Müharibə veteranlarına Prezident təqaüdləri verilir

Müharibə veteranlarına Prezident təqaüdləri verilir
  09 May 2021    Oxunub:2849
İkinci Dünya müharibəsi əlillərinə və iştirakçılarına Prezidentin təqaüdləri təyin olunaraq ödənilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a verilən məlumata görə, ötən dövrdə təqaüdlər mütəmadi olaraq artırılıb. Növbəti artım kimi, dövlət başçısının 2020-ci il dekabrın 30-da imzaladığı Fərmanla 2021-ci ilin əvvəlindən həmin təqaüdlər orta hesabla 50 faiz artırılaraq, I dərəcə əlilliyi olanlar üçün 400 manata, II dərəcə əlilliyi olanlar üçün 350 manata, III dərəcə əlilliyi olanlar üçün 300 manata çatdırılıb. İkinci Dünya müharibəsi iştirakçılarına təqaüd iki dəfə artırılmaqla 300 manata çatdırılıb.

Prezidentinin aylıq təqaüdü ilə yanaşı, İkinci Dünya müharibəsi iştirakçıları pensiya (orta aylıq məbləği 415 manatdır) ilə təmin edilirlər. Onlara pensiya təyin olunarkən pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr hesablanıb.

İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım verilməsi barədə Prezident İlham Əliyev tərəfindən hər il 9 May - Qələbə Günü ərəfəsində Sərəncam imzalanır. 29 aprel 2021-ci il tarixli Sərəncamla da Qələbənin 76-cı ildönümü ilə əlaqədar İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat, Sərəncamda nəzərdə tutulan digər şəxslərə 750 manat birdəfəlik maddi yardım verilib.

Sərəncam ümumilikdə 5648 şəxsi əhatə edib, onlardan 159-u İkinci Dünya müharibəsi iştirakçıları, qalanları isə digər kateqoriyalardan olanlardır.

Bu maddi yardımın məbləği son illərdə müharibə iştirakçıları üçün 3 dəfə, döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə və s. görə medal və döş nişanı ilə təltif edilmiş şəxslər üçün 4 dəfəyə yaxın artırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə İkinci Dünya müharibəsi əlillərinin mənzil və avtomobillə də təminatı həyata keçirilib.

Həmin kateqoriyaya aid vətəndaşların bərpa müalicəsi, sanator-kurort yollayışları ilə təminatı və s. sahələrdə də müvafiq işlər görülür, ehtiyac duyduqları hallarda onlara evlərində sosial xidmətlər də göstərilir.

Azvision.az


Teqlər: Veteran   Təqaüd  





Xəbər lenti