170
Paytaxtı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması layihəsi çərçivəsində ilk 14 km-lik hissədə tikinti işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, məhz yolun bu hissəsi geoloji və hidrogeoloji cəhətdən ən mürəkkəb, sürüşmələrə məruz qalan hissəsi hesab olunur.

Yolun uzunömürlü və davamlı olması üçün burda sürüşməyə qarşı tədbirlər olaraq svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işlərinin icrası nəzərdə tutulub. Qurğular qüvvədə olan normativ yüklərə görə, 9 bal seysmikliyi nəzərə alınmaqla hesablanıb.



Dövlət başçısının xüsusi tapşırığı ilə hazırlanan layihədə Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9.7 km qısalaraq 76.8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.

Yolun ilk 2 km-lik ərazisi Muğanlı qəsəbəsinə çatmamış mövcud yolun lokal sürüşmə sahəsindən əvvəl başlanıb, sözügedən qəsəbədən və qəsəbədən sonrakı enişdə aktiv sürüşmə sahəsindən yan keçməklə inşa edilir. Nəticədə Ağsuçayınadək olan hissəsində yol 1.1 km, Ağsuçaydan sonrakı hissədə yol yeni istiqamət üzrə yeni Ağsuçay körpüsü və tunel hesabına 1.4 km qısalır.



Layihələndirilən yolun 4.5-ci km-də Ağsuçayla və çay vadisi ilə kəsişmədə 1135 metr uzunluqda və 76.5 m hündürlüyündə böyük asma körpü inşa edilir. Hazırda körpünün dayaqlarında qazma və svay bərkitmə işləri, svayların bütövlük və statik testləri, həmçinin dayaqların bəzilərində bünövrələrin tikintisi işləri aparılır.

Yolun Ağsuçayı üzərindəki körpüdən sonra qarşıya çıxan hündür dağdan uzunluğu 865 metr olan tunellə keçməsi nəzərdə tutulur ki, artıq bu hissədə də tikinti işlərinə başlanılıb. Hazırda yeni tunelin giriş və çıxış portalında qazma işləri, həmçinin svay bərkitmə işləri icra olunur.

Ümumilikdə yeni layihə boyu 1 tunel, 1-i asma körpü olmaqla 8 böyük və 5 kiçik körpü layihələndirilib. Bunlardan Girdmançay, Talıstançay, Ax-ox çayı, Göyçay çayı və Vəndamçay üzərində yerləşən 5 mövcud körpü 4 zolağa uyğun yenidən qurularaq genişləndirilir. 3 körpü – Ağsuçay, Gülyançay və Dəmiraparançay isə yolun dəyişdirilmiş yeni istiqaməti üzrə yenidən 4 zolağa uyğun layihələndirilib tikilir. Bundan başqa yol boyu kiçik dərələr üzərində yerləşən 5 körpü sökülüb yeni boru şəkilli kiçik körpülərlə əvəzlənir.



Bununla yanaşı bütün yol boyu mövcud olan müxtəlif ölçülü yolaltı suötürücü boruların texniki vəziyyətləri pis olduğundan yenilənməsi nəzərdə tutulur.

Layihə üzrə Basqal kəndi yaxınlığında yolu düzləndirmək hesabına məsafə 2.2 km qısalır. Digər hissələrdə isə layihələndirilən yol Qəbələ şəhərinədək mövcud ox üzrə davam edəcək. Yalnız yol Qəbələ şəhərinə daxil olmadan soldan yeni hissə ilə Dəmiraparançay vadisindən keçərək şəhərin çıxışında mövcud yola birləşəcək və bunun hesabına yol bu hissədə daha 5 km qısalacaq.

Layihənin əsas məqsədlərinə aşağıdakılar daxildir:

- Hərəkət şiddəti və yolun yükgötürmə qabiliyyətinin yaxşılaşdırılması;

- Yol-nəqliyyat hadisələrinin, səyahət müddətinin və nəqliyyat xərclərinin azaldılması;

- İqtisadi artımın sürətləndirilməsi və qonşu ölkələrlə ticari münasibətlərin inkişafına təkan verilməsi;

- Sürücülər və yerli əhali üçün yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi;

- Avtomobil yolunun keçdiyi ərazilərdə, regionun potensial imkanlarının genişləndirilməsi;

- Regionda turizmin inkişafı.



Azvision.az


Teqlər: Muğanlı   İsmayıllı   Qəbələ   Yol   AAYDA  





Xəbər lenti