İtaliyada azərbaycanlıların xatirəsi anılıb

İtaliyada azərbaycanlıların xatirəsi anılıb
  23 Aprel 2021    Oxunub:2749
İtaliyada müstəqil fəaliyyət göstərən və soydaşlarımızı sıralarında birləşdirən Azərbaycan İcması Assosiasiyası İkinci Dünya müharibəsində müqavimət hərəkatında iştirak etmiş və bu ölkənin müstəqilliyi uğrunda canından keçən soydaşlarımızın xatirəsini anıb.
Azvision.az xəbər verir ki, italyanlarla çiyin-çiyinə döyüşən azərbaycanlıların əziz xatirəsini yad edən təşkilatın üzvləri Berqamo şəhərində ucaldılmış xatirə kompleksinə Azərbaycan və İtaliyanın üçrəngli bayraqlarının əks olunduğu çələng qoyublar.

Bildirilib ki, İkinci Dünya müharibəsində Azərbaycan övladlarının İtaliyanın müstəqilliyi uğrunda qəhrəmanlığı və fədakarlığı bu gün ölkələrimiz arasında dostluq əlaqələrinin dərin köklərinin olmasından xəbər verir, Qafqazdan Apenninədək uzanan bu dərin bağların gələcəkdə də uğurla inkişaf edəcəyini göstərir.

İcmanın prezidenti Turan Sadiqi Berqamo şəhərinin merinə müraciət də ünvanlayıb.

Müraciətdə bildirilib ki, təşkilat üzvləri Monte di Nese dağına baş çəkib, burada İtaliya müqavimət hərəkatının iştirakçılarının, xüsusilə də İkinci Dünya müharibəsinin sonlarında – 1945-ci ilin aprelində nasizmin və faşizmin qurbanı olmuş 120 azərbaycanlının xatirəsini anıblar. “Həmvətənlərimizin xatirəsinin əziz və uca tutulması, onların xatirəsinin anılması bir ənənə kimi davam etdiriləcək. Biz onları heç zaman unutmadıq və unutmayacayıq!”, - deyə o qeyd edib.

Azvision.az



Teqlər: İtaliya  





Xəbər lenti