Tarixin qara ləkəsi: Njdenin abidəsi rusları da hiddətləndirir

  Tarixin qara ləkəsi:  Njdenin abidəsi rusları da hiddətləndirir
  07 May 2021    Oxunub:3916
Ermənistanın dövlət səviyyəsində qəhrəmanlaşdırdığı nasist Qaregin Njdenin heykəllərinin sökülməsi məsələsi yenidən gündəmə gəlib.
Bir neçə gün əvvəl rusiyalı veteranlar faşist Njdeyə ucaldılmış abidənin sökülməsi tələbilə müraciət yayıblar. Belə ki, Dolqoprudnensk (Moskva vilayəti) Müharibə, əmək, silahlı qüvvələr və hüquq-mühafizə orqanları veteranlarının ictimai təşkilatı federal hakimiyyət orqanlarına ərizə ilə müraciət edərək faşist kollaborant Njdenin Qarabağdakı heykəlini sökməyə çağırıb.

Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə faşist caniyə - Njdeyə heykəl qoyulması Moskva veteranlarını hiddətləndirib. Onların yaydığı müraciətdə qeyd olunub ki, Njdenin qəhrəmanlaşdırılması yolverilməzdir və həm Qarabağ ərazisində, həm də İrəvandakı faşist abidələri dərhal ləğv olunmalıdır.

Veteranların müraciətində diqqətə çatdırılıb ki, İkinci Dünya müharibəsi dövründə Njde qızıl ordu sıralarından əsir düşmüş erməni əsgərlərindən ibarət “Erməni legionu” formalaşdırıb. Vermaxt sıralarında döyüşməyə başlayan bu legion Polşa və Ukraynada minlərlə dinc sakinə qarşı cinayətlər törədib, Qərbi Krımda iyirmi mindən çox dinc sakini qətlə yetirib.

Müvafiq müraciət Rusiya Xarici İşlər Nazirliyinə və Müdafiə Nazirliyinə də göndərilib.



Rusiyalı veteranlarla yanaşı Azərbaycan veteranları da ötən gün Njdenin abidəsinin indiyədək saxlanılmasına kəskin reaksiya bildiriblər. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ümumilikdə Njdeyə məxsus bütün heykəl və abidələrin ləğv edilməsini tələb ediblər. Təşkilatın Rəyasət Heyəti Rusiyanın xarici işlər naziri Sergey Lavrova müraciət ünvanlayaraq Hitler nasizminin erməni əlaltılarının qəhrəmanlar kimi qələmə verilməsi cəhdlərinin narahatlıq doğurduğunu bəyan edib.

Hazırda Böyük Vətən Müharibəsi veteranlarını ciddi narahat edən Qaregin Njdenin heykəli həm İrəvanda, həm də uzun illər işğal altında saxlanılan Xocavənddə təsadüfdən ucaldılmayıb. Bu, ilk növbədə Ermənistanda son 30 ildə nasizmin dövlət siyasətinə çevrilməsindən xəbər verir. Erməni hərbi-siyasi rəhbərliyinin faşizmi qəhrəmanlaşdırması İrəvanın terrorizm siyasəti yürütməsini göstərir. Təəssüf ki, uzun illər Njde və ya Dro kimi “qəhrəmanlar”ın bütləşdirilməsi adi hal alıb. Nasist və faşist ideologiyalı “qəhrəmanlar” içərisində ən çox narahatlıq və narazılıq doğuran şəxs cani Njde olub. Məhz faşist kollaborant Njdeyə ucaldılmış abidələr Böyük Vətən Müharibəsi zamanı həlak olmuş milyonlarla insanın xatirəsinə və bütün sülhsevər bəşəriyyətə açıq-aşkar hörmətsizlik sayılır.

Xatırladaq ki, Azərbaycan Prezidenti də bir neçə dəfə Ermənistanda nasist canilərə abidə və heykəl ucaldılmasınının xoşagəlməz tendensiya olduğunu deyərək, İrəvanın faşizmi və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə pisləyib. Ölkə başçısı ötən il TASS agentliyi direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində sözügedən problemi dəfələrlə, o cümlədən, MDB ölkələrinin sonuncu Zirvə görüşündə qaldırdığını xüsusi olaraq xatırlatmışdı:

“Mən təəssüflə qeyd etdim ki, Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir. Konkret misallarla göstərdim ki, bir neçə il bundan əvvəl Ermənistanda faşist cəllad və cani, Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəl qoyulub. Bu adamın cinayətləri sübut olunub. Buna görə bu məsələni qaldıranda ümid edirdim ki, Ermənistanın yeni, özünü demokratik kimi göstərməyə çalışan rəhbərliyi mənim təşəbbüsümü dəstəkləyəcək. Lakin təəssüf ki, bunun əksini gördüm”.

Azərbaycan liderinin qeyd etdiyi kimi, özünü "demokrat" sayan Ermənistanın yeni rəhbərliyi - Paşinyan hakimiyyəti nəinki İrəvandakı, habelə Xocavənddə qoyulan abidəyə belə toxunmayıb. Lakin 44 günlük Vətən Müharibəsi ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Njdenin Xocavənddəki abidəsi qapadıldı. Ermənilər bunun müvəqqəti, təmirlə əlaqəli olduğunu bildirsələr də, reallıq başqa şeyi deyir.



Məlumat üçün bildirək ki, 1886-cı ildə İrəvan quberniyasının Naxçıvan qəzasında anadan olan Njde 1904-cü ildə təhsilini yarımçıq qoyaraq, erməni millətçilərinə qoşulub. Njde İrana gedərək daşnakların orada təşkil etdiyi hərbi məktəbdə təhsil alıb, daha sonra Sofiyadakı zabit məktəbinə daxil olub. Məktəbi bitirdikdən sonra Murad Sebastasinin başçılıq etdiyi erməni silahlı dəstələrindən birinə qoşulub.

Maraqlıdır ki, Daşnaksütyuna üzv olan Qaregin bundan sonra Njde ləqəbini alıb. O, 1909-cu ildə Qafqaza silah almaq məqsədi ilə gəldiyi üçün həbsə atılıb. Lakin 1912-ci ildə azad olunub və Bolqarıstana qayıdıb. O, birinci Balkan müharibəsində Osmanlı dövlətinə qarşı döyüşlərdə aktiv iştirak edərək 272 nəfərlik könüllü erməni dəstəsinə başçılıq edib.

Daşnakların Türkiyəyə qarşı vuruşan dəstələrindən birinə rəhbərlik edən Njde ermənilərin ordu quruculuğu məsələləri ilə də məşğul olub. O, 1919-cu ilin sentyabrında, daşnak hökuməti tərəfindən Zəngəzura göndərilib. Njdenin vəzifəsi bu əraziləri azərbaycanlılardan təmizləmək olub. Beləcə, nasist erməni “qəhrəman”ın rəhbərlik etdiyi silahlı dəstələr, burada yaşayan azərbaycanlı əhalinin kütləvi qətli ilə məşğul olub. Njde, həmçinin Vedibasar və Göyçə mahalında da azərbaycanlı əhaliyə qarşı qırğınlar törədib. Onun silahlı dəstələri 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ordusu ilə döyüşlərdə iştirak edib. Ən gərgin döyüşlər 1920-ci ilin mart ayında olub.

Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra, Njde sovet ordusunun hərbi birləşmələrinə qarşı vuruşub. Lakin sonda öz dəstələrinin qalıqları ilə İrana qaçan Qaregin yenidən Bolqarıstana sığınıb. Burada vətəndaşlıq alan erməni nasist “qəhrəman” 1933-cü ilin yayında ABŞ-a köçüb. O, ABŞ-da qatı millətçi bir təşkilat - "Tseqakron" hərəkatını təsis edib. 1937-ci ildə Daşnaksütunun sıralarından ayrılan Njde faşist Almaniyası ilə əlaqələr yaradıb, Rozenberqlə görüşüb, onları Türkiyəyə hücum etməyə çağırıb və öz köməyini təklif edib.



Beləliklə, 1942-ci ildə general Dro ilə (Drastamat Kanayan-red.) birlikdə Vermaxt nəznində erməni hərbi birləşmələrinin formalaşdırılmasında iştirak edib. 15 dekabr 1942-ci ildə Njde almanların yaratdığı "Erməni milli şurası"nın 7 üzvündən biri və "Azad Ermənistan" qəzetinin redaktor müavini olub. Dro və Njdenin başçılıq etdiyi erməni hərbi birləşmələri, Krım yarımadasının işğalında və Qafqazdakı döyüşlərdə iştirak ediblər.

Njdenin əsl erməni xisləti müharibənin gedişində bir daha ortaya çıxıb. Belə ki, Sovet ordusu Bolqarıstana girəndə Njde müharibənin sonunun yaxınlaşdığını görüb özünə yeni müttəfiqlər axtarıb və sovet generalı Tobluxinə məktubla müraciət edib. Sovet hərbi əkskəşfiyyatı onu həbs edərək Moskvaya göndərib, bir müddət DTX-nın həbsxanasında qaldıqdan sonra Njde İrəvana aparılıb. Məhkəmə zamanı Qareqin Njde antisovet fəaliyyətində və kütləvi qətlləri təşkil etməkdə günahkar bilinirək 25 illik həbs cəzasına məhkum olunub. Njde 21 dekabr 1955-ci ildə Vladimir şəhərindəki həbsxanada ölüb.

Njdenin qaranlıq keçmişini əks etdirən xeyli faktlar mövcuddur. Əli günahsız insanların qanına bulaşmış, tarixə satqın, dönük kimi düşmüş Njdenin gerçək kimliyi bütün dünyaya məlumdur. Belə bir canidən qəhrəman obrazı yaratmaq istəyən Ermənistan rəhbərləri Rusiya daxil olmaqla faşizm üzərində tarixi qələbə qazanan bütün ölkələrə qarşı hörmətsizlik nümayiş etdirir. Təzadlı görünsə də, illərlə Ermənistanda Sovetlər dönəmində əldə edilmiş Qələbəni bayram edənlər, digər tərəfdən eyni gündə faşist "qəhrəmanın" abidəsi önünə gül çələngləri qoyurlar. Əlbəttə, bu cür əməllər bizi qətiyyən təəccübləndirmir. Onsuz da hamıya bəllidir ki, riyakarlıq və xəyanət Ermənistana Njde kimi əcdadlarından qalan ən ali "dəyər"dir.

Tural Tağıyev
Azvision.az


Teqlər: Njde   Abidə   Veteran  





Xəbər lenti