28 nəfərin müqaviləsiz işlədildiyi aşkarlanıb

28 nəfərin müqaviləsiz işlədildiyi aşkarlanıb
  03 May 2021    Oxunub:2236
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb edilməsi hallarının qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən Azvision.az -a bildirilib ki, xidmətin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən işçilərin əmək müqaviləsi olmadan muzdlu işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı daxil olan məlumat əsasında Bakı şəhərinin Xətai rayonu ərazisində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində operativ nəzarət tədbirləri həyata keçirilib.

Nəzarət tədbirləri zamanı “Sema-Zen” MMC-yə məxsus eyni adlı restoranda 14 nəfər və Axundov Cəfər Musa oğluna məxsus “İskəndərçi” restoranında 14 nəfər olmaqla, ümumilikdə 28 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin yerinə yetirilməsinə cəlb olunduğu müəyyən edilib.

Əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulmasına yol vermiş hər iki vergiödəyicisi barəsində tərtib olunmuş materialların hüquqi araşdırmaya göndərilməsi nəzərdə tutulub.

Qeyd olunub ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qanunvericiliklə qadağandır və bu işçilərin əmək və sosial hüquqlarının pozulmasına gətirir, habelə əmək münasibətlərinin və gəlirlərin gizlədilməsinə yol açır. Əmək müqaviləsinin bağlanması işçilərin əmək və sosial hüquqlarının rəsmi qaydada tanınmasına, qorunmasına, eləcə də onların gələcəyinin etibarlı təmin edilməsinə imkan verir.

Dövlət Vergi Xidməti əmək müqavilələrinin bağlanması sahəsində nəzarət tədbirlərini davam etdirəcək.

Azvision.az



Teqlər: Vergi   Müqavilə  





Xəbər lenti