Hikmət Çətin: “İlham Əliyevin bu tarixi vəzifəni yerinə yetirəcəyinə inanıram” - EKSKLÜZİV

  03 May 2021    Oxunub : 6286
  Hikmət Çətin:  “İlham Əliyevin bu tarixi vəzifəni yerinə yetirəcəyinə inanıram” -  EKSKLÜZİV
“Zəngəzur dəhlizi çox önəmlidir. Bu, tarixi bir dəhlizdir və Azərbaycan torpağıdır. Zəngəzur yenidən Azərbaycan torpağı olacaq”
Bunu Azvision.az -a eksklüziv müsahibəsində Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi sadəcə Azərbaycan üçün deyil, türk dünyası üçün də çox mühümdür. Bu dəhliz yeni fürsətlər və yeni imkanlar yaradacaq:

“Müharibə başa çatdıqdan və Zəfər əldə edildikdən dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan bu istiqamətdə işlərə başladı. Türk dünyası coğrafi və fiziki olaraq parçalanmışdı. Zəngəzur erməni işğalı altında olarkən türk dünyası, coğrafiyası fiziki olaraq parçalanmış vəziyyətdə idi. Bu dəhliz türk dünyasını birləşdirici rol oynayacaq. Dəhlizlə Azərbaycan tərəfindən nəqliyyat, kommunikasiya layihələrinin həyata keçiriləcəyinə inanıram. Qalıcı sülhdən sonra Ermənistan üçün də bunun bir fürsət olacağına əminəm. Ermənistanın nə Rusiya, nə də İranla dəmiryolu bağlantısı var. Həqiqi, davamlı sülhün olduğu zaman sadəcə türk dünyası və Azərbaycan üçün deyil, dəhlizin Ermənistan üçün də faydalı olacağını hesab edirəm. Dediyim kimi, onların dəmiryolu bağlantıları yoxdur, əlaqə İranla Naxçıvan üzərindən həyata keçirilə bilər. Bundan əlavə, dəhliz sadəcə Azərbaycan üçün deyil, bütün Qafqaz bölgəsi, Orta Asiya üçün önəmlidir və Orta Asiyanın Avropa ilə birləşməsi məsələsinə böyük töhfə verəcək. Məncə, Zəngəzur dəhlizi tarixi bir dəhlizdir. Mən Prezident İlham Əliyevin bu tarixi vəzifəni yerinə yetirəcəyinə inanıram. Əminəm ki, Zəngəzur dəhlizi bərpa ediləcək".

Qeyd: Hikmət Çətinin geniş müsahibəsini gün ərzində saytımızda izləyə bilərsiniz.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: HikmətÇətin   Türkiyə   XİN