Los-Ancelesdə Azərbaycanın qələbədəki rolu haqda film hazırlandı - VİDEO

 Los-Ancelesdə Azərbaycanın qələbədəki rolu haqda film hazırlandı -  VİDEO
  09 May 2021    Oxunub:4355
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu faşizm üzərində qələbədə Azərbaycanın roluna dair ingilis dilində qısa film hazırlayıb.
Konsulluqdan Azvision.az -a verilən məlumata görə, filmdə faşizm üzərində qələbədə Bakı neftinin strateji rol oynadığı xüsusi qeyd edilir.

Azərbaycan neftçilərinin 1941-1945-ci illərdə 75 milyon neft istehsal etdiyi, həmin illərdə Sovet İttifaqında neft hasilatının 70 faizdən çoxunun, yanacaq istehsalının isə 80 faizdən çoxunun Bakının payına düşdüyü vurğulanır.



Bu məqsədlə Adolf Hitlerin Bakı və onun neft mədənlərini ələ keçirməyi özünə əsas hədəf seçdiyi qeyd olunur. Filmdə İkinci Dünya Müharibəsi illərində Azərbaycan xalqının şücaətindən bəhs edilərək, 700 min azərbaycanlının müharibədə iştirak etdiyi və onlardan 400 mininin bu müharibədə həlak olduğu bildirilir. Döyüşlərdə nümayiş etdirdikləri şücaətə görə 128 azərbaycanlının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyü vurğulanır.

Həmçinin Şərqi Avropanın Almaniya tərəfindən işğalından sonra Azərbaycana pənah gətirmiş 10 mindən çox yəhudiyə ölkəmizin sığınacaq verdiyi və bununla bağlı Dünya Yəhudi Konqresinin prezidenti Ronald Lauderin fikirləri də filmdə yer alır. R.Lauderin müharibə illərində Azərbaycanın böyük sayda yəhudini və onların uşaqlarını faşistlərdən və Holokostdan xilas etməsini minnətdarlıq hissi ilə qeyd etməsi bildirilir.

Sonda Azərbaycanda hər il 9 mayın Qələbə günü kimi qeyd edildiyi diqqətə çatdırılır. Film Azərbaycanın Argentina və Yunanıstandakı Səfirliklərinin dəstəyi ilə müvafiq olaraq, ispan, yunan və alban dillərinə də tərcümə olunub.

Qeyd edək ki, sosial şəbəkələrin inkişafı nəzərə alınaraq effektiv təbliğat işində son illərdə qısa filmlərin önəmi olduqca artıb. Bunu nəzərə alaraq, 2019-cu ildən başlayaraq, Los Ancelesdəki Baş Konsulluğumuz Azərbaycana dair müxtəlif mövzularda 23 film hazırlayaraq geniş şəkildə yayıb. Filmlərin bəziləri dünyanın digər aparıcı dillərinə də tərcümə olunub.

Azvision.az


Teqlər: Qələbə-günü   Faşizm  





Xəbər lenti