Koçaryanla Paşinyanın məhkəmə çəkişməsi başlayıb

  06 May 2021    Oxunub :1992
 Koçaryanla Paşinyanın məhkəmə çəkişməsi başlayıb
İrəvan məhkəməsi Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın baş nazir vəsifəsini icra edən Nikol Paşinyana qarşı iddiasına baxmağa başlayıb.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, Koçaryan Paşinyanı böhtan atmaqda günahlandırır.

İddia 2020-ci ilin aprelində qaldırılıb. Keçmiş dövlət başçısının vəkillər qrupunun mətbuat katibi Elina Saakova bildirib ki, söhbət Paşinyanın referendum kampaniyası çərçivəsində Sünik (Zəngəzur) bölgəsindəki mitinqlərin birində səsləndirdiyi fikirlərdən gedir. Belə ki, Paşinyan Koçaryanın dövlətdən mənimsədiyi böyük məbləğdə pulları ordunun ehtiyaclarına yönəldəcəyini demişdi.

Mətbuat katibinin sözlərinə görə, iddiaçı təxminən 4 min dollara bərabər olan 2 milyon dram təzminat tələb edir. İddiaya dair ilkin dinləmələr bu gün keçirilib.

Hakim Aleksey Sukoyan tərəfləri barışığa dəvət edib. Növbəti iclas 14 sentyabr tarixinə təyin edilib.

Qeyd edək ki, bu ilin aprel ayında Koçaryan Paşinyana qarşı məhkəmə iddiası qaldırıb. Paşinyan 2008-ci il mart hadisələrinə görə Koçaryanın ünvanına ittihamlar səsləndirib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: NikolPaşinyan