“Çalışmalıyıq ki, erməni şovinizmi bir daha baş qaldırmasın” - Fərid Şəfiyev

  06 May 2021    Oxunub :1474
   “Çalışmalıyıq ki, erməni şovinizmi bir daha baş qaldırmasın” -    Fərid Şəfiyev
Mayın 6-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Ermənistanda Azərbaycanofobiya: Ermənilərin müharibədən əvvəlki və postmüharibə dövründəki ritorikasında nifrət nitqi” adlı hesabatın təqdimatı keçirilib.
Azvision.az xəbər verir ki, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev ilkin olaraq rus dilində təqdim edilmiş hesabatın erməni dilli mənbələrdən, sosial mediadan toplanmış faktlara əsasən hazırlandığını bildirib. Qeyd edib ki, yarandığı ilk gündən BMTM-in fəaliyyətinin əsas istiqamətini Ermənistan-Azərbaycan münaqişəsi təşkil edib, hazırda isə postmünaqişə dövrünə dair araşdırmalar aparılır.

“Ermənistanda nifrət nitqi, şovinizm, etnosentrizm mütəşəkkil şəkildə aparılır. Bu istiqamətdə araşdırmalar yox səviyyəsindədir. Biz araşdırmanı ilkin olaraq rus dilində hazırladıq. Yaxın günlərdə material ingilis dilinə tərcümə olunaraq daha geniş auditoriyaya təqdim ediləcək. Diskriminasiya Ermənistanın dövlət siyasətinin əsasını təşkil edir. Prezident İlham Əliyev vurğuladığı kimi, müharibə bitsə də, problemlər qalmaqdadır. Biz çalışmalıyıq ki, erməni milliyyətçiliyi, şovinizmi bir daha baş qaldırmasın".

Fərid Şəfiyev deyib ki, Ermənistanda milliyyətçiliyin bir sıra kökləri var və klassik olaraq “Böyük Ermənistan” ideyasından irəli gəlir. Onun sözlərinə görə, ermənilər və onları təkrar edən Qərb tarixçiləri bunu fakt kimi qələmə verirlər. Lakin araşdırmalar göstərir ki, bu konsepsiyanın tarixi 300 ildir. Millətçiliyin digər kökü 1930-cu illərdə əsası Qaregin Njde tərəfindən qoyulmuş “Tsexakron nəzəriyyəsi” ilə bağlıdır. Bu nəzəriyyə erməniləri istisna xalq kimi təqdim edir və müəyyən missiyanı icra etmək üçün mövcud olduqları iddiasını irəli sürür.

BMTM-in rəhbəri əlavə edib ki, bu nəzəriyyə Robert Köçəryan və Serj Sarkisyanın rəhbərliyi dövründə Ermənistanda geniş istifadə olunub, Nikol Paşinyan hakimiyyətə gəldikdən bir müddət sonra isə bu ideyaları öz ritorikalarında təkrarlamağa başlayıb. İkinci Qarabağ müharibəsi zamanı bu siyasət, əslində, bizə kömək edib. Artıq Ermənistan müharibəni uduzurdu. Beyni bu ideyalarla doldurulmuş xalq isə həqiqətləri qəbul etmək istəmirdi.

BMTM-in İdarə Heyətinin sədri bildirib ki, araşdırmada əsasən millətçiliyin 4 forması izah olunur: İlkin olaraq ermənilər azərbaycanlıları insan olmayan məxluq kimi qələmə verirlər, bununla bağlı faktlar təqdim edilir. İkinci narrativdə Ermənistan xristian dünyasının forpostu kimi göstərilir. Üçüncü narrativdə ermənilərin sivil, azərbaycanlıların isə orta əsrlərdən qalmış etnik qrup olduğu iddia edilir. Nəhayət, dördüncü yanaşmada isə “erməni soyqırımı” iddialarından çıxış edilərək baş verən digər siyasi proseslər, müharibə bu prizmadan nəzərdən keçirilir.

Azvision.az

Teqlər: FəridŞəfiyev