İrəvan istəyinə çatmadı: Ermənilər Lavrovdan narazı qaldılar

  İrəvan istəyinə çatmadı:  Ermənilər Lavrovdan narazı qaldılar
  07 May 2021    Oxunub:9656
Xəbər verdiyimiz kimi, 5-6 may tarixlərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda səfərdə olub.
Lavrov səfər zamanı erməni həmkarı Ara Ayvazyan və baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla görüşlər keçib. İrəvanda apardığı danışıqlar barədə mətbuata açıqlamalar verən Rusiya XİN rəhbəri bu dəfə erməniləri məyus edib. Lavrovun İrəvanda baş tutan görüşlərdən sonra verdiyi mesajlar Ermənistan cəmiyyətində narazılıqla qarşılanıb.

Belə ki, Rusiya XİN rəhbəri ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan ərazilərində saxlanılan erməni diversiya qrupunun üzvləri barədə danışarkən onları “hərbi əsirlər” adlandırmayıb, təxribatçıları "saxlanılan şəxslər" kimi təqdim edib. Bu nüansı diqqətdən qaçırmayan Ermənistan KİV-ləri İrəvanın Lavrovdan narazı qaldığını yazıblar.

"Bu, Ermənistanın daha bir diplomatik uğursuzluğudur. ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycanda saxlanılan erməni "əsirləri" məhbus və ya saxlanılanlar kimi təqdim etmişdi. Rusiya xarici işlər naziri Sergey Lavrov da eyni şəkildə oxşar fikirlər səsləndirərək "hərbi əsirlərimizi" fərqli şəkildə ifadə etdi. Dünən Minsk Qrupunun həmsədrləri "Azərbaycan tərəfindən saxlanılmış üç erməni"nin sərbəst buraxılmasını alqışladıqları barədə bəyanat yaymışdılar.

Qeyd edək ki, Azərbaycan "əsirlikdə" olan ermənilərin hərbi cinayətkar olduqlarını rəsmən bəyan edir və bu məsələnin "əsirlərin" azad edilməsi kimi müzakirə olunmamasını bildirir. Həmsədrlərin belə bir açıqlaması Azərbaycanın diplomatik işinin effektivliyinə və erməni diplomatiyasının iflasına dəlalət edir”, - deyə erməni mediası yazıb.



Göründüyü kimi, Rusiyanın baş diplomatının İrəvanda ermənilərin arzusunu ürəyində qoyması birmənalı qarşılanmayıb. Bir çox ekspert və jurnalistlər bunu Ermənistanın diplomatik məğlubiyyəti, Bakının isə növbəti uğuru kimi qiymətləndiriblər. Hətta sosial şəbəkələrin erməni seqmentində Rusiyanın XİN başçısını Ermənistan üçün "arzuolunmaz şəxs" elan ediblər.

Xatırladaq ki, Lavrov 10-11 mayda Bakıda səfərdə olacaq.



Tural Tağıyev
Azvision.az


Teqlər: Lavrov   Əsir   Həmsədr  





Xəbər lenti