“Putin-Bayden görüşü Bakıda olsa, Azərbaycanın regiondakı rolu güclənəcək” - Erməni analitik

 “Putin-Bayden görüşü Bakıda olsa, Azərbaycanın regiondakı rolu güclənəcək” -   Erməni analitik
  09 May 2021    Oxunub:4406
Xəbər verdiyimiz kimi, ABŞ-ın nüfuzlu “Politico” nəşri Rusiya və Amerika prezidentləri Vladimir Putinlə Co Baydenin görüşünün keçiriləcəyi potensial ölkələri açıqlayıb. Siyahıda mümkün görüş yerləri kimi İsveçrə, İslandiya, Finlandiya, Avstriya, Çexiya və Azərbaycanın da adı yer alıb. Hətta belə bir görüşün Bakıda keçirilmə ehtimalının yüksək olduğu diqqətə çatdırılıb.
Azərbaycan paytaxtının Bayden-Putin görüşünə ev sahibliyi etmə versiyası Ermənistanda təşvişə səbəb olub. Erməni fəallar və siyasi ekspertlər Rusiya-ABŞ liderlərinin potensial Bakı görüşü barədə müxtəlif fikirlər səsləndirirlər.

Erməni analitik Artak Akopyan qələmə aldığı analitik məqalədə qısqanclıqla qeyd edir ki, əgər Bakı iki dünya liderinin bir araya gəlməsi üçün məkan seçilsə, bu, Azərbaycanın reytinqini, nüfuzunu birə beş artıracaq. Müəllif məqalədə prosesləri belə analiz edib:

"Bildiyiniz kimi, bu yaxınlarda ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini beynəlxalq münasibətlərdəki gərginlik səviyyəsini azaltmaq, bir çox yığılıb qalan məsələləri müzakirə etmək üçün Avropa ölkələrindən birində görüşməyə dəvət etdi.

Rusiya tərəfinin reaksiyası müsbət oldu. Ekspertlərin fikrincə, Bayden Putinlə G7 ölkələrinin liderləri ilə görüşdən sonra iyunun əvvəlində bir araya gəlməyə çalışır. Mütəxəssislər Putin və Bayden görüşünün baş tutma ehtimalının çox yüksək olduğunu bildirirlər. Hətta ABŞ və Rusiya liderlərinin görüşü üçün seçiləcək potensial yerlər də müzakirə olunur.

Nüfuzlu "Politico" nəşrinin yaydığı məlumata görə, bu görüş dörd ölkədən birində baş tuta bilər: Çexiya, İslandiya, Sloveniya və Azərbaycan. Əvvəlcə məkan kimi Praqanın seçilməsi ehtimalı yüksək idi. Ancaq Rusiya-Çexiya münasibətlərindəki son qalmaqal bu görüşün Praqada keçirilmə şansını praktiki olaraq ləğv etdi".

Erməni analitik yazır ki, Sloveniyaya gəldikdə isə, görüşün burada keçirilməsi üçün şanslar qalır. Çünki Putin 2001-ci ildə Sloveniyanın paytaxtı Lyublyanada o zaman ABŞ Prezidenti olmuş Corc Buşla təmaslar qurmuşdu:

"Digər tərəfdən, Sloveniya Avropa Birliyinin üzvüdür və bu gün Moskva ilə Brüssel arasındakı münasibətləri normal saymaq olmaz. Bu baxımdan Sloveniya belə bir görüş üçün “neytral zona” sayıla bilməz.

Bəzi mütəxəssislərin fikrincə, iki liderin ya İslandiyada- Reykyavikdə, ya da Bakıda görüşməsi ehtimalı böyükdür. Reykyavik 1986-cı ildə Qorbaçovla Reyqanın görüşünə ev sahibliyi edən şəhərdir. Məhz bu vaxtdan etibarən Rusiya-Amerika münasibətlərindəki "buzun tərpənişi" baş verdi. Görüşə qədər Reyqan SSRİ-yə "Şər imperiyası" deyirdi.

İslandiyanın şansı yüksəkdir. Çünki İslandiya Avropa İttifaqının üzvü deyil, "aktiv bitərəflik" siyasətinə sadiqdir. Lakin mütəxəssislər ABŞ və Rusiya liderlərinin Bakıda görüşünün baş tuta biləcəyini istisna etmirlər. Xüsusən bu şəhər iki dünya gücünün silahlı qüvvələrinin baş qərargah rəislərinin ənənəvi görüş məkanına çevrilib.

Bu görüş Bakıda baş tutarsa, Azərbaycanın bölgədəki siyasi çəkisi əhəmiyyətli dərəcədə artacaq. Xüsusən də nəzərə almaq lazımdır ki, digər region ölkələri olan Gürcüstan Amerikaya meylli sayılır, Ermənistan isə ikinci Qarabağ müharibəsindən sonra Rusiyanın nəzarətinə düşdü.

Bu ölkələrin sırasında açıq şəkildə balanslaşdırılmış, qarşılıqlı, bir-birini tamamlayan siyasət yürüdən, beləliklə, həm Qərbdən, həm də Rusiyadan bəhrələnməyə çalışan Azərbaycanın mövqeyi müsbət yöndə fərqlənir. Buna baxmayaraq, görüş Bakıda keçirilsə, Azərbaycan həm Rusiya, həm də Qərbin fəal şəkildə mübarizə aparmalı olduğu bir ölkə kimi qəbul edilə bilər. Bu isə Azərbaycanın bölgəmizdəki roluna əhəmiyyətli bir iz buraxacaq".

Tural Tağıyev
Azvision.az


Teqlər: Bakı   Bayden   Putin  





Xəbər lenti