Çavuşoğlu yenə stul qalmaqalından danışdı

 Çavuşoğlu yenə stul qalmaqalından danışdı
  06 May 2021    Oxunub:2748
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişel və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Ankaraya səfəri zamanı yaranmış protokol mübahisəsinə yenidən aydınlıq gətirib.
Azvision.az xəbər verir ki, Çavuşoğlu almaniyalı həmkarı Heyko Massla birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Türkiyə köklü bir dövlətdir, protokol qaydalarının nə olduğunu bilir. İndiyə kimi Türkiyədən belə şikayət olmayıb.

"Türk qonaqpərvərliyini hər kəs yaxşı bilir. Həmin durum bizə görə baş vermədi. Üzülərək demək istəyirəm ki, bu, Komissiya və Şura arasındakı rəqabətə görə oldu. Hazırlıq tədbirlərinə komissiyanın protokol heyəti qatılmadı, şura qatıldı, onlar necə istədilərsə, elə də oldu. Mən əslində vəziyyətdən təəccübləndim, ancaq onlar elə istədilər. Biz iki qurum arasında gərginliyi görməkdən üzüldük. Əlimizdən gələni etdik, amma bu rəqabət yeməkdə də davam etdi. Leyenin guya qadın olduğu üçün belə bir oturma düzənləməsini deməsi doğru deyil. Bizdə protokolda qadın, kişi deyə bir fərq yoxdur. Öz aralarındakı çəkişməni bizim üzərimizə yükləməsinlər. İndi dərs alıblar və öz aralarında anlaşmaya gəlirlər ki, başqa ölkələrdə durum təkrar olunmasın”.



Xatırladaq ki, bu ilin aprel ayında Mişel və Leyenin Türkiyə Prezidenti ilə görüşü zamanı iki stul qoyulub. Həmin stullarda Ərdoğan və Mişel əyləşib, Leyen isə bir neçə saniyə çaşqınlıq içərisində qaldıqdan sonra bir qədər aralıdakı divanda oturub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MövludÇavuşoğlu  





Xəbər lenti