Ermənistanda müharibəyə görə 1580 cinayət işi açılıb

  06 May 2021    Oxunub :3195
 Ermənistanda müharibəyə görə 1580 cinayət işi açılıb
Ermənistanda 44 günlük Qarabağ müharibəsi ilə əlaqədar 1580 cinayət işi açılıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Baş prokurorluğu məlumat yayıb. Qeyd edilib ki, 628 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Təqsirləndirilənlər arasında adları hələ açıqlanmayan yüksək rütbəli zabitlər də var. İrimiqyaslı cinayət işlərinin istintaqı bir neçə əsas istiqamətdə aparılır: hərbi xidmətə çağırış və səfərbərlik zamanı pozuntular, müharibədən əvvəl və müharibə zamanı silah alınmasında mümkün korrupsiya sxemləri, Silahlı Qüvvələrin və ayrı-ayrı bölmələrin idarə edilməsində cinayət xarakterli pozuntular, taktiki və strateji əməliyyatların həyata keçirilməsi, komandanlığın əmrlərinə tabe olmamaq.

Bundan əlavə, Milli Təhlükəsizlik Xidməti Şuşa və Hadrutla bağlı mediada və sosial şəbəkələrdə yayımlanan materialları araşdırıb.

Prokurorluğun nümayəndəsi Edqar Arsenyanın sözlərinə görə, söhbət Şuşa və Hadrut ətrafında döyüşlərdən gedir. O bildirib ki, daha bir cinayət işi dövlətə xəyanət səbəbilə başlanıb. Hərbi qulluqçuların valideynlərindən pul tələb etmə faktları üzrə isə 5 cinayət işi açılıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qarabağ   Ermənistan   Cinayət-işi