Ermənistanın işğal nəticəsində vurduğu ziyan nə qədərdir?

 Ermənistanın işğal nəticəsində vurduğu ziyan nə qədərdir?
  22 Aprel 2021    Oxunub:4119
Xarici mütəxəsislərin iştirakı ilə torpaqlarımızın bir hissəsini 27 ildən çox işğalda saxlayan Ermənistanın vurduğu ziyanın hesablanması prosesi davam etdirilir. Qiymətləndirmə başa çatdırılandan sonra təzminatın ödənilməsi üçün Ermənistan beynəlxalq məhkəmələrə veriləcək.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Füzulidən seçilən deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, işğalçı ölkə uzun müddət zəbt etdiyi torpaqlarımızda infrastruktur və ekoloji soyqırım edib:

"Demək olar ki, bütün tikililər dağıdılıb, meşələr məhv edilib. İşğaldan azad olunan yaşayış məntəqələrinin görüntüləri göstərir ki, əksər hallarda nəinki dağıldılmış evlərin yerlərini, hətta kəndlərin tam olaraq harada yerləşdiyini müəyyənləşdirmək çətindir. Belə hallarda dəymiş ziyanın hesablanması üçün bir sıra üsullardan istifadə olunur. Aparıcı beynəlxalq qurumların bu sahədə bir sıra metodoloji tövsiyyələri var. Dünya Bankının metodologiyasına görə, 4 mühüm istiqamət üzrə ziyanın hesablanması həyata keçirilir. Əmlak və infrastruktura dəyən ziyan, insanların həyatını itirməsi və məcburi köçkün həyatı yaşaması nəticəsində dəyən ziyan, iqtisadi nəticələrdən yaranan ziyan və insan inkişafına vurulan ziyan. Yaxın Şərqdəki münaqişələr zamanı dəyən ziyan qiymətləndirilərkən bəlli olub ki, Ümumi Daxili Məhsula (ÜDM) kumulativ ziyan infrastruktura və əmlaka vurulan ziyandan dəfələrlə çoxdur. Eyni zamanda, həmin ərazilərdə iqtisadi aktivliyin dayanmasının ciddi ziyan olduğu hesablanır. Məsələn, Suriya münaqişəsi zamanı iqtisadi ziyan 226 milyard dollar hesablanıb və bu du həmin ölkənin müharibədən əvvəlki illik ÜDM-dən 4 dəfə çoxdur".

V.Bayramov onu qeyd edib ki, bütün metodoloji dəyərləndirmələrə görə, Ermənistanın işğal altındakı ərazilərimizə vurduğu ziyan sadəcə onun varvarcasına etdiyi dağıntılar ilə məhdudlaşmayacaq.

"Həmin ərazilərimizin böyük iqtisadi potensialını nəzərə aldıqda Ümumi Daxili Məhsula (ÜDM) dəyən ziyanın da ayrıca hesablanması və təzminat məbləğinə daxil edilməsinə ehtiyac var. Artıq bununla bağlı Dünya Bankı, BMT kimi beynəlxalq institutların aydın metodologiyası var. Ziyanın qiymətləndirilməsi prosesinə beynəlxalq ekspertlərin də cəlb edilməsi daha dəqiq məbləğin hesablanmasına imkan yaradacaq".

Ermənistanın işğal nəticəsində vurduğu ziyanın nə qədər olmasına gəlincə, Milli Məclisin üzvü vurğulayıb ki, dəymiş ziyanla bağlı fərqli rəqəmlər olsa belə, bu, milyard dollarlar ilə ölçülür:

"Gözlənilir ki, konkret rəqəmlər qiymətləndirmə başa çatandan sonra ictimaiyyətə elan olunacaq. Prosesin beynəlxalq ekspertlərin iştirakı ilə aparılması elan olunacaq rəqəmə beynəxalq yanaşmada pozitiv təsir edəcək.

Qeyd edək ki, Birinci və İkinci Dünya müharibələrindən sonra dəymiş ziyana görə kompensasiyaların ödənilməsi faktları qeydə alınıb. Körfəz Müharibəsindən sonra İraqdan Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52.4 milyard dollar müəyyənləşdirib. Həmin vəsaitin isə 48.7 milyard dollarının ödənilməsinə artıq nail olunub. Bu baxımdan, dəymiş ziyanın məbləği hesablanandan sonra Azərbaycan da beynəlxlaq məhkəməyə müraciət edərək işğalçı Ermənistan tərəfindən təzminatın ödənilməsini tələb etmək hüququndan istifadə edəcək. Beləliklə, regionda proseslər yeni mərhələyə qədəm qoyur. İnanırıq ki, bu mərhələ işğalçı Ermənistanın hərbi cinayətlərə görə cavab verməsi mərhələsi olacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Qarabağ   Düşmən   Ziyan   Məbləğ  





Xəbər lenti