“AŞPA azərbaycanlılara qarşı törədilmiş faciələrə göz yumdu” - Kamal Cəfərov

  21 Aprel 2021    Oxunub : 1640
   “AŞPA azərbaycanlılara qarşı törədilmiş faciələrə göz yumdu” -    Kamal Cəfərov
Burada Assambleya üzvlərinin şəklini göstərmək istəyirəm. Deputat Zohrabyan, bu, sizsiniz? Mingəçevir su anbarını vurduğunuzu yazırdınız? Əgər belədirsə, bu, terrorizmdir. Stefan Şennakdan soruşuram ki, buna aydınlıq gətirmək lazımdır. Əgər bu, doğrudursa, onda biz AŞPA-da terrorizmi dəstəkləyirik?
Bunu AŞPA-da keçirilən sərbəst debatlar zamanı erməni və ermənipərəst deputatlara müraciət edən Azərbaycan nümayəndə heyətinin üzvü Kamal Cəfərov deyib.

Deputat bildirib ki, Assambleyanın debatlar üçün mövzuları birtərəfli qaydada seçməsi məyusluq doğurur. Biz hər zaman və istənilən formatda mövqeyimizi qorumağa hazırıq. AŞPA Birinci Qarabağ müharibəsindən sonra 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün pozulmuş hüquqlarına, Xocalı soyqırımı zamanı azərbaycanlılara qarşı törədilmiş faciələrə göz yumdu. İndi daha aktual bir mövzu – azad olmuş ərazilərin minalardan təmizlənməsi barədə danışılmalı olmasına baxmayaraq, ərazilərimizdə saxlanılan cinayətkarlardan bəhs edir.

Ermənistan tərəfindən ərazilərin minalanması səbəbindən üçtərəfli Bəyanat imzalanandan sonra 20 mülki azərbaycanlı həyatını itirib. Bu, müharibə cinayətidir. Ermənistan minalanmış ərazilərin xəritələrini təhvil verməkdən imtina edir.

Vurğulanıb ki, Ermənistan nümayəndə heyətinin bu mövzunu sərbəst debata salmaq səyləri siyasi motiv daşıyır. Tezliklə Ermənistanda seçkilər olacaq. Erməni deputatlar əhaliyə hələ də faydalı olduqlarını göstərmək və ailələrin ağrılarından istifadə edərək xal qazanmağa çalışırlar. Onlar şəxsi maraqları üçün bu platformadan sui-istifadə etməkdən çəkinməlidirlər.

Bəzi səyləriniz qəsdən ola da bilər, olmaya da bilər, ancaq belə davranışlar Azərbaycan ilə Ermənistan arasındakı dövlətlərarası münasibətlərə zərbə vurur, kömək etmir.

“Erməni nümayəndə heyətinin çıxışlarını dinlədikdən sonra görürük ki, onlar sülhə deyil, revanşizmə hazırlaşırlar. Onlara ölkələrinə qayıdaraq, insanları sülhə hazırlamağı tövsiyə edirəm, - deyə deputat vurğulayıb. (AzərTAc)

Azvision.az

Teqlər: Kamal-Cəfərov   AŞPA