İrəvanın sərhəd təxribatı nəyə hesablanıb? - ŞƏRH

 İrəvanın sərhəd təxribatı nəyə hesablanıb? -  ŞƏRH
  16 May 2021    Oxunub:8992
Son günlər rəsmi İrəvan Azərbaycan-Ermənistan sərhədində süni şəkildə gərginlik yaradır. Azərbaycan sərhəd qüvvələrinin ölkəmizə aid mövqelərdə yerləşməsinə və bu proseslərin adi rejimdə, sistematik qaydada icra olunmasına baxmayaraq, qarşı tərəf məsələni siyasiləşdirərək təxribatçı mövqe sərgiləyir.
Ekspertlər İkinci Qarabağ müharibəsindən məğlub çıxan, nəinki ordusu, iqtisadi və sosial durumu ağır vəziyyətə düşən Ermənistanın yeni təxribatlarda maraqlı olmasını anormal hal hesab edirlər. Ölkədə daxili siyasi gərginliyin xarici siyasətə də sirayət etməsini, Azərbaycanla münasibətlərin süni şəkildə pisləşdirilməsini İrəvanın əleyhinə işləyən amil kimi qiymətləndirirlər.

Məsələni Azvision.az –a şərh edən politoloq Tofiq Abbasov deyib ki, son vaxtlar Ermənistan tərəfindən sərhəd məsələsi ilə bağlı əsası olmayan, təxribat xarakterli açıqlama və davranışların sərgilənməsinin bir sıra səbəbləri var. Bu işdə xaricdən bəzi qüvvələrin dirijorluq etməsi diqqət çəkir:

“Ümumiyyətlə, ermənilərin sərhədlərin bərpası məsələsində təxribat yolunu seçməsi onların milli xislətindən, xarakterlərindən irəli gəlir. Ermənilər dialoqa getmək, qarşı tərəflə sivil qaydada dil tapmaq, dinc yaşamaq, orta məxrəcə gəlmək istəyindən və məfkurəsindən həmişə uzaq olublar. Bu adamlar üçün xarakterik olan, səciyyəvi görünən norma cığallıqdır. Dəfələrlə müşahidə etmişik ki, İrəvanda müxtəlif siyasi və eləcə də digər mədəni və s. məsələlərdə cığallıq nümayiş etdirərək öz məqsədlərinə nail olmağa çalışıblar. Hazırda yaranmış sərhəd gərginliyi isə qarşı tərəfdən yersiz formada şişirdilir, siyasi cığallığın təxribat formasına əl atılır. Fransa prezidenti Emmanuel Makron, digər iki-üç adı üstündə olan əcnəbi siyasətçilər ermənilərin mövqeyindən çıxış edib, məsələnin mahiyyətinə varmadan qarşı tərəfi dəstəklədilər. Amma bu adamların biri də demir ki, həmin bizim sərhədlərimiz daxilinə düşən torpaqlar - Qaragöldən tutmuş digər müəyyən yüksəkliklərə qədər olan ərazilər hər zaman Azərbaycana aid olan mövqe və bölgə olub”.



Politoloq xatırlatma edib ki, Sovet illərində çəkilmiş sərhəd xətləri var, bu fakt Qaragölün Azərbaycana aid olmasını aşkar şəkildə göstərir. Hətta Azərbaycan SSR Nazirlər Sovetinin 17 noyabr 1987-ci il tarixli qərarı ilə burada Qaragöl qoruğu da yaradılmışdı:

“Həmin illərdə haqqında söz açılan göl də daxil olmaqla böyük bir ərazi tərəfimizdən qoruq elan edilmişdi. Bölgədə bu istiqamətdə müəyyən işlər görülüb. Təəssüf ki, çox keçmədən sərhəddə və ümumilikdə Qarabağda problemlər, münaqişə baş qaldırdı. Bu gün biz öz keçmiş sərhədlərimizi bərpa edir, tarixi ərazilərimizə qayıdırıq. Həmin ərazi bizə məxsus olub deyə, demarkasiya işləri Qaragöldən keçdi. İndi İrəvanın təxribatına uyub tək-tük halda Avropadan və ya okeanın o tayından haray-həşir salanlardan biri də özünə sual etmir ki, görəsən, bu yeni erməni oyununun doğruluğuna əsas var, ya yox. Bu baxımdan, əvvəllər də olduğu kimi Qərbdən gələn erməni sevdalılarının reaksiyalarına fikir verməməli, razılaşmaya uyğun olaraq sərhədlərimizi son qarışına kimi bərpa etməliyik”.



Tofiq Abbasovun sözlərinə görə, nə qədər ki, işğalçılıq siyasəti davam edirdi, Azərbaycan özünün qanuni və tarixi torpaqlarından uzaq düşmüşdü, xalqımız 30 il həsrətlə yaşayırdı, bu təxribatçıların, “makronlar”ın müdaxilələri, bəyanatları bizdə qıcıq doğururdu, cəmiyyətimizi hiddətləndirirdi. Amma indi isə situasiya, regiondakı ümumi vəziyyət köklü şəkildə dəyişib:

“Biz artıq öz həqiqətlərimizi dünyaya dərk etdirmiş, düşməni ağır şəkildə məğlub etmişik. Bu gün rəsmi Bakıda böyük üstünlüklər var. Hətta son vaxtlar müşahidə edirik ki, lazım gəldikcə Azərbaycan Ordusu hərbi dronlarını belə havaya qaldırır, aktiv təlimlərlə siyasi mesajlarını vermiş olur. Bütün bunlar qarşı tərəfə və onları himayə edənlərə bir siqnaldır ki, təxribatçılar bir az sağlam dalğada olsunlar. Dağıdıcı dalğadan uzaq dursunlar. Səbəb oldu-olmadı dərhal vay-şüvən qaldırmasınlar. Ona görə də, indiki situasiyada, üstünlüyü ələ keçirdiyimiz bir durumda biz gərək bütün proseslərin hamısını həm fəlsəfi, həm də müdrikliklə qarşılayaq. Çünki gücümüz var, strategiyamız var, hazırlığımız yüksək səviyyədədir, xalq-dövlət birliyi isə başqa ölkələrə nümunədir. Bütün bu amillər yalnız ordusuz qalmış İrəvanın, onun təxribatlarının deyil, istənilən qüvvənin cavabına çevrilə biləcək komponentlər, arqumentlərdir. Bu baxımdan hazırda Ermənistan nə edir-etsin, sonda biz deyən olacaq.

Son proseslərdə Ermənistanın saldığı səs-küy, soylarına xas şəkildə qaraçısayağı davranışları onların daxili siyasi proseslərindən qaynaqlanır. Təxribatlar həm də qarşıdan gələn seçkilərlə bağlıdır. Paşinyan anlayır ki, seçki gününə kimi nə qədər əlavə divident qazansa, bu bir o qədər ona xeyir verəcək. Ona görə də, məğlub baş nazir kimi tarixə düşən bu şəxs son təxribat hadisələrindən istifadə etməyə çalışır. Düzdür, rəqiblər də boş dayanmırlar, müəyyən gedişlərlə xalq arasında aktiv görünməyə çalışırlar. Məsələn, Sarkisyanla Koçaryan əl-ayağa düşüblər. Amma bu şəraitdə hazırda Nikol daha çox təxribatlardan yararlanmağa çalışır. Onların xarici siyasət idarəsi bəyanatlar verir, guya Azərbaycanı sağlam nöqtəyə dəvət edirlər. Halbuki, onlar özləri qeyri-sağlam mövqedən çıxışlar edirlər. Səs-küy salıb, özlərinə lazım olan fon yaratmağa çalışırlar ki, guya artıq Paşinyan sərhəd məsələsində geri çəkilmir, hücum mövqeyindədir. Hətta Azərbaycana təpki verməyə belə cəhdlər göstərir. Düşünürəm ki, bütün bu siyasi gedişlər həm də sırf baş nazir vəzifələrini icra edən Paşinyan üçün divident qazanmaq baxımından atılan addımlardır”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Sərhəd   Qaragöl   İrəvan   Politoloq   Qarabağ   Təxribat  





Xəbər lenti