İranla sərhəddə atışma: İki hərbçimiz həlak oldu

 İranla sərhəddə atışma:  İki hərbçimiz həlak oldu
  15 May 2021    Oxunub:9493
Mayın 15-də saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dovlət sərhədini pozması aşkarlanıb.
DSX-nin mətbuat mərkəzindən Azvision.az-a bildirilib ki, sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açıb və əllərindəki yükü ataraq hadisə yerindən qaçmağa cəhd göstəriblər.

Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə ediliblər. Lakin onlarını həyatlarını xilas etmək mümkün olmayıb.

Hadisə yerində təxminən 10 kiloqram narkotik vasitəyə bənzər maddələr aşkarlanıb.

Hadisənin baş verdiyi ərazi qapadılıb və havadan nəzarət məqsədilə sərhəd aviasiyası tətbiq olunub. Sərhəd pozucularının axtarışı üzrə keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, digərlərinin axtarışı davam etdirilir. İran İslam Respublikasının vətəndaşı olan sərhəd pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə tədbirlər görülür.

Dövlət Sərhəd Xidməti rəisinin tapşırığına əsasən DSX rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədovun başçılığı ilə bir qrup zabit hadisə yerinə ezam olunub.

Hadisə barədə aidiyyəti hüquq mühafizə orqanlarına və İran tərəfinə məlumat verilib.

Azvision.az



Teqlər: DSX   Sərhəd   Atışma  





Xəbər lenti