Bəzi fermerlər dövləti aldatmaq istəyib

   Bəzi fermerlər dövləti aldatmaq istəyib
  17 May 2021    Oxunub:3168
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) fermerləri əkin bəyanı edərkən diqqətli olmağa və əkin planlarındakı dəyişiklikləri mayın sonuna qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan etməyə çağırır.
Azvision.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumatda, həmçinin deyilir ki, fermerlər sistemə bu günə qədər təxminən 65 % bəyan daxil edib.

AKİA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal bildirib ki, Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) və AKİA-nın yerlərdə apardığı monitorinqlər zamanı bəzi fermerlərin real əkin ərazilərinin və əkdikləri bitkilərin onların EKTİS-dəki bəyanları ilə üst-üstə düşmədiyi aşkarlanıb: “Bu cür uyğunsuzluqların ortaya çıxması fermerin 1 və ya 2 il müddətinə subsidiyadan məhrum edilməsinə səbəb olur. Ona görə də fermerlər bəyanları düzgün etməlidilər”.

Hazırda paralel olaraq monitorinqlər də aparılır. Subsidiya qaydaları ölkə prezidentinin 2019-cu il 27 iyun tarixli fərmanı ilə təsdiq edilib. Qaydalara əsasən, bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 5%-ə qədər olduqda subsidiya monitorinq nəticəsində müəyyən edilmiş sahəyə görə verilir. Fərq 5 %-dən çox, 20 %-dən az olduqda, veriləcək subsidiyanın məbləği 30% azaldılır. Fərq 20–50% olduqda cari il ərzində həmin fermerə subsidiya ödənilmir. 50 %-dən çox fərq olduqda isə həm cari, həm də sonrakı il ərzində fermer subsidiya ala bilmir.

Qurum rəsmisi onu da əlavə edib ki, AKİA yazlıq və çoxillik əkinlərində (bağlar) hər hansı bir dəyişiklik etmiş fermerlərə EKTİS-də şəxsi kabinetlərinə daxil olub əkin bəyanlarında həmin yeniliyi də göstərməyi tövsiyə edir .

Yazlıq və çoxillik əkinlər üçün bəyanlar fevralın 1-dən başlanıb və hazırda davam edir. Xatırladaq ki, fermerlər 31 may tarixinə qədər bütün bəyanları düzgün daxil etməlidilər. Bəyanlarında uyğunsuzluq olmayan fermerlərə iyun ayında subsidiya ödənişləri edilməsi nəzərdə tutulur.

Azvision.az


Teqlər: Fermer   Subsidiya  





Xəbər lenti