Gürcüstan Rusiyanın göndərdiyi hərbi yükləri Ermənistana buraxmır

Gürcüstan Rusiyanın göndərdiyi hərbi yükləri Ermənistana buraxmır
  04 May 2021    Oxunub:2558
Bu günlərdə Rusiyadan Ermənistana göndərilmiş hərbi yükün Gürcüstandan geriyə qaytarılması İrəvanda şok effekti yaratdı.
Martın 5-də Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsində aşkar edilən yükün Rusiyadan Ermənistana göndərilməsi nəzərdə tutulan hərbi təyinatlı mallar - zirehli döyüş jiletləri, gödəkçələr və dəbilqələr olduğu üzə çıxmışdı. Hərbi təyinatlı mallar yük maşınlarında Ermənistana çatdırılmalı idi. Həmin mallar bir aya yaxın müddətdə sərhəddə saxlanıldı. Gürcüstan sərhədçiləri sürücülərin sənədlərini və hərbi təyinatlı yüklərini müsadirə edərək onların yola davam etməsinə qadağa qoydu.

Məsələni Azvision.az –a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, əslində Rusiya bu cür hərbi yüklərin gömrükdə problemlə üzləşəcəyini əvvəlcədən bilməli idi:

“Gürcü sərhədçilər yükün buraxılması üçün ölkənin Müdafiə Nazirliyinin icazəsinin lazım olduğunu bildirmişdi. Belə bir icazə yox idi və ola da bilməzdi. Hərbi yükləri daşıyan sürücülərdə həmin icazə olmadığı üçün onlar Rusiyaya geri qaytarıldılar.

Rusiya artıq neçənci dəfədir ki, Gürcüstan üzərindən gizli şəkildə Ermənistana hərbi məqsədlə yüklər çatdırmaq istəyir. Axı Moskvaya da aydın olmamış deyil ki, 2008-ci il müharibəsindən sonra Rusiya ilə diplomatik münasibətini kəsən Gürcüstan öz torpaqlarından Ermənistana hərbi yüklərin daşınmasına imkan verməyəcək. Qarabağda müharibə günlərində də rəsmi Tbilisinin bəyanatı olmuşdu: “Gürcüstan öz ərazisindən müharibə tərəflərindən heç birinin hərbi yüklərinin daşınmasına imkan verməyəcək”. Bu qadağanı bilə-bilə nə məcbur idi ki, hərbi yüklər gizli şəkildə Gürcüstan üzərindən Ermənistana çatdırılsın?”

Politoloqun fikrincə, Rusiya Müdafiə Nazirliyi həmin yükləri rahatlıqla təyyarələr vasitəsilə Ermənistana çatdıra bilərdi. O xatırlatma edib ki, Müdafiə Nazirliyi 44 günlük müharibə günlərində də Ermənistana hərbi yükləri məhz hava sahəsi üzərindən daşıyırdı:

“Bu faktı hamı bilir. Ancaq o da mümkündür ki, Rusiyadakı erməni diasporunun imkanlı nümayəndələri aldıqları hərbi yükləri Gürcüstan üzərindən daha ucuz şəkildə İrəvana çatdırmaq istəyə bilərdilər. Bu belədirsə, məsələ ilə Moskva maraqlanmalıydı ki, hansısa ermənilər Rusiya Müdafiə Nazirliyinin başı üzərindən Ermənistana hərbi yüklər daşımaq istəyib. Maraqlanmırlarsa, deməli, söhbət erməni diasporuyla rusiyalı generalların birgə sövdələşməsindən gedir. Birincilər ikincilərə pul verib və ikincilər aldıqları rüşvət müqabilində ucuz başa gəlsin deyə belə nəqliyyat yoluna üstünlük veriblər. Kreml “İsgəndər” raketlərində olduğu kimi hərbi təyinatlı malların Gürcüstan marşrutu ilə Ermənistana çatdırılması məsələsinə də aydınlıq gətirmək istəmir”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Hərbi-yük   Gürcüstan   Politoloq   Kreml  





Xəbər lenti