Daha 40 şəhid ailəsi və Qarabağ əlilinə ev verilib

Daha 40 şəhid ailəsi və Qarabağ əlilinə ev verilib
  21 Aprel 2021    Oxunub:1472
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayonunun Ramana qəsəbəsində daha 40 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim olunub. Mənzillərin sənədlərini nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və nazirlik yanında İctimai şuranın sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev təqdim ediblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a verilən məlumata görə, V.Behbudov çıxışında şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə sosial dəstək göstərilməsi sahəsində aparılan genişmiqyaslı işləri diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin bu il yanvarın 25-də imzaladığı Sərəncamla 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi ev veriləcəyini vurğulayıb.

Tədbirdə qeyd olunub ki, bu il 3 minədək mənzil və fərdi ev bu kateqoriyadan olanlara təqdim ediləcək. İndi təqdim olunan mənzillər də daxil olmaqla 2021-ci ilin planı üzrə 300 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verilib. 2021-ci ildə regionlarda 450 fərdi ev də tikilərək qeyd olunan kateqoriyadan olan şəxslərə təqdim ediləcək.

U.Mirzəyev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təmin edilməsinin dövlət başçısının bu kateqoriyadan olan şəxslərə xüsusi qayğısının daha bir təzahürü kimi qeyd edib. Sonra mənzillərlə təmin olunan şəxslər çıxış edərək, hər zaman hiss etdikləri dövlət qayğısına, habelə bu gün yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.

Ümumilikdə indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 9500 mənzil və fərdi ev verilib.

Azvision.az



Teqlər: Ev   Əlil  





Xəbər lenti