İlham Əliyevin müsahibəsini “Weibo”da 35 milyondan çox insan izləyib

   İlham Əliyevin müsahibəsini “Weibo”da 35 milyondan çox insan izləyib
  08 May 2021    Oxunub:5222
Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə - ötən il noyabrın 6-da “BBC News”a müsahibəsində səsləndirdiyi fikirlər Çin ictimaiyyətinin çox böyük marağına səbəb olub.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin media orqanlarının bəzi ölkələrə qarşı saxta və qərəzli məlumatlar yayması barədə sözləri oxşar problemlə üzləşmiş Çində populyar sosial şəbəkələrdə, o cümlədən “Weibo”, “Wechat”, “Bilibili”, “Duoyin”də geniş müzakirə olunur və trendə çevrilib. “Jenmin Jibao”, “China Daily” qəzetləri, Çin Mərkəzi Televiziyası, Çin Beynəlxalq Radiosu, digər nüfuzlu media qurumları, milyonlarla izləyicisi olan bloqqerlər Azərbaycan Prezidentinin “BBC News”a videomüsahibəsinin mövzuya dair hissəsini sosial şəbəkələrdə paylaşıblar. Bu videonun həştəqi gün ərzində Çinin sosial şəbəkələrində ən populyar həştəqlərdən biri olub və bunun nəticəsində video təkcə “Weibo” sosial şəbəkəsində (“Twitter”in Çin alternativi) təxminən 35 milyon dəfə izlənilib və bu rəqəm getdikcə artır. Günün bəzi saatlarında həmin həştəq üzrə videolara baxış sayı bir dəqiqə ərzində 133 minə çatıb. “Weibo” istifadəçiləri Prezident İlham Əliyevin məlum fikirləri ilə bağlı təxminən 8300 dəfə müzakirə açıblar. Yazılan şərhlərdə belə bir ümumi rəy var ki, aydın məntiqi və yüksək natiqlik məharəti olan Azərbaycan Prezidenti beynəlxalq münasibətləri və hüququ dərindən bilir. Bundan başqa, Çinin digər sosial şəbəkələrində həmin müsahibəyə aid yaradılmış müxtəlif həştəqlər də yüz minlərlə baxış sayı toplayıb.

Prezident İlham Əliyevin əsaslı arqumentlərlə səsləndirdiyi fikirlər demokratiyadan dəm vuranlara, insan haqları adı altında başqa ölkələrə təzyiq edənlərə tutarlı cavab olub. Azərbaycan Prezidentinin söylədiyi həmin fikirlər oxşar problemlə üzləşmiş ölkələrin ictimaiyyətinin demək istədiyi sözlər idi. Bu, həm də beynəlxalq miqyasda praqmatik, cəsarətli və inamlı mövqeyi ilə tanınan Azərbaycan Prezidentinə dünyada göstərilən hörmətin və inamın təzahürü, həmçinin bu məsələnin qlobal önəm daşıdığının göstəricisidir.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Müsahibə  





Xəbər lenti