Özbəkistanla əməkdaşlığın perspektivləri müzakirə olunub

Özbəkistanla əməkdaşlığın perspektivləri müzakirə olunub
  21 Aprel 2021    Oxunub:2323
Milli Məclisin İntizam komissiyasının sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov aprelin 21-də Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a bildirilib ki, Eldar İbrahimov ölkəmizin Özbəkistan ilə münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini bildirib. O, ölkələrimiz və xalqlarımız arasında tarixi dostluğun ulu öndər Heydər Əliyevin dövründən başlayaraq daha da genişləndiyini və möhkəmləndiyini vurğulayıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında yüksəksəviyyəli münasibətlər əməkdaşlığımızın inkişafına mühüm töhfələr verir.

Milli Məclisin sədri Sahibə Qafarova və Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva arasında bu yaxınlarda keçirilən görüşü xatırladan Eldar İbrahimov iki ölkənin qanunverici orqanlarının əlaqələrindən, qarşılıqlı səfərlərdən, dostluq qruplarının fəaliyyətindən söz açıb.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfərdən danışan Eldar İbrahimov işğaldan azad olunmuş ərazilərimizdəki erməni vandalizminin ağır nəticələrindən bəhs edib.

Görüşə görə minnətdarlığını bildirən Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini deyib. O, Azərbaycanın BMT qətnamələrinə və beynəlxalq hüquqa əsaslanaraq öz torpaqlarını işğaldan azad etməsi münasibətilə təbriklərini çatdırıb.

Söhbət zamanı özbəkistanlı diplomat ölkələrimiz arasında ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini açıqlayıb.

Görüşdə Milli Məclisin Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Ziyad Səmədzadə, Cavanşir Paşazadə və Elman Nəsirov çıxış edərək müharibənin başa çatması ilə regionda sülhün və təhlükəsizliyin bərqərar olmasından, yeni əməkdaşlıq imkanlarının yaranmasından, Azərbaycan-Özbəkistan əlaqələrinin müsbət tendensiyalarından, mövcud potensialından, inkişaf perspektivlərindən bəhs ediblər. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Azvision.az



Teqlər: Özbəkistan   Azərbaycan  





Xəbər lenti