Qəbələyə səfər edən turistlərin sayı daha da artacaq

 Qəbələyə səfər edən turistlərin sayı daha da artacaq
  16 May 2021    Oxunub:2481
Ləki stansiyası-Qəbələ birxətli dəmir yolununun istifadəyə verilməsi paytaxtdan Qəbələyə dəmiryolu vasitəsi ilə səfər etməyə imkan yaradacaq. Sözügedən dəmir yolu xəttinin uzunluğu ox üzrə 42,3 km, yan yollarla birlikdə isə 44,49 km-dir. Ləki stansiyası - Qəbələ birxətli dəmir yolu xətti çətin dağlıq relyefdə layihələndirildiyinə görə torpaq yatağı yüksək qazma (90 m) və tökmələrdən (12 m) keçir.
Bunu Azvision.az -a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu dəmiryolunun istifadəyə verilməsi daxili və gəlmə turizmin inkişafı baxımdan vacib hesab olunur.

"Qəbələ turistlərin ən çox səfər etdiyi rayonlarımızdandır. Turizmin inkişafı Qəbələ rayonunun iqtisadi göstəricələrinə də təsirsiz ötüşməyib. Rayonda yerləşən hotellərdə rəsmi qeydiyyatdan keçməklə qalanların sayı son 5 ildə 31 dəfə artıb. 2015-ci ildə sözügedən rayonda 5909 nəfər hotellərdə qalmışdırsa, pandemiyadan əvvəlki il bu rəqəm 186 431-dək yüksəlib. Həmin müddətdə hotellərin gəliri 393 min manatdan 30 milyon 919 min manatadək artıb. Hotellərdə nömrələrin sayı son 5 ildə 196-dan 1127-ə çatıb. Bu da birbaşa turizm sektorunda tələbin artması ilə bağlı olub. Turizmin inkişafı yan sahələrə də təsir edib. Belə ki, Qəbələdə son 5 ildə pərakəndə ticarət dövriyyəsi 32 faiz artaraq 197 milyon manata çatıb. Həmin müddətdə ictimai iaşənin dövriyyəsi 7 milyon 554 min manatdan 14 milyon 774 min manatadək yüksəlib".



Deputat bildirib ki, yeni dəmir yolu xəttinin istifadəyə verilməsi Qəbələyə səfər edən turistlərin sayının artmasına gətirib çıxaracaq. O, həmçinin əlavə edib ki, əcnəbi turistlərin qatarla səfərlərə üstünlük verdiyini nəzərə alsaq, bu gəlmə turizminin inkişafına da xüsusi töhvə verəcək.

Qeyd edək ki, Bakıdan Qəbələyə gedən dəmir yolu xəttində İsveçrənin “Stadler” şirkətinin istehsalı olan “Kiss” markalı elektrik qatarlarından istifadə olunacaq. Yolda orta sürətin saatda 100 km olması nəzərdə tutulur ki, bu da Bakıdan gedən sərnişinlərin 3 saat sonra Qəbələyə təhlükəsiz və rahat şəraitdə çatmasını təmin etmiş olacaq.





Anar Kəlbiyev
Azvision.az


Teqlər: Qəbələ   Dəmir-yolu   Turist  





Xəbər lenti