Azərbaycan iqtisadiyyatı birinci rübü artımla başa vuracaq

 Azərbaycan iqtisadiyyatı birinci rübü artımla başa vuracaq
  17 May 2021    Oxunub:2473
Bu ilin 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. Belə ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsal olunub.
Bunu Azvision.az -a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, azalma daha çox iqtisadiyyatın neft-qaz sektoru ilə bağlı olub:

"Belə ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 8,4 faiz azalıb. Bu müddətdə qeyri neft-qaz sektorunda 4,1 faiz artım qeydə alınıb. Qeyri-neft sektorundakı artım neft sənayesindəki azalmanı xeyili dərəcədə balanslaşdıra bilib. Qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsi həmçinin bu ilin yanvar ayından sonra sərt karantin tədbirlərinin tətbiq edilməməsi ilə bağlıdır. Son 4 ayda Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin tədbirlərinə getmədən yoluxma sayını optimallaşdıra bilməsi təqdirə layiq haldır. Xüsusən nəzərə almaq lazımdır, əksər ölkələr, o cümlədən qardaş Türkiyə yaz aylarında sərt karantin tətbiq etmək məcburiyyətində qaldılar. Bu baxımdan, real sektorda minimum məhdudiyyətlər ilə Azərbaycanda yoluxma sayının azaldılmasına nail olunması müsbət haldır".

Deputat bildirib ki, epidemioloji vəziyyətə uyğun olaraq növbəti mərhələlərdə də real sektorda məhdudiyyətlərin sayının azaldılması məqsədəuyğun olardı:

"Digər tərəfdən, məhdudiyyətlərin minimumlaşdırılması vaksinasiya səviyyəsindən də asılı olacaq. O baxımdan, daha intensiv vaksinasiya real sektorun daha tez tam açılmasına gətirib çıxara bilər. Vaksin ehtiyatlarımızın çox olduğunu nəzərə alsaq, bu prosesdə hər birimizin fəal iştirakı vacibdir. Qeyri-nefti sektorundakı artım tempini nəzərə aldıqda Azərbaycan iqtisadiyyatının bu ilin birinci rübünü artımla başa vuracağı gözlənilir. Məhdudiyyətlərin azaldılması iqtisadi aktivliyə müsbət təsir göstərməklə yanaşı həmçinin məşğulluğun təmini baxımdan da vacibdir. Bu baxımda yoluxma sayının azalması davam edərsə, o zaman bir sıra məhdudiyyətlərin də aradan qaldırlacağı istisna edilmir".

Azvision.az


Teqlər: İqtisadiyyat   Azərbaycan  





Xəbər lenti