Naxçıvan teatrının kinodakı təmsilçisi

Naxçıvan teatrının kinodakı təmsilçisi
  05 Mart 2014    Oxunub:4144
Teatr aləmində elə aktyorlar var ki, onları nəinki tamaşaçı sevir, elə öz həmkarları, sənət yoldaşları da bu cür səhnə ustaları ilə tərəf müqabili olmağa can atır. 131 illik tarixi olan Naxçıvan teatrında bu cür aktyorlar çox olub və sevindirici haldır ki bu gün də var. Xalq artisti Rza Xudiyev kimi.
30 ilə yaxındır ki ömrünü Naxçıvan tetarına bağlayan Rza Xudiyev peşəkar aktyordur. Teatrın səhnəsində yaratdığı obrazlar bir-birindən fərqlənsə də, bir insan kimi Rza Xudiyev 30 ildə dəyişməyib. Onu əvvəllər də tanıyanlar yenə də sabit xarakterli, səmimi, əsl “kompaniya adamı” olduğunu gizlətmirlər.

Aktyor sözün əsl mənasında bu sənətə hörmət gətirən adamdır. Hələ heç bir rejissor ona tapşırılan roldan narazı qalmayıb. Məhz buna görə də Naxçıvan tamaşaçısı böyük mənada “Teatr” dedikdə birinci Rza Xudiyevi göz önünə gətirir.

Bəlkə də bu teatrda yeganə aktyordur ki, heç vaxt rejissorun verdiyi mizanları müzkirə eləmir (Adətən aktyorlar bu barədə səbrsizlik nümayiş etdirirlər. Hətta rol oynadıqları tamaşalarda özlərini rejissor kimi də aparırlar). “Mən aktyoram, verilən tapşırığı yerinə yetirməliyəm. Əgər pis olsa, rejissor özü dəyişər mizanı”,- bu, Rza Xudiyevin sənət prinsipidir.

Maraqlı kontrast burasıdır ki, yerli rejissorlar çox az hallarda məşq vaxtı səhnəyə “endikdən” sonra bu aktyora mizan verirlər. Çünki stolüstü məşqlərdə Rza müəllim öz obrazının mizan-səhnəsini düzgün işləyir və səhnəyə çıxanda bir növ hazır olur.

Aktyor bu illərdə 50-dən artıq obraz yaradıb. Hər biri də özünəməxsus şəkildə maraqlı. Adətən rejissorlar ona tarixi qəhrəmanların obrazını təklif eləsələr də, o, istənilən rolun öhdəsindən ustalıqla gəlir. Ən çox sevdiyi obrazı Nazim Hikmətin “Kəllə” pyesindəki Diktor Dalbanezodur. Sadə həyat sürən alimin yaşadığı dramatik və faciəvi həyat onu yaradan aktyorun ifasinda doğurdan da, real alınır. Hər halda, özü belə deyir.

Rza Xudiyev həm də hələ sovet dönəmində bir neçə filmə çəkilən aktyor kimi də Naxçıvan tetarının tarixinə düşüb. “Şahid qız”, “Mən sizi dünyalar qədər sevirdim”, “Sürəyya” fimlərində yadda qalan obrazlar yaradıb. Son illərdə isə yalnız Naxçıvanda çəkilən “Tale yükü” filmində rol alıb.

Amma daha çox teatra bağlı olan aktyor Naxçıvan teatrında Cəfərqulu xan (“Şah Qacar”), Şah Təhmas (“Nadir şah”), Şeyx Sənan (“Şeyx Sənan”), Arif (“İblis”) kimi fundamental obrazlar yaradıb.

Mart ayı teatr ayıdır. Çünki milli teatrımız bu ayın 10-da öz ad günü qeyd edir. Beynəlxalq teatr günü isə martın 27-dədir. Hətta ulduz təqviminə görə, mart ayında anadan olanlar incəsənətə, teatra, musiqiyə meyillidirlər. Xalq artisti, “Qızıl Dərviş” mükafatı laureatı Rza Xudiyevin də ad günü martın 5-dədir. Bu, bir təsadüf, ya taledir – burasını biz bilmirik. Amma bu gün Naxçıvan teatrının çağdaş tarixini yaradan aktyorlardan olan xalq artistinin 52 yaşı tamam olur. Bundan sonra gənc qəhrəmanların obrazını yaratmaq estafetini teatrda çalışan gənclərə həvalə etsə də, hələ sənətə olan sevgisini və bağlılığını heç kəslə bölüşmək istəmir. Əksinə, yaxşı mənada hər kəsi “yaradıcılıq duelinə” çağırır.

Səməd Canbaxşiyev
Naxçıvan

Qalereya




Teqlər:





Xəbər lenti