“Qarabağın sakinləri olan azərbaycanlılar harada yaşamalı idilər?” - Paşinyan

  03 May 2021    Oxunub : 8093
 “Qarabağın sakinləri olan azərbaycanlılar harada yaşamalı idilər?” -  Paşinyan
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Serj Sarkisyanın prezident olduğu zaman Qarabağa dair vasitəçilərə göndərdiyi vacib məktub və danışıqların digər gizli detallarından danışıb.
Azvision.az -ın məlumatına görə, bu barədə Paşinyan parlamentin növbədənkənar iclasında açıqlama verib.

O deyib ki, qovulmuş birinin (Serj Sarkisyanı nəzərdə tutur-red) müsahibəsi danışıqlar prosesinin məzmunu ilə bağlı yeni məlumatları əldə etmək üçün yaxşı imkandır. Əvvəllər bu mövzuda müəyyən məhdudiyyətlər var idi.

Paşinyan vurğulayıb ki, Serj Sarkisyan son müsahibələrinin birində statusun aydınlaşdırılması zamanı "Dağlıq Qarabağ əhalisi" ifadəsini işlədib. Danışıqlara dair sənədlər arasında Serj Sarkisyanın vasitəçilərə bir məktubu da var.

"Həmin məktubdan Sarkisyanın mümkün referendumla əlaqədar müəyyən narahatlığı olduğunu öyrənirik. Referendumun harada keçiriləcəyi göstərilmir. Bütün əhalinin iradəsini sərbəst ifadə etməsi üçün fürsət yaradılması qeyd olunub. Həmçinin, Sarkisyan orada neçə azərbaycanlının Dağlıq Qarabağ sakini hesab ediləcəyi ilə bağlı narahatlıq ifadə edib. Məsələ budur - Dağlıq Qarabağ sakini hesab olunmaq üçün həmin azərbaycanlılar orada yaşamalıdırlar".

Paşinyan detalları açıqlamaq fürsəti yaratdığı üçün Sarkisyana “təşəkkürünü bildirib”. Onun sözlərinə görə, bir neçə ay əvvəl azərbaycanlıların Şuşaya qayıtması barədə danışanda, keçmiş hakimiyyət belə bir məsələnin olmadığını iddia edib.

"Sual budur - Dağlıq Qarabağ sakinləri olan azərbaycanlılar harada yaşamalı idilər? Ümid edirəm hamı bu sualın cavabını başa düşür", - Paşinyan əlavə edib.

O, Qarabağla bağlı danışıqların məzmunu və məntiqinin hakimiyyətə gəlməsi ilə deyil, əvvəlki hökumət dövründə (2015-2016) dəyişdiyini bildirib. Paşinyan Sarkisyanı aprel döyüşləri ilə nəticələnən 2015-ci ilin payızında - 2016-cı ilin qışında baş verən hadisələr barədə danışmağa çağırıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qarabağ   Paşinyan