Əmanətlər azalıb, kredit faizləri yüksək olaraq qalır

 Əmanətlər azalıb, kredit faizləri yüksək olaraq qalır
  28 Aprel 2021    Oxunub:1938
Fiziki şəxslərin əmanətləri bu ilin mart ayında əvvəlki aya nisbətən 232 milyon manat azalıb. Belə ki, fevral ayında vətəndaşların banklardakı əmanətləri 8 milyard 379 milyon manat olsa da, bir ay sonra bu göstərici 8 milyard 147 milyon manata düşüb.
Azvision.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, 4 milyard 101 milyon manat xarici valyutalarda, 4 milyard 46 milyon vəsait isə manatla saxlanılır.

"Xarici valyutada saxlanılan əmanətlərin payı cüzi çox olsa da, etiraf etmək lazımdır ki, son illər depozitlərin valyuta strukturu xeyli dərəcədə yaxşılaşıb. Bu isə milli valyutanın 2017-ci ilin ferval ayından etibarən stabil qalması və manatla əmanətlərə xarici valyutaya nisbətən daha çox dividentin ödənilməsi ilə bağlıdır. Fiziki şəxslərin əmanətlərinin azalması tələbli depozit məbləğlərinin aşağı düşməsi ilə bağlı olsa da, bütün hallarda bank sektoru üçün arzuolunan deyil. Digər tərəfdən, depozitlər üzrə dividend faizlərini son illər aşağı endirən əksər banklarda kredit faizləri yüksək olaraq qalmaqdadır. Bu da depozit ödənişləri ilə kredit faizləri arasında kəskin fərqin hələ də qaldığından xəbər verir. Bu baxımdan, bank sektorunda rəqabəti gücləndirməklə depozit və kredit siyasətləri arasındakı mütənasibliyin möhkəmləndirilməsinə ehtiyac var. Bu passiv vəsaitlərin banklara cəlb edilməsi və kredit şərtlərinin yumşalmasına gətirib çıxara bilər".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Bank   Əmanət  





Xəbər lenti