Sədaqət Qəhrəmanova: “Kişi hesab edir ki, qadın onun əmlakıdır” - MÜSAHİBƏ

 Sədaqət Qəhrəmanova:  “Kişi hesab edir ki, qadın onun əmlakıdır” -  MÜSAHİBƏ
  23 Aprel 2021    Oxunub:15148
“Rəhbər vəzifələrdə işləməyimə baxmayaraq, 4 övladım - 3 qızım, bir oğlum var. Onları sevə-sevə böyütmüşəm”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azvision.az -a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Sədaqət xanım, bir illik pandemiya dönəmində komitə tərəfindən hansı işlər həyata keçirilib? Əvvəlcə bu barədə məlumat verməyinizi istərdim.

- Pandemiya dönəmində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ailələrdə baş verən zorakılıq halları, qadınların hüquqlarının necə qorunması diqqətdə saxlanıldı, bir sıra tədqiqatlar aparıldı. Qadınların hüquqlarının pozulması, zorakılıq, cinayətlər, intihar hallarının kəskinləşməsinin səbəbləri araşdırıldı. Tədqiqatlarla yanaşı, insanlara bilavasitə kömək etmək də əsas işlərdən oldu. Həssas və çətin durumda olan ailələrə yardım etmək üçün könüllü ailələri yaradıldı. İqtisadi, mənəvi-psixoloji cəhətdən yardımlar edildi, onlayn psixoloji köməklik göstərildi.

İqtisadi cəhətdən pandemiyanın ailələrə böyük təsiri oldu. Xırda bizneslə məşğul olanlar fəaliyyətlərini dayandırdı və bu da ailədə çətinliklərə gətirib çıxardı. Sərt karantin dövrlərində ailə üzvlərinin hamısı bir yerdə olanda problemlər ortaya çıxdı. Biri var ki, evdə hər kəs çalışır, müəyyən vaxtlarda gəlir və ailə axşam evdə cəm olur. Bu zaman evdə elə də gərginlik yaranmır. Lakin bir neçə sutka ərzində evdə olmaq insanların psixologiyasına təsir edir, onları gərgin vəziyyətə salır. Ən gərgin vəziyyətdə olan isə qadınlardır, çünki evi idarə edirlər.



- Bəs bu dövrdə ailə münasibətlərinin möhkəmləndirilməsi, zorakılıq hallarının azaldılması istiqamətində hansı addımlar atılıb?

- Öncə müəyyən təhlillər aparılıb. Gender münasibətlərinin vəziyyəti, qadın məşğulluğu, ailə münasibətləri, məşiət zorakılığı və digər məsələlərlə bağlı təhlilər aparılıb. Qadınların məşğulluğu ilə bağlı Milli Fəaliyyət Planının hazırlanması istiqamətində yeni layihəyə start verdik. Milli Fəaliyyət Planında ən vacib məsələlərdən biri də haqqı ödənilməyən qadınların əməkləridir. Onlar bütün sutka ərzində evdə olur, uşağa baxır, ev təsərrüfatı, mətbəx işləri ilə məşğul olur, amma işsiz kimi qeydə alınır və haqları ödənilmir. Bu, aktual mövzudur və pandemiya dövründə aparılan təhlillər göstərdi ki, qadınların yükü bir az da artıb. Bununla bağlı beynəlxalq təcrübəni öyrənərək, ekspertləri cəlb edərək qadın məşğulluğunun inkişafı ilə bağlı Milli Fəaliyyət Planı hazırlayırıq.

Pandemiyanın çətin tərəfləri olduğu kimi insanlara bir çox şeyləri - birgə yaşamağı, çətin situasiyada necə kömək etməyi öyrətdi. Azərbaycan xalqı bu sınaqdan müvəffəqiyyətlə çıxdı. Pandemiya insanlara belə şəraitdə işləməyi öyrətdi. Adətən bir tədbiri keçirmək üçün regiona gedir, insanları toplayır, onlarla maarifləndirmə işi aparırdıq, hansısa məsələni müzakirə edirdik. Amma onlayn görüşlər vasitəsilə daha çox insanları cəlb etdik və apardığımız maariflənmənin yaxşı effekti olduğunu müəyyən etdik. Hər bir rayonda bələdiyyələri cəlb etməklə maraqlı layihələr həyata keçirdik. Gender bərabərliyinin təmin edilməsi, cəmiyyətdə baş verən məişət zorakılığı, intihar halları, müəyyən cinayətlər, narkomaniyanın qarşısının alınması ilə bağlı maarifləndirici onlayn görüşlər, təlimlər keçirdik. Gender bərabərliyi ilə müvafiq qurumlar məşğul olmaqla yanaşı, bələdiyyələrin bu məsələni diqqətdə saxlaması daha vacibdir.



Bələdiyyələr kommunal-tikinti məsələlər ilə yanaşı, sosial məsələlərlə də məşğul olmalıdır. Ailələrin problemlərinin nədən ibarət olduğunu öyrənməli və dəstək verməlidir. Bu proses gedir. Kəndlərdə bələdiyyələrin nəzdində komissiyalar yaradılır və düşünürəm ki, gələcəkdə onlarla yaxşı iş görəcəyik.

Bu il bir tvinninq layihəsi həyata keçiririk. Layihə Litva və Avstriya ölkələrinin təcrübəsini öyrənməklə, Avropa ittifaqının maliyyə dəstəyi ilə həyata keçirilir. Bu istiqamətdə ekspertlər işləyir, təhlillər aparılır. Məişət zorakılığı hallarının qarşısının alınması üçün hansı tədbirlərin görülməsi bir daha təhlil olunur. Bu istiqamətdə fəaliyyət göstərən dövlət qurumlarının məsul şəxsləri treyner kimi hazırlanır ki, sonradan bu işi davam etsinlər.

- Milli Fəaliyyəti Planında qadınların məşğulluğuna dair hansı işlər həyata keçiriləcək?

- Milli Fəaliyyəti Planın adı qadın məşğulluğudur. Bu gün qadınlar həm dövlət qurumlarında, həm özəl sektorda işləyir və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qadınlarımızın bir hissəsi isə evdar qadın kimi ailə təsərrüfatlarını idarə edir. Fəaliyyət Planında bu sahədə işləyən qadınların hansı problemlərinin olması, qadının işləməsinə mane olan səbəblər göstərilir. Burada sosial məsələlər ortaya qoyulur. Məsələn, bir qadın işləmək istəyir, bunun üçün onun ali təhsili və digər göstəriciləri var, amma işləyə bilmir. Çünki evdə uşaqları, yaşlı ailə üzvləri var, onları kiməsə həvalə edə bilmir.

Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə yeni inşa olunan binaların birinci mərtəbəsində bağçaların olması nəzərdə tutulur. Çünki həmin binada yaşayan insanlar bilsinlər ki, uşaqlarını hara qoya bilərlər. Milli Fəaliyyət Planında günərzi mərkəzlər, uşaq bağçalarının olması, sosial koorporativ layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Tutaq ki, qadın hansısa şirkətdə çalışır və bu şirkət öz işçisinin sosial problemləri ilə maraqlanmalıdır. Sovet dönəmində böyük müəssisələr işçiləri üçün bağça da inşa edirdilər, onların sosial problemlərini həll etmək üçün qərarlar, sərəncamlar verirdi. Bu gün Azərbaycanda tanınmış, böyük şirkətlər var və orada qadınlar çalışır. Lakin həmin qadınların problemlərinin nədən ibarət olduğunu şirkət rəhbərləri bilmirlər. Hər bir şirkət ekoloji, sosial layihələrə qol qoymalıdır. Məhsul istehsalı ilə yanaşı, bu məsələlər də onları maraqlandırmalıdır. Problemlərin hamısını dövlətin üzərində qoymaz olmaz. Özəl sektor öz işçiləri ilə maraqlanmalıdır. Milli Fəaliyyət Planında bu məsələlər öz əksini tapıb.



Dövlət müəssisələrində bir qayda olaraq işçinin işə gəlmə və getmə vaxtı var. 8 saatlıq iş rejimi olur, işçi bayram günlərindən, analıq məzuniyyətindən istifadə edir, həmkarlar təşkilatının üzvü olaraq qayğılardan bəhrələnir. Amma özəl sektorda bunlar yoxdur. Özəl sektorda bəzi şirkətlər, təşkilatlar bütün işçiləri, o cümlədən qadınları çalışdırır. Onlar bayram günlərində öz haqlarından istifadə edə bilmirlər. Qurban bayramında bir ticarət məkanına girdim, orada çalışan satıcı qızlar məni tanıyıb yaxınlaşdılar. Dedilər ki, rəhbərlik onları bayrama buraxmır və işləyəcəklər. Həmin məkanın rəhbərliyi ilə danışdım və iradımı bildirdim ki, əgər dövlət belə sərəncam verirsə, buna qeyri-dövlət müəssisələri də riayət etməlidir və işçilərini bayram keçirmək üçün buraxmalıdır. Özəl sektorda belə problemlər var. Əgər kimsə özəl sahədə işləmək istəyirsə və uşağını bağçaya qoya bilmirsə, şirkət onunla maraqlanmalıdır. İşçiləri üçün bağça inşa etməlidir.

Məsələn, Bakı Mühəndislik Universitetində işləyən analar üçün uşaq qayğı otağı yaradılıb. Müəllimə dərs deməyə gələndə uşağı həmin mərkəzə verib, dərsini keçir, gedəndə isə özü ilə aparırdı. Univeristet bunu düşünüb, qadınlara belə qayğı göstərirdi. Qadınların işləməsinə, daha yüksək vəzifəyə qalxmasına maneəçilik törədən problemlər, sosial məsələlər həll olunmalıdır. Yeni hazırlanacaq Milli Fəaliyyət Planında bu məsələlər nəzərə alınıb. Bütün dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrup yaradılıb, onların fikir və təkliflərini öyrənərək birlikdə sənədi hazırlayacayıq.



- Ötən ilin statistikasına əsasən Azərbaycanda məişət zorakılığı zəminində öldürülən şəxslərin, o cümlədən qadınların sayı artıb. Bununla bağlı Komitə tərəfindən araşdırma aparılıbmı? Cinayət halları əsasən hansı zəmində baş verir? Pandemiya şəraitinin belə halların çoxalmasına təsiri var?

- 2010-cu ildə “Məişət zorakılığı haqqında” Qanun qəbul edildikdən sonra biz insanların qarşısında hansı mövzu ilə çıxış edəcəyimiz barədə düşünürdük, sonda mədəniyyət üzərində durduq. Niyə insanlar bir-biriləri ilə yola getmir və bir-birilərinə qarşı zorakılıq törədirlər? Məişət zorakılığına qadınlarla yanaşı, kişilər, ahıl şəxslər, uşaqlar, əlil insanlar məruz qalır. Lakin daha çox qadınlara qarşı zorakılıq törədilir. Biz bu qanunu qəbul edəndə iki il layihə ilə bağlı görüşmədiyimiz təbəqə yox idi. Layihə Milli Məclisə gedirdi və Milli Məclisin özündə ikili fikirlər olurdu. Məsələni qoyurdular ki, “məişət zorakılğı qanunu bizim nəyimizə lazımdır? Cəmiyyətimizdə qadına hörmət var. Dinimizdə, cəmiyyətimizdə, milli dəyərlərimizdə qadın deyəndə yüksək düşüncələrə qapılırıq”. Bu, doğurdan belədir. Milli-mənəvi dəyərlərimizdə qadın müqəddəsdir, qadına hörmət var. Bir məclisə qadın gələndə ona hörmət, ehtiram var. Lakin bu aqil cəmiyyətdə belədir. Cəmiyyətin cahil hissəsi də var. Cahil cəmiyyətdə kölə düşüncəli insanlar var və düşünürlər ki, ailə qurduğu qadın kölədir. “Ömür-gün yoldaşı”, “həyat yoldaşı” kimi yüksək təqdimat heç bir xalqlarda istifadə edilmir.

Kişi hesab edir ki, qadın onun əmlakıdır və istədiyi kimi rəftar edə bilər. Onun işləyib-işləməməsinə, harasa getməsinə və hər atdığı addımına qərar verə bilər. Qadının seçimi yoxdur. Belə cahil düşüncələr sonda zorakılığa gətirib çıxarır. Bəzən biz bunları elə aqil cəmiyyətdə də görürük. Ailə qurmaq, övladlarını evləndirmək hansı prinsiplərlə edilir? Bu gün qurulan ailələrin kökündə sevgi var, yoxsa hansısa razılaşma? Bu gün dost, tanış ailələri övladlarına ər və ya arvadı özləri seçir. Övlad da ata-ananın sözünə qulaq asıb addımı atır. Amma sonradan görürlər ki, bunlar fərqli dünyagörüşünə malik insanlardır. Bir müddət vallideylərinə görə birlikdə yaşayır və zamanla münasibət korlanır.

Erkən yaşda qızları ərə verirlər. Düşünürlər ki, bu gün elçisi gəlib və qızını ərə verməsə, onun üstündə yük kimi qalacaq. O insan fikirləşmir ki, qızını 15-17 yaşda ərə verməkdənsə, ona sənəd versin. Sabah onun ailəsində nəsə baş verəndə ayaq üstə dura bilsin, özünü qorusun, işləyə bilsin. Bu barədə düşünən yoxdur. Bünövrə buradan, ailənin qurulmasından başlanılır. Erkən nikahların sonu yoxdur. Əgər haradasa, kimlərsə buna dözür və evliliyi başa gətirirlərsə, bu, ancaq qadının dözümlülüyü hesabına olur. Lakin sual olunur ki, buna dəyərmi?



Üçüncü faktor cəmiyyətdə baş verən narkomaniyadır. Təəssüflər olsun ki, narkomaniyanın yaşı cavanlaşıb. Bu gün ailə quran gənc insanlar evlənəndə bilmir ki, qarşısındakı şəxs narkomandır, ya yox. Evlənən cütlüklərin tibbi müayinədən keçməsi ilə genetik xəstəliklərin aşkarlanması və azalması nailiyyəti əldə olunub. Bu siyahıya narkomaniya da aid olunsa, yaxşı olar. Ailə qurulduqdan sonra şəxsin narkotik istifadəçisi olduğu müəyyən edilir və boşanma olur. İnsanlar bütün günü idarələrdə işləyir, axşam evə gələndə narkotik istifadə edir, ailəsinə zülm verir.

Məişət zorakılığının ən qəddar kluminasiya nöqtəsi ölümdür. Kişi qadını və ya qadın kişini qətlə yetirir. Məişət zorakılığı deyəndə ilk fiziki zorakılıq başa düşür. Ona qədər gedən proses mənəvi-psixoloji prosesdir. Nəyəsə qoyulan qadağalar zaman-zaman yığılır və insanın qəlbində, şüurunda, düşüncəsində kinə çevrilir və sonda ölümlə nəticələnir.

- Bu hallar həmin ailələrdə böyüyən uşaqlara necə təsir edir? Cinayət törədən, elə zorakılıq edən şəxslərin də çox zaman belə həssas ailələrdən olması qeyd edilir.

- Hər ailədə baş verən mənəvi-psixoloji zorakılığın əziyyətini orada böyüyən uşaqlar çəkir. Ər-arvad münasibətinin kəskin dövründə evdə olan uşaqlar bunun şahidi olurlar. Bunu görən uşaqlar həddən artıq ya aqresiv böyüyür, ya da psixoloji zəif olurlar. Hər bir addımı atanda qorxaqlıq sindromu yaranır və valideynlər bunu başa düşmürlər. Yaxud da valideynlər tərəfindən uşaqlara həddindən artıq qadağalar qoyulur. Bu qadağalar, qorxu hissi istər oğlan, istərsə də qız uşaqlarının intihar hallarının artması ilə müşahidə edilir. İntihar hallarının baş verməsi mənəvi-psixoloji qadağalardan yaranır. Valideyn elə bilir ki, onun övladı namuslu, qeyrətli, kristaldır. Yeniyetmə kimisə sevirsə və ya başına hansısa hadisə gəlirsə, onu ailəsinə deyə bilmir. Qadağalar qoyulur, uşaq fkirlərini bölüşə bilmir, dinlənilmir və sonda gənclər həddi-buluğa çatan dövrdə belə hadisə baş verir. Bu dövr oğlan uşaqlarında daha kəskin olur.

Valideyn uşağı nə vurur, nə döyür, sadəcə müəyyən qadağalar qoyur, gərgin psixoloji vəziyyətdə böyüdür, müəyyən qorxu içərisində yaşadır. Təsəvvür edin ki, uşaq ali məktəbə girmədiyi üçün intihar edir, çünki evdə irad tutulması, danlanılmasından qorxur. Bu mənada valideynlər çox həssas olmalıdır. Burada ailə psixoloqlarının təcrübəsini inkişaf etdirmək məqsədəuyğun olardı.



- Bu cür halların qarşısının alınması üçün nələr edilməlidir?

- Məişət zorakılığının qarşısını almaq üçün kəskin tədbirlər görülməlidir. Valideyn məsuliyyəti ilə bağlı qanunvericilikdə ciddi dəyişikliklərə ehtiyac var. Valideyn öz uşağına qarşı düzgün hərəkət etmirsə, dünyaya gətirdiyi övladını küçəyə buraxıb diləndirirsə, yaxud evdə uşağa əzab verirsə, onlar valideyn hüquqlarından məhrum edilməlidir. Bu, kəskin sürətdə qoyulmalıdır. Bəzən belə ailələr övladlarından istifadə edirlər. Mənim uşaqlarım var, mənə yardımlar edin və s. Amma ona edilənlərin heç biri uşağın inkişafına, oxumasına yönəlmir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dövlət siyasətini həyata keçirir, müəyyən hüquqi-sənədlərin qəbul olunması ilə bağlı təhlillər irəli sürüb, sənədlər hazırlayır. Amma ölkədə fəaliyyət göstərən müəyyən qurumlar mütəmadi olaraq bu məsələ ilə məşğul olmalıdır. Çox vaxt hadisə baş verəndən sonra cəmiyyət, sosial şəbəkələr, media bunu yazmağa başlayır. Birinci növbədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaxasından yapşılır və deyirlər ki, “Komitə hara baxır?” Lakin yaxşı olardı ki, media nümayəndələri hadisənin baş verdiyi məkana gedib, onunla bilavasitə məşğul olan qurumlardan soruşsunlar.
Bələdiyyələr seçildikləri kəndlərdə təhlillər aparmalı, onlarla işləməlidir. Qabaqlayıcı tədbirlər görülməsə məişət zorakılığnın qarşısı alına bilməz. Sahə müvəkkili narkomanlarla məşğul olur. Amma bir ailədə baş verən münasibətləri gözə almır. Polis şöbələrinin əksəriyyətində münaqişəli ailələr qeydiyyatdadır, amma bu, yetərli deyil. Belə ailələrlə sosial psixoloji tədbirlər həyata keçirilməlidir, iş aparılmalıdır. İş aparılmasa bu cür hadisələr olacaq. Rayonun icra başçılarının humanitar məsələlər üzrə müavinləri icra hakimiyyətlərində yaradılan həddi-buluğa çatmayanların işləri üzrə komissiyanın rəhbərləridir. Onlar gözləməməlidilər ki, ərazilərində hadisələr baş versin və ya boşanma zəminində, ailədə hansısa problem olsun, bunlara müraciət edilsin. Komissiya rayonda təhlil aparmalı, belə qruplardan olan ailələri aşkarlamalı və tədbirlər görməlidir.

İcra başçısının müaviləri həm də gender əsaslı məişət zorakılığı ilə bağlı yaradılmış monitorinq qruplarının rəhbərləridir. Monitorinq qruplarının üzvləri hüquq mühafizə orqanlarının, sosial müəssisələrin, QHT-lərin nümayəndələridir. Monitorinq qrupu hadisə baş verəndə hadisəni təhlil edir. Hadisə baş verəndən sonra təhlilin əhəmiyyəti yoxdur. Hadisə baş verməmişdən qabaq rayonda, kənddə bələdiyyələr monitorinq aparmalı, risk qrupuna aid olan ailələrlə işlər görülməlidir. Bu şəbəkə işləsə, onda hadisə baş verməz.



Bu yaxınlarda Bərdədə 2 yaşlı qız və 10 yaşlı oğlan uşağı arasında hadisə olmuşdu, Ağdam regional mərkəzindən nümayəndə gəlib, məsələni araşdırıb. Məlum olub ki, icra hakimiyyətininin, polisin belə hadisənin baş verməsi barədə məlumatı yoxdur. Münasibət dəyişməlidir. Hər kəs öz vəzifəsinin sahibi olmalıdır, işini sevməlidir. Bu sevgi olmasa biz məişət zorakılığının qarşısını ala bilmərik. Hər bir məsələnin həllinin açarı var. Sadəcə istəmək lazımdır.

Deyirlər ki, ailələrlə danışdıq, başa düşmədilər. Amma belə deyil. Bir dəfə danışarsan başa düşməz, iki dəfə, üç dəfə, sonda başa düşəcək. Mən sovet dönəmində ideoloji məsələlər üzrə şəhər partiya komitəsinin katibi işləmişəm. İdeoloji iş aşağıdan başlayır, yuxarıda nəticəsini görürük. Əgər hər bir kənddə insanları qayğılandırsaq, düzgün yol göstərə bilsək, ali dövlətçilik ənənələrini uca tutsaq, elmli vətənpərvər nəslimiz olar.

- Məişət zorakılığı ilə bağlı komitəyə nə qədər müraciət daxil olub?

- Cari ilin əvvəlindən bu günə qədər məişət zorakılığı ilə bağlı 67 vətəndaş ərizə verib. Eyni zamanda 6 xidməti sənədlə müxtəlif qurumlardan məişət zorakılığı ilə bağlı müraciət daxil olub. 2020-ci ildə 2 uzunmüddətli və 38 qısa müddətli mühafizə orderi verilib.

Ümumiyyətlə, məişət zorakılığı ilə bağlı komitəyə kifayət qədər müraciət olur. Bütün faktlar Məişət Zorakılığı Bankına daxil olur. Bizə daxil olan müraciətləri hansısa rayona araşdırmağa göndərəndə mütləq qeyd edirik ki, araşdırmaqla yanaşı, faktı banka daxil edin. Hər ilin sonunda biz icra hakimiyyətlərinə nə qədər məişət zorakılığı faktının qeydə alınması ilə bağlı sorğu göndəririk. Çox təəssüflər olsun ki, bəzən “bizdə məişət zorakılığı faktı qeydə alınmayıb” cavabı alırıq.

Bizdə boşanma proseduru vətəndaş müharibəsinə çevrilir. Normal boşanmanı təmin etməliyik. İnsanlar başa düşməlidir ki, birgə yaşamaq mümkün deyilsə, boşanma faciə deyil. Heç kimin uşaqları ana və atadan məhrum etmə hüququ yoxdur. Valideynlər ata-ana olaraq qalır və dost münasibətləri davam etməlidir. Münasibətlər kəskinləşib, düşmənçiliyə çevrilməməlidir. Bunun üstündə çox zaman ata acığından aliment vermir, ana da uşaqları ataya göstərmir. Bu zaman uşaq psixoloji travma alır, ata və ana arasında qalır. Təəssüflər olsun ki, bizim ağbirçək və ağsaqqal saydığımız nənə və babalar prosesdə müsbət rol oynamır, öz aqresiyalarını ortaya qoyur.



Mətbuat da bu istiqamətdə həssas olmalıdır. Gedib hansısa dövlət qurumundan hadisənin baş verməsini soruşmamalıdır. Nənədən-babadan soruşmalıdır ki, “hara baxırsan, niyə bu hadisə baş verir?” Bu suallar onlara verilməlidir. Ən əsası intihar, məişət zorakılığı faktları həddindən artıq kəskin şəkildə mətbuatda işıqlandırılmamalıdır. Mətbuat bu faktı sağdan-soldan işıqlandırmaqla nə demək istəyir? Müəyyən qurumlar hadisəni bilir və onunla məşğul olur. Bu həmin situasiyada olan ailələr üçün bir siqnaldır. Yeni intiharın törədilməsinə bir işarədir. Mətbuat bu məsələdə həssas olmalıdır.

- Son vaxtlar ölkəmizdə ailə münasibətlərinin əks olunduğu seriallar da çəkilir. Bəzən biz orada zorakılıq əlamətləri görürük. Bu serialları, filmləri necə qiymətləndirirsiniz?

- Böyük pullar qoyulur, əziyyət çəkilir, aktyorlar çıxış edir. Lakin bu serialların əksəriyyətini bəyənmirəm. Orada zorakılıq əlamətləri göstərilir. Televiziyanı açanda mənəviyyatı oxşayan, xoş gələn film yoxdur, hamısı öldürmək üzərindədir. Zamanında o qədər sevgi, təbiət filmləri var idi. İndi belə filmlər yoxdur. Uşaqlar üçün yaxşı nağıllardan ibarət filmlər çəkilər bilər ki, bunun tərbiyyəvi əhəmiyyəti olmalıdır. Bunlar hamısı senzuradan keçməlidir, təsdiqini almaldır. Bu gün filmlər, seriallar proffesionallıq nöqteyi-nəzərindən yüksək deyil. Eyni zamanda ssenarilərdə cəmiyyətimizə çağırış edən məqamlar yoxdur.

Türkiyə filmlərinə baxıram, orada ailə və uşaqlar mövzusunda maraqlı tərbiyəvi filmlər çəkilir. Bir zamanlar “Arka sokaklar” serialına baxırdım, orada cəmiyyətə yaxşı təsir edən məqamlar var idi. Uşağa qarşı münasibət, valideynin məsuliyyəti, cəmiyyətə tərbiyyəverici məqamlar yaxşı işlənmişdi. Bax, belə seriallar çəksinlər. Hadisəni göstərməklə yanaşı, yaxşı və pis məqamları ortaya qoysunlar. Məsələni müzakirə edib, çağırış ünvanlasınlar. Yoxsa kimsə özünü atdı, kimsə öldürdü, bunu nəql etməyin nə əhəmiyyəti var? Hər bir informasiyanı verəndə onun əks-sədasını fikirləşmək lazımdır.

- Bildiyimiz kimi, ölkəmizdə pandemiya səbəbindən toylar dayandırılıb. Kimlərsə streotipləri qıraraq toysuz ailə qurur, kimlərsə dəbdəli məclis keçirmək üçün karantinin bitməsini gözləyir. Bununla bağlı sizin fikirlərinizi bilmək istərdik. Ailə həyatı qurmaq üçün toy vacibdirmi?

- Toylar məsələsi cəmiyyəti düşündürməyə vadar edir. Övladını evləndirmək, onun xoşbəxtliyini görmək istəyirsənsə, hər kəsi bura yığmağın nə əhəmiyyəti var? Çox az sayda insanlarla toy edə, övladlarına xoşbəxtlik arzulaya bilərsən. Dəbdəbəli toydansa, əsas onun nəticəsidir. Sarayların açılması, 1000 nəfərin yığılması həmin gənclərin xoşbəxtliyi üçün keçirilən mərasim deyil. Bu valideynlərin ibnəsi, hikkəsidir ki, “filankəs belə etdi, mən ondan artıq qonaq çağırım”. Pandemiyanın müsbət tərəfləri də insanların düşüncəsinə, həyata baxışlarında oldu və yəqin bundan sonra da təsir edəcək.

- Ölkəmizdə təbii artım da azalır. Bu, gələcəkdə demoqrafik vəziyyətin pisləşməsinə səbəb ola bilərmi?

- Övlad dünyaya gətirməklə bağlı qeyd edilir ki, norma 4 uşaqdır: 2 öz əvəzini verirsən, 2 nəfər də artım olur. Bu, hər bir vətəndaşın qarşısında borcdur. Digər tərəfdən hər bir insan maddi vəziyyətinə uyğun davranmalıdır. Bu gün tələblər fərqlidir. Hər kəs istəyir ki, uşağına təhsil versin, yüksək səviyyədə şərait yaratsın. Rəhbər vəzifələrdə işləməyimə baxmayaraq, 4 övladım - 3 qızım, bir oğlum var. Sevə-sevə onları böyütmüşəm. Amma indi baxırsan ki, işi yox, evi yox, səhhəti qaydasında deyil, amma 36 yaşında 6 uşağı var və bizə kömək üçün müraciət edir. 30-35 yaşlarında insanlar hələ təzə ailə qururlar. Soruşarım ki, tez ailə qurmusan və bu qədər problemlə, ehtiyacla 6 uşağı dünyaya gətirməklə nə düşünürsən? Cavab olur ki, “Allah verir”. Hər bir insan ailə quranda planlaşdırmalıdır ki, ailə büdcəsi nə qədərdir, dünyaya gətirdiyi övladı saxlaya biləcək, ya yox. Bəziləri iddia ilə danışırlar ki, dövlət saxlamalıdır. Dövlət özü ailədir. Dövləti biz insanlar yaratmışıq. Dövlət qanunlar, proqramlar qəbul edir ki, insanlara dəstək olsun. Lakin insan özü də planlamalıdır. Sənin evin-eşiyin yox, kənddən gəlirsən Bakıya, harada yaşayacağın bəlli deyil. Hansısa zirzəmidə yaşayırsan və uşaq dünyaya gətirirsən. Bu uşağın günahı nədir? Evlənirsən evlən, lakin uşaq dünyaya gətirmək üçün fikirləşmək lazımdır ki, buna hazıram? Ailə quran hər bir insan bunu düşünməlidir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Ailə   Məişət-zorkılığı   İntihar  





Xəbər lenti